EN

Çin rəhbərliyi 15-ci beşillik planın istiqamətlərini müəyyənləşdirib

Yeni strategiya elmi-texnoloji innovasiyalara və sənayelərin modernləşməsinə yönələcək...

Poliqon xəbər verir ki, Pekində Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin (ÇKP MK) XX çağırışının dördüncü plenar iclası işə başlayıb. İclasda partiyanın baş katibi Si Tsinpin Siyasi Büronun adından çıxış edərək ölkənin 2026–2030-cu illəri əhatə edəcək 15-ci beşillik inkişaf planının layihəsinə dair təklifləri izah edib.

Dövlət agentliyi “Sinxua”nın şərhlərinə görə, 1953-cü ildən bəri tətbiq edilən beşillik planlar Çin Xalq Respublikasına “uzunmüddətli sosial sabitliyi qorumaqla sürətli iqtisadi inkişaf möcüzəsi yaratmağa” imkan verib və idarəetmənin əsas mexanizmlərindən birinə çevrilib. Hazırda Çin “orta rifah səviyyəli cəmiyyət”in qurulmasını başa çatdırıb və qarşısına iki əsas strateji məqsəd qoyub — 2035-ci ilədək “sosialist modernləşməsini” əsasən həyata keçirmək və əsrin ortalarınadək “tam formalaşmış müasir sosialist dövlətinə” çevrilmək.

Yeni plan çərçivəsində diqqət süni intellekt də daxil olmaqla əsas elmi-texnoloji sahələrdə innovasiyaların təşviqinə, ənənəvi sənaye sahələrinin modernləşdirilməsinə, yeni yaranan sektorların inkişafına və gələcəyin sənayeləri üçün bazanın qurulmasına yönələcək.

2021–2024-cü illərdə Çin iqtisadiyyatı illik orta 5,5% artım tempi saxlayıb. Mövcud 14-cü beşillik dövrdə (2021–2025) ümumi daxili məhsulun artımının 35 trilyon yuanı (təxminən 4,93 trilyon ABŞ dolları) keçəcəyi gözlənilir ki, bu da aparıcı Qərb iqtisadiyyatlarının göstəricilərindən yüksəkdir. Ötən il Çində adambaşına düşən ÜDM 13,4 min dollara çatıb və bu göstərici ölkəni “orta gəlirdən yuxarı” kateqoriyadakı dövlətlər sırasına daxil edib.

Qeyd edək ki, Çin Dövlət Statistika İdarəsinin məlumatına əsasən, 2025-ci ilin üçüncü rübündə ölkə iqtisadiyyatı illik hesabla 4,8% artıb ki, bu da son bir il ərzində qeydə alınan ən aşağı göstəricidir.

Poliqon.info

Chosen
110
poliqon.info

1Sources