EN

Rusiya Gürcüstandakı yeni neft emalı zavoduna ilk neft yükünü göndərib

BAKI, 21 oktyabr. TELEQRAF

Rusiyanın “Rosneft” şirkəti Gürcüstanda yeni Kulevi neft emalı zavoduna ilk neft partiyasını göndərib.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Nəşrin məlumatına görə, bunu LSEG gəmi izləmə sisteminin məlumatları, eləcə də sənaye mənbələrindən alınan informasiyalar sübut edir.

Çatdırılma Rusiya və Gürcüstanın 2008-ci ildən bəri rəsmi diplomatik münasibətlərin olmamasına baxmayaraq, həyata keçirilib. Eyni zamanda, hakim “Gürcü Arzusu” partiyasının siyasəti fonunda Tbilisi son illər Moskva ilə iqtisadi əlaqələri gücləndirir, Qərb dövlətləri ilə münasibətləri pisləşir.

LSEG və treyderlərin məlumatına görə, Kayseri tankeri oktyabrın 6-da Rusiyanın Novorossiysk limanından Kulevi terminalına 105 340 ton "Sibir Light" markalı neft çatdırıb. Bildirilir ki, Rusiya Ukraynadakı müharibə ilə əlaqədar tətbiq edilən Qərb sanksiyalarının təsirini aradan qaldıraraq ixrac marşrutlarını genişləndirməyə çalışır.

Gürcüstan öz növbəsində ölkədə ilk neft emalı zavodunu işə salmaqla Rusiya, Türkiyə, Azərbaycan, Rumıniya və Qazaxıstandan yanacaq idxalından asılılığını azaltmağı hədəfləyir. İldə təxminən 1,2 milyon ton və ya gündə təxminən 24 min barel neft emal etmək gücündə olan zavod bu ay fəaliyyətə başlayıb.

Planlara görə, 2028-ci ilə qədər zavod gücünü ildə 4 milyon tona çatdıracaq və həm daxili bazarı, həm də ixrac istiqamətlərini yanacaqla təmin edəcək.

Chosen
99
3
teleqraf.com

4Sources