Son illərdə Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əlaqələrin dinamik inkişafı regionda yeni siyasi, iqtisadi və mədəni inteqrasiyanın formalaşmasına səbəb olub. Bu münasibətlərin mərkəzində qarşılıqlı etimad, ortaq tarixi və mədəni köklər, eyni zamanda strateji maraqlar dayanır. Xüsusilə Qazaxıstanla əməkdaşlıq bu əlaqələr sistemində mühüm yer tutur və türk dünyasının birliyi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Mərkəzi Asiya ölkələri ilə əlaqələrin gücləndirilməsi həm türk dünyasında birliyin möhkəmlənməsinə, həm də regional təhlükəsizliyin, iqtisadi inteqrasiyanın və enerji əməkdaşlığının dərinləşməsinə xidmət edir. Son illərdə prezident İlham Əliyevin Mərkəzi Asiya dövlətlərinə, eləcə də bu ölkələrin dövlət başçılarının Azərbaycana səfərləri intensiv xarakter alıb. Bunu Qazaxıstan nümunəsində görmək olar. Sözügedən xüsusda prezident İlham Əliyev Qazaxıstanın “Kazinform” agentlyinə müsahibəsində qeyd edir: “Sözsüz ki, ikitərəfli əməkdaşlığın möhkəmlənməsinə töhfə verən mühüm amil ən yüksək səviyyədə aparılan və dövlətlərarası əlaqələrin bütün səviyyələrdə hərtərəfli dərinləşməsinə təkan verən fəal və konstruktiv dialoqdur. Bu, son üç ildə mənim qardaş ölkəyə yeddinci səfərimdir. Qazaxıstana hər səfərimdə dinamik inkişafı, yeni uğurları müşahidə etmək mənim üçün xoşdur. Bu nailiyyətlər prezident Kasım-Jomart Tokayevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və düşünülmüş dövlət siyasətindən xəbər verir. Ölkənin modernləşdirilməsinə və iqtisadiyyatın şaxələndirilməsinə yönəlmiş islahatların uğurla həyata keçirilməsi xüsusi təsir bağışlayır. Bu uğurlar münasibətilə bütün qardaş Qazaxıstan xalqını təbrik etmək istərdim. Həmin müddət ərzində prezident Kasım-Jomart Kemeleviç Tokayev Azərbaycana altı dəfə səfər edib. Bütün bunlar ölkələrimiz arasında hərtərəfli tərəfdaşlıq və qarşılıqlı strateji fəaliyyətin inkişafına müştərək səylərimizi nümayiş etdirir. Bundan əlavə, müntəzəm təmaslar bizə gündəlikdə duran aktual məsələləri operativ şəkildə həll etməyə və əməkdaşlığın əsas istiqamətləri üzrə razılaşdırılmış mövqeləri müəyyənləşdirməyə imkan verir”. Qeyd edək ki, Azərbaycan və Qazaxıstanı birləşdirən bağlar dərin tarixi və mədəni köklərə dayanır. Hər iki xalq türk dünyasının ayrılmaz hissəsidir və ortaq dil, din, ənənə kimi mənəvi dəyərləri paylaşır. Lakin müasir dövrdə bu əlaqələrin siyasi və iqtisadi əməkdaşlıqla möhkəmlənməsi dövlət başçılarının ardıcıl səfərləri nəticəsində mümkün olub. İlk illərdə əsas məqsəd diplomatik münasibətlərin bərpası və siyasi dialoqun qurulması idisə, son illərdə qarşılıqlı səfərlər konkret layihələr və praktiki nəticələr üzərində cəmlənib. Bu, əlaqələrin deklarativ səviyyədən çıxaraq real strateji tərəfdaşlığa çevrildiyini göstərir. Faktdır ki, prezident İlham Əliyevin Qazaxıstana, həmkarı Kasım-Jomart Tokayevin isə Azərbaycana etdiyi səfərlər zamanı imzalanan sənədlər iki ölkənin siyasi münasibətlərinə sistemli xarakter verib. Xüsusilə 2022-ci ildə imzalanmış “Müttəfiqlik münasibətləri haqqında Bəyannamə” Azərbaycan-Qazaxıstan əlaqələrinin yeni mərhələsinin başlanğıcı sayılır. Bu sənəd iki dövlət arasında qarşılıqlı dəstək, regional təhlükəsizlik, beynəlxalq təşkilatlarda birgə fəaliyyət və iqtisadi əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Bu bəyannamədən sonra aparılan görüşlərdə iki ölkə prezidentləri həm regiondakı geosiyasi proseslər, həm də Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın dərinləşməsi məsələlərini müzakirə ediblər. Hər iki liderin mövqeyi aydın və ortaqdır: Türk dünyası inteqrasiyası, Orta Dəhliz layihəsinin inkişafı və enerji təhlükəsizliyi sahəsində birgə addımlar regional sabitliyə töhfə verir.
O da faktdır ki, prezidentlərin qarşılıqlı səfərləri təkcə diplomatik jest deyil, həm də iqtisadi nəticələr doğurur. Son illərdə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi əhəmiyyətli dərəcədə artıb. Azərbaycanla Qazaxıstan arasında energetika, nəqliyyat, kənd təsərrüfatı və logistika sahələrində onlarla müqavilə imzalanıb. Xüsusilə Orta Dəhliz adlanan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu bu əməkdaşlığın əsas sütununa çevrilib. Hər iki prezident bu layihəni strateji prioritet kimi qiymətləndirir. Bakı və Astana limanları arasında yükdaşımaların sürətlə artması, Xəzər dənizində birgə logistika şirkətlərinin yaradılması, dəmir yolu əlaqələrinin təkmilləşdirilməsi qarşılıqlı səfərlərin real nəticələrindəndir. Xatırlada qki, Orta Dəhliz Asiya ilə Avropa arasında yükdaşımaların həcmini artırır, bölgənin tranzit potensialını möhkəmləndirir və Qazaxıstanla Azərbaycanın iqtisadi inteqrasiyasını dərinləşdirir. 2023–2025-ci illərdə bu istiqamətdə aparılan birgə investisiya layihələri əlaqələrin real iqtisadi dayağını formalaşdırıb. Azərbaycanın Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə Qazaxıstanın “Aktau” və “Kurık” limanları arasında qarşılıqlı fəaliyyət Asiya–Avropa ticarətini daha çevik və sərfəli edib. Bu, iki ölkə arasında nəinki iqtisadi əlaqələri, həm də enerji və logistika sahəsində strateji tərəfdaşlığı gücləndirib. Bundan əlavə, enerji sahəsində də əməkdaşlıq güclənir. Qazaxıstan neftinin Bakı-Tiflis-Ceyhan kəməri vasitəsilə nəql olunması istiqamətində razılaşmalar imzalanıb. Bu, həm Azərbaycanın tranzit potensialını artırır, həm də Qazaxıstana Avropa bazarlarına sabit çıxış imkanı yaradır. Azərbaycan və Qazaxıstan liderlərinin dialoqu Cənubi Qafqaz və Mərkəzi Asiya regionları arasında körpü rolunu oynayır. Bu, həm iqtisadi marşrutların şaxələndirilməsi, həm də enerji təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycanın təşəbbüskarı olduğu Zəngəzur dəhlizi layihəsi Qazaxıstan üçün də yeni ixrac yolları açır. Qazaxıstan tərəfi bu layihəni açıq şəkildə dəstəkləyib və qeyd edib ki, onun reallaşması türk dünyasının iqtisadi birliyini möhkəmləndirəcək. Beləliklə, Azərbaycan və Qazaxıstan prezidentlərinin qarşılıqlı səfərləri iki ölkə arasında münasibətlərin bütün istiqamətlərdə — siyasi, iqtisadi, humanitar və mədəni sahələrdə — inkişafına güclü təkan verib. Bu səfərlər yalnız diplomatik təmaslar deyil, həm də konkret nəticələrə gətirib çıxaran praktiki əməkdaşlıq platforması rolunu oynayır.
Nahid SALAYEV