EN

Prezidentin Astana səfəri: Türk ölkələrindən möhtəşəm birlik

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qazaxıstana rəsmi səfərinin əhəmiyyəti böyükdür”.

Bu sözləri Milli Məclisin deputatı Elman Nəsirov “Cebheinfo.az”-a açıqlamasında deyib.

O bildirib ki, iki dövlət arasındakı siyasi dialoq yüksək səviyyədədir:

“Cənab Prezident son 3 il ərzində 7 dəfə Qazaxıstana səfər edib. Eyni müddətdə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev də 6 dəfə ölkəmizə səfərə gəlib. Azərbaycanla Qazaxıstan arasında siyasi dialoq yüksək səviyyədə olduğu üçün digər sahələrdə də əlaqələr daim inkişaf tempinə malikdir. İqtisadi-ticari əlaqələrimizin səviyyəsi də yüksəkdir.

Məsələn, keçən il iki dövlət arasında 470 milyon dollarlıq ticarət dövriyyəsi olub. Artıq cari ilin yanvar-avqust aylarında 547 milyon dollara çatıb. Əlbəttə ki, bu da yüksək dinamikadan xəbər verir”.

Millət vəkili qeyd edib ki, Bakı ilə Astana arasındakı əlaqələrin inkişafının hüquqi-normativ bazası da kifayət qədər möhkəmdir:

“Artıq iki ölkə arasında 170-ə qədər hüquqi sənəd imzalanıb. Bu da müxtəlif istiqamətlərdə əlaqələrimizin inkişafını şərtləndirir. Həmçinin, 2005-ci ildə Azərbaycanla Qazaxıstan arasında starteji tərəfdaşlıq və müttəfiqlik münasibətləri ilə bağlı da saziş imzalanıb.

Biz artıq müttəfiqlik münasibətlərimizin 20-ci ildönümünü qeyd edirik. Hər iki ölkənin bir-birinə investisiya qoyuluşları da sürətlə artmaqdadır. Azərbaycan keçən il Qazaxıstan iqtisadiyyatına 225 milyon dollarlıq investisiya qoyub. Qazaxıstanın isə Azərbaycan iqtisadiyyatına qoyduğu investisiya 136 milyon dollara gəlib çatıb. Bütün bunlar əlaqələrimizin həm potensialından xəbər verir, həm də gələcək inkişafı üçün ciddi əsaslar yaradır”.

Elman Nəsirov diqqətə çatdırıb ki, keçən il Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şurasının ilk iclası Bakıda keçirilib:

“İkinci iclas isə bu gün Astanada keçirildi. Bu da ikitərəfli əlaqələrin geniş müzakirəsi və atılacaq yeni addımlar baxımından olduqca vacibdir. Nəzərə alaq ki, Qazaxıstan həm də Qarabağın bərpası prosesinə öz töhfəsini verir.

Orada Qazaxıstanın investisiyası əsasında istifadəyə verilmiş incəsənət məktəbində 100-ə qədər şagirdimiz təhsil alır. Bunlar da bir daha iki qardaş münasibətlərin göstəricisi olaraq qiymətləndirilməlidir”.

Deputat vurğulayıb ki, səfər çərçivəsində cənab Prezident İlham Əliyevin həmkarı Tokayevlə həm ikitərəfli, həm də geniş tərkibli görüşləri keçirildi:

“Əlaqələrimizin bütün istiqamətlərində olan məsələlər müzakirə edildi. Xüsusilə də “Orta dəhlizin inkişafı” ilə bağlı birgə layihənin təqdimatı oldu. Artıq 2030-cu ilə qədər “Orta Dəhliz” vasitəsilə yük daşınmaların 3 dəfə artılmasının nəzərdə tutulduğu qeyd olundu.

Yəni Çindən gələn mallar Qazaxıstandan keçməklə Xəzər dənizi vasitəsilə Azərbaycana, Türkiyəyə, oradan isə Avropa bazarına çıxarılır. Bu, həm məsafənin qısalığı baxımından, həm də yükdaşımanın potensialının artırılması baxımından çox mühüm hadisədir.

Chosen
92
cebheinfo.az

1Sources