Kulis.az Rasim Qaracanın yeni şeirlərini təqdim edir.
 
 
 qız elə beləcə də dedi:
 “bir qram da üşümürəm” –
 nə qədər güclü olur insan
 üşüməsi qramla ölçülən
 bir canlıyla yanaşı addımlarkən
 
 ***
 
 qumlardan öyrənəcəyim çоx şеy var
 məsələn
 ayaq izlərini saxlamaq
 
 ***
 
 nə qədər böyüklük var bu ağacda
 biri gəlib baltalasa,
 səsini çıxarmayacaq...
 
 ***
 
 bir-birinə bənzəyir ölümdən sonrakı illər
 
 ***
 
 iki kölgə pıçıldaşır:
 “deyirlər ki, günəş…”
 
 ***
 
 dəmir yoluyla addımlayırıq,
 qatarın fitini eşidib sən sağa, mənsə sola ayrılırıq
 mazut daşıyan bir yük qatarı deyildi sanki
 zaman özü idi aramızdan axan
 qatar keçib getdi və
 baxdım ki, sən artıq yoxsan... 
 
 ***
 
 yola düşüb gedirsən
 corabsız ayaqqabı geymənin verdiyi azadlıq
 havası var başında
 üçtəkər arabasıyla qarşına çıxan balaca
 oğlanın üzündəki xoşbəxt təbəssüm də
 güc verir sənə...
 eh, məgər bir yol tapmazmı insan
 geriyə dönməyəcəyini bildiyi zaman... 
 
 ***
 
 – nədir axı mənası yaşamanın,
 ölümdən sonra da varmıdır həyat?
 – soruşdu əzilmiş tənəkə Limonad Bankası.
 cavab gəlmədi,
 öz aləmindəydi boş Pivə Butulkası
 seyr edirdi küləyin sovurduğu
 rəngli Dondurma Kağızlarını...
 
 ***
 
 bilirəm, səndən ayrılacam
 bilirəm, əbədidir bu ayrılıq
 bilirəm, geriyə dönüşü yoxdur onun
 inanıram, səndən ayrılmayacam
 inanıram, əbədi deyil bu ayrılıq
 inanıram, görüşəcəyik bir gün
 
 ***
 
 dünən axşam burada
 tısbağalar sevişən bu sahildə
 həyat necə maraqlıydı –
 nə qədər güldük onların ıh-ıh səslərinə
 şəkillərini çəkdik,
 paylaşdıq...
 indi harasa yox olublar,
 deyəsən özləriylə aparıblar
 bizim də sevincimizi
 və sevgimizi
 
 ***
 
 əl-ələ tutub taxta körpüdən keçdik,
 sonra ot basmış dar cığırla addımlayıb
 gölün sahilinə endik
 birlikdə dayanıb batan günəşə,
 göldə yatan camışlara baxdıq
 tənha qurbağanın səsini dinlədik –
 o an ağlıma gəldi
 bəlkə də insan təkbaşına dərk edə bilməz həyatı
 əl-ələ tutduğun birisi olmadan...
 
 Əşyalar silsiləsi
 
 Sis
 
 sabahın ala-toranında
 sis bürüyüb hər tərəfi
 oraya
 sisin görünməz etdiyi uzaqlara
 yol alıb insanlar
 onlar zamanın da içində
 elə bu sayaq
 əriyib yox olacaqlar
 
 Hörümçək
I
 
 səssiz-səmirsiz enir əllərimə
 oğrular elə bu sayaq
 kəndirlə sallaşıb evlərə girər
 gecə lampasının işığında yol alır çiyinlərimə doğru
 burada
 qulaqlarımın içində
 zəncirlərə vurulub sevgilisi
 qırx qapı arxasında
 
 II
 
 hördüyü tor
 vurduğu ilmələr
 bu, incə-mincə sənət
 əsla boğaz dərdi deyil
 hörümçəyə nə var
 yüz il də yeməsə, eyninə gəlməz
 təkcə bir azarı var
 qarnının tək bir ağrısı
 bu 40 günlük ömürdə
 bir sevgili tutmaq
 
 Daş 
 
 daşların yanından
 səssizcə ötüb keçdim
 onların min illik ibadətini pozmadan
 
 Zürafə
 
 bizim yaşadığımız bu qarışıq dünyada
 uzaq Afrikada
 qızmar savannalarda
 öz sakit həyatını sürdürər zürafələr
 sən demə, yer üzündə
 beləcə arın-arxayın yaşamaq olar
 
 Heyva
 
 piştaxtanın üstündə
 əsgərlik həyatına döyükən
 başı qırxıq kənd uşaqları kimi
 sıraya düzülüb heyvalar
 sanki dil açıb deyəcəklər
 hanı bizim
 budaqdan-budağa atıldığımız günlər
 
 Ütü
 
 qız bədəninə bənzər
 necə də incə-mincə düzəldilib bu ütü
 evdəki dava-dalaşı unudub artıq
 indi ayağa qalxacaq
 sakitcə
 heç bir şey olmayıbmış kimi
 pəncərədən düşən
 günəş zolaqlarını ütüləyəcək
 
 Meşə
 
 meşədən keçir yolumuz
 bir an avtobusu saxladıb aşağı enir yolçular
 kimi siqaret çəkir
 kimi ağacların arxasına keçib çişini yapır
 özü də belə yerdə murdarlamaq üçün ən
 qocaman ağacı seçirlər
 bir azdan yola düşüb uzaqlaşırıq
 ağaclar arxamızca baxıb
 başlarını bulayır
 
 Mina
 
 gecə yarısı
 minaya düşmüş insanın bağırtısına diksinib
 torpağın üstünə çıxır böcüklər
 insanların əməlinə çaşqın-çaşqın
 sağa-sola döyükürlər
 
 Bıçaq
 
 səsimi içimə qısıb
 əlimi kəsmiş bıçağa mat-mat baxıram
 insan olsaydı, sözünü geri götürdər
 başına da bir qapaz ilişdirərdim
 ancaq o
 heç bir yanlışı bağışlamayan bumbuz parıltısıyla
 büdrəsən, yenə kəsəcəm deyir sanki
 üzündə soyuq gülümsəmə
 
 Camış
 
 balıq ovu təkcə balıq ovu deyil ki
 bunlar bəhanədir
 əsas məsələ
 benzin qoxusu
 motosiklet tırıltısı
 küləkli hava
 bir də
 kəndin girəcəyində yolu kəsmiş camışlardır
 
 Külqabı
 
 bu səfər
 içinə kül tökmədim
 tum qabığı atmadım
 bu səfər
 qırılmış muncuq dənələrini toplayıb
 qoydum külqabına
 qaranlıqda işıl-işıl muncuqlar
 
 
 
                        