Azərbaycan ərazisində heyvan bazarlarında zəruri infrastruktur təmin edildikdən sonra fəaliyyətləri bərpa olunacaq.
"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Son dövrlərdə əldə edilən məlumatlar göstərir ki, Cənubi Qafqaz regionuna daxil olan bir sıra ölkələrdə xüsusi təhlükəli heyvan xəstəliklərinin yayılma riski mövcuddur". Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri, Respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev bildirib. Onun sözlərinə görə, ölkəmizdə də endemik xarakter daşıyan xüsusi təhlükəli heyvan xəstəlikləri mövcuddur. Buna görə həm ölkəmizi xaricdən keçə biləcək xəstəliklərdən qorumaq, həm də ölkə daxilində mövcud xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə müvafiq məhdudlaşdırıcı tədbirlərin həyata keçirilməsi zərurəti yaranmışdır.
Qalib Əbdüləliyev qeyd edib ki, xüsusi təhlükəli xəstəliklər, əsasən, bir heyvandan digərinə birbaşa təmas (kontakt) yolu ilə keçdiyindən, bu baxımdan ən riskli məkanlardan biri heyvan bazarları hesab olunur. Bu səbəbdən qərara alınıb ki, 25 oktyabr tarixindən etibarən respublika ərazisində bütün heyvan bazarlarının fəaliyyəti müvəqqəti olaraq məhdudlaşdırılsın.
"Məhdudiyyət tədbirləri mərhələli şəkildə tətbiq olunur. Son bir həftə ərzində əhali arasında məlumatlandırma və maarifləndirmə işləri aparılmış, bazarlarda baytarlıq-sanitariya vəziyyəti qiymətləndirilmişdir. Bu addımın əsas məqsədi heyvanlar arasında təmasın qarşısını almaq və xəstəliklərin yayılma riskini minimuma endirməkdir".
Qalib Əbdüləliyev vurğulayıb ki, heyvanların satışı birbaşa heyvandarlıq təsərrüfatlarında həyata keçiriləcək və buna hər hansı məhdudiyyət qoyulmur.
Eyni zamanda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının qərarı ilə "Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları" təsdiq edilmişdir. Göstərilən sənədin tələblərinə uyğun olaraq bazarlarda yenidənqurma işləri aparıldıqdan və zəruri infrastruktur təmin edildikdən sonra onların fəaliyyəti bərpa olunacaq.