EN

TRAMP PUTİNƏ QƏZƏBLƏNDİ VƏ SANKSİYALARA BAŞLADI Hədəfdə “Lukoil” və “Rosneft”dir

ain.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

ABŞ administrasiyası Prezident Donald Trampın dövründə ilk dəfə olaraq Rusiyaya qarşı yeni iqtisadi sanksiyalar tətbiq edib. Bu barədə ABŞ Maliyyə Nazirliyi 22 oktyabrda məlumat yayıb.

Yeni qərara əsasən, sanksiya siyahısına Rusiyanın iki ən iri enerji şirkəti — “Rosneft” və “Lukoil”, eləcə də bu şirkətlərin təxminən 50 törəmə müəssisəsi daxil edilib.

Qərarın səbəbi kimi Rusiyanın Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə səmimi yanaşmaması göstərilib. ABŞ maliyyə naziri Skott Bessent bəyanatında bildirib ki, Rusiya rəhbərliyi “sülh prosesinə ciddi sadiqlik nümayiş etdirmədiyi üçün” bu qərar qəbul edilib.

“İndi qətllərə son qoymaq və dərhal atəşkəs elan etmək vaxtıdır. Prezident Putinin bu mənasız müharibəni dayandırmaqdan imtina etdiyini nəzərə alaraq, Maliyyə Nazirliyi Kremlin hərbi maşınını maliyyələşdirən iki əsas neft şirkətinə qarşı sanksiyalar tətbiq edir,” – deyə Bessent bildirib.

Məlumata görə, sanksiyaların sərtləşdirilməsi qərarı barədə ictimaiyyətə elan olunmazdan bir neçə saat öncə xəbərdar edilmişdi.

Prezident Donald Tramp da məsələyə münasibət bildirib. O deyib ki, Vaşinqton uzun müddət Rusiyadan sülh istiqamətində real addımlar gözləyib, lakin bu baş vermədiyindən, indi Moskva üzərinə təzyiqi artırmaq vaxtıdır.

“ABŞ artıq Rusiyanın real sülh niyyətini görmək istəyir. Əgər bu baş vermirsə, onda vəziyyəti dəyişmək üçün yeni vasitələr tətbiq etməliyik,” – deyə Tramp vurğulayıb.

Xatırladaq ki, bu ayın əvvəlində Böyük Britaniya da “Rosneft” və “Lukoil” şirkətlərinə qarşı oxşar məhdudiyyətlər tətbiq etmişdi.

Eyni zamanda, Avropa İttifaqı da 22 oktyabr tarixində Rusiyaya qarşı 19-cu sanksiyalar paketini təsdiqləyib. Yeni tədbirlər arasında Rusiya neftinə tətbiq olunan qiymət tavanının 60 dollardan 47,6 dollara endirilməsi, “Mir” ödəniş sisteminə qarşı məhdudiyyətlər, “Rosneft” və “Qazprom Neft”lə əməliyyatların qadağan olunması və digər iqtisadi tədbirlər yer alıb.

Rusiya tərəfi isə Qərbin tətbiq etdiyi sanksiyaları “qanunsuz və birtərəfli” adlandıraraq, onların ölkə iqtisadiyyatına “uzunmüddətli təsir göstərə bilməyəcəyini” bəyan edib.

"AzPolitika.info"

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
13
azpolitika.info

1Sources