EN

Azərbaycanda ölüm sayı sürətlə artır

Son zamanlar artan ürək xəstəlikləri, ölüm xəbərləri fonunda maraqlı iddia ortaya atılıb. Bildirilir ki, əsas səbəb təkcə stress və genetika deyil, həm də qida bazarında geniş yayılan, qadağan olunmuş yağlar, eləcə də saxta ərzaqlardır. Hazırda marketlərdə keyfiyyətsiz və sağlamlığa zərərli məhsulların açıq şəkildə satıldığı deyilir. Vəziyyətin bu həddə çatmasına baxmayaraq, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) fəaliyyəti ilə bağlı ictimai narazılıq artır. Cəmiyyətin bir hissəsi hesab edir ki, qurumun nəzarət mexanizmi zəifdir və nəticədə insanlar səssiz şəkildə zəhərlənirlər.

Publika.az xəbər verir ki, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Globalinfo.az-a açıqlamasında Azərbaycanda geniş yayılmış ürək-damar xəstəliklərinə təsir göstərən amillərdən birinin qidalanma olduğunu bildirib.

“Ölkədə istehlakçı hüquqları zəif qorunur. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanun 1995-ci ildə qəbul edilib və indiyədək müasir bazar reallıqlarına uyğunlaşdırılmayıb. Halbuki bazar genişlənib, istehsal və ticarət şərtləri köklü şəkildə dəyişib. Bu ilin mart ayında Ombudsmanın Milli Məclisə təqdim etdiyi 102 səhifəlik illik hesabatda istehlakçı hüquqları barədə bircə qeyd belə yer almayıb. Yaxın günlərdə 15 nəfərin qidadan zəhərlənərək ölməsi bu sahədə nəzarətin zəifliyini bir daha ortaya qoydu. Azərbaycanda mükəmməl istehlakçı siyasəti formalaşdırılmalıdır”, - əlavə edib.

Ekspert bildirib ki, hökumət biznes qurumları üçün əlverişli şərait yaratsa da, bəzi sahibkarlar bundan sui-istifadə edərək keyfiyyətsiz məhsulları bazara çıxarırlar:

“Bu vəziyyəti dəyişmək üçün AQTA-nın əsasnaməsində dəyişiklik edilməli, nəzarət yalnız təhlükəsizliyə deyil, həm də keyfiyyətə yönəlməlidir. Əmtəə bazarının sağlamlaşdırılması həm dövlət orqanlarının, həm də istehlakçıların məsuliyyətini tələb edir. İstehlakçılar da bu baxımdan diqqətli olmalı, məhsulun etiketini diqqətlə oxumalı, yararlılıq müddəti keçən mallardan uzaq durmalı və tərkibindəki konservantlara xüsusi fikir verməlidirlər”.

Chosen
138
5
publika.az

6Sources