EN

Yüksək və aşağı pensiyaların indeksləşmə faizinin bərabər olması ədalətli deyil...


Pensiya indeksasiyasında differensial yanaşma sosial ədalətə doğru addımdır

İqtisadçı deputat Vüqar Bayramovun “Bakı-Xəbər”ə müsahibəsində səsləndirdiyi təklif pensiya sistemində sosial bərabərliyin gücləndirilməsi ilə bağlı yeni müzakirələr açıb.

Deputat bildirib ki, indeksasiya zamanı yalnız kəmiyyət deyil, həm də keyfiyyət göstəricilərindən istifadə edilməlidir. Onun fikrincə, bütün pensiyaların eyni faizlə artırılması yüksək və aşağı pensiyalar arasındakı fərqi daha da dərinləşdirir. Pensiyalar bərabər indeksasiya olunanda yüksək məvaciblər daha çox artır, aşağı məbləğlər isə daha az artır. Bu səbəbdən, gələcəkdə differensial indeksasiya modelinin tətbiqi məqsədəuyğun olardı.

Azərbaycan hazırda sığorta-yığım sisteminə keçid mərhələsindədir. Bu o deməkdir ki, mövcud pensiyaçılar arasında elələri var, onların əmək stajı sığorta-yığım mərhələsindən (1 iyul 2006-ci il) əvvəlki dövrləri əhatə edir. Bu səbəbdən onların pensiya məbləği tam sığorta prinsiplərinə əsaslanmır və nəticədə pensiya fərqləri yaranır.

Yeni sistemdə isə pensiya məbləği əsasən toplanan sığorta haqlarına görə hesablanır. Bu, uzunmüddətli dövrdə daha ədalətli mexanizm yaratsa da, keçid dövründə sosial narazılıqlar mümkündür.

Hazırda tətbiq olunan vahid indeksasiya faizi bütün pensiyalara bərabər şəkildə şamil olunur. Bu zaman rəqəmsal bərabərlik sosial ədaləti təmin etmir.

Məsələn, 10 000 manat pensiya alan vətəndaşın 10%-lik artımı 1 000 manat təşkil edirsə, 320 manat pensiya alan şəxs üçün bu cəmi 32 manat olur.

Nəticədə, yüksək pensiya alanın gəliri real ifadədə daha çox artır, aşağı pensiyalıların isə həyat səviyyəsində ciddi dəyişiklik baş vermir. Deməli, nəsə sistemdə düz işləmir, nəsə nəzərə alınmayıb ki, bu cür ədalətsizlik örtaya çıxıb.

Deputatın təklif etdiyi differensial indeksasiya prinsipi ondan ibarətdir ki, aşağı pensiyalar üçün daha yüksək indeksasiya faizi, yüksək pensiyalar üçün isə daha aşağı faiz tətbiq olunsun. Bu model nəticədə median (bu, ölkədə pensiya alan insanların yarısının ondan az, digər yarısının isə ondan çox pensiya aldığı məbləğdir) pensiya məbləğini yüksəldə, yəni ümumi orta səviyyəni artırmaqla sosial fərqləri mərhələli şəkildə azalda bilər.

Bu təklif bir sıra sosial-iqtisadi üstünlüklərə malikdir. Bu təklif aşağı gəlir qruplarının rifahını qoruyur. Çünki inflyasiya şəraitində ən çox zərbə alan təbəqə aşağı pensiya alan vətəndaşlardır.

Təklif pensiya bərabərsizliyini azaldır. Daha ədalətli bölgü mexanizmi yaradır.

Eyni zamanda o, ictimai etimadı gücləndirir. Dövlətin sosial siyasətində “həssas təbəqəyə öncüllük” prinsipi formalaşır.

Deputatın təşəbbüsü median pensiyanın artımını təmin edir, bu da beynəlxalq göstəricilərdə sosial bərabərliyin əsas ölçüsüdür.

Təklifin həyata vəsiqə almasında texniki və inzibati mürəkkəblik hiss edilir. Çünki fərqli faizlərin hesablanması üçün pensiya bazasında geniş strukturlaşdırma aparılmalıdır.

Digər tərəfdən bu, psixoloji narazılıq risqi yarada bilər. Çünki yüksək pensiya alan şəxslər bu dəyişiklikləri “cəza” kimi qiymətləndirə bilər.

Bununla yanası, sığorta prinsipinə balans zəruri məqamdır. Sığorta sistemi fərdi yığıma əsaslanır, buna görə də dövlət müdaxiləsi çox dərin olarsa, sistemin sığorta motivasiyası zəifləyə bilər.

Differensial indeksasiya sosial ədalətə doğru praktiki və mərhələli addım kimi qiymətləndirilir.

Amma bu modelin səmərəli işləməsi üçün əməkhaqlarının leqallaşdırılması, sığorta ödənişlərinin tam toplanması, gəlir bərabərsizliyinin azaldılması kimi paralel tədbirlər də həyata keçirilməlidir.

Beləliklə, bu təklif təkcə pensiya məbləğlərinin artım üsuluna deyil, ümumilikdə sosial siyasətin ədalət fəlsəfəsinə yönəlmiş bir dəyişiklik kimi dəyərləndirilə bilər.

Akif NƏSİRLİ

Chosen
100
baki-xeber.com

1Sources