EN

QHT sədrləri Xankəndi Forumunu yüksək qiymətləndirdi

2025-ci il oktyabrın 20-də Xankəndi Konqres Mərkəzində “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu keçirilib.

Forum ölkənin müxtəlif bölgələrindən gələn QHT rəhbərlərini bir araya gətirərək vətəndaş cəmiyyətinin aktual mövzularını müzakirə etmək üçün mühüm platforma rolunu oynayıb. Tədbirdə iştirak edən ictimai birliklərin rəhbərləri öz təəssüratlarını QHT.az-la bölüşüblər.

 

Demokratik Azərbaycan Naminə Gənclərin İctimai Birliyinin (DANİB) sədri Elməddin Behbud QHT.az-a açıqlamasında Xankəndidə keçirilən “Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu”nu vətəndaş cəmiyyəti üçün mühüm ictimai hadisə kimi dəyərləndirib:

"Forum QHT rəhbərlərini bir araya gətirərək sektorun hədəfləri, nailiyyətləri və çatışmazlıqları üzrə müzakirələrə şərait yaradıb. Tədbirdə rəqəmsal transformasiya, türk xalqları arasında əlaqələr və digər ictimai mövzular müzakirə olunub, yeni ideyalar paylaşılıb. Forum QHT-lərin dövlət qurumları ilə əməkdaşlığını gücləndirəcək və ictimai problemlərin həllinə töhfə verəcək."

 

“Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rizazadə QHT.az-a açıqlamasında bildirib ki, tədbirin məhz Xankəndidə təşkili QHT nümayəndələri üçün böyük qürur hissi doğurub:

"Forum yüksək səviyyədə təşkil olunub, maraqlı panel müzakirələri və “Şəhidə məktub” və “Zəngəzur” adlı videoroliklər təqdim edilib. Tədbir QHT-lərin yerli və beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirir, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında onların rolunu artırır. Forumdan sonra QHT-lər əməkdaşlıqlarını genişləndirəcək və məqsədyönlü layihələr həyata keçirəcək, QHT-lərin inkişafı isə dövlətin diqqət və qayğısının nəticəsidir."

 

Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) sədri Nadir İsmayilov QHT.az-a açıqlamasında bildirib ki, vətəndaş cəmiyyəti institutları dövlətlə vətəndaşlar arasında körpü rolunu oynayır və Azərbaycanın bu sahədə uğuru diqqətəlayiqdir:

"Şuşa və Xankəndidə keçirilən QHT-lərin İnkişaf və Mübadilə Proqramı və Əməkdaşlıq Forumu dövlətin QHT-lərə göstərdiyi ardıcıl diqqətin, Agentliyin peşəkar dəstəyinin və QHT-lərin fəallığının göstəricisidir. Tədbirlər QHT-lərin regionlar arasında şəbəkələşməsini, təcrübə mübadiləsini və yeni əməkdaşlıq körpülərinin formalaşmasını təmin edib. İsmayilov vurğulayıb ki, Azərbaycan QHT-ləri dövlətçilik ideallarına sadiqdir və milli maraqların müdafiəsində fəaliyyətlərini davam etdirəcək".

 

“Yeni Texnologiyaların İnkişafına Dəstək” İctimai Birliyinin sədri Ceyhun Xəlilov QHT.az-a açıqlamasında bildirib ki, forumun əsas məqsədi vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın gücləndirilməsi, innovativ yanaşmaların və rəqəmsal həllərin təşviqidir:

“Rəqəmsal QHT konsepsiyası: süni intellekt və rəqəmsal həllər” paneli zamanı süni intellektin QHT-lərə məlumatların real vaxtda analizini, ehtiyacların proqnozlaşdırılmasını və məqsədyönlü fəaliyyətin təşkilini təmin etdiyi vurğulanıb. Bu yanaşma QHT-ləri strateji tərəfdaş səviyyəsinə yüksəldir və dövlət–vətəndaş–özəl sektor arasında etimad körpüsünü möhkəmləndirir. Forumlar vətəndaş cəmiyyəti institutlarının inkişafına əvəzsiz töhfə verir və QHT-lərin fəaliyyəti yeni ekosistem modelinin formalaşmasına xidmət edir. Agentliyə təşəkkürümü bildirirəm".

Chosen
75
qht.az

1Sources