TAP-ın tikintisi 5 il əvvəl - Vətən müharibəsi davam etdiyi günlərdə yekunlaşdı
2020-ci ilin oktyabr ayında, Vətən müharibəsinin davam etdiyi, bir-birinin ardınca düşməndən azad olunan şəhər və kəndlərimizin zəfər soraqlarını eşitdiyimiz günlərdə daha bir qələbəmizin müjdəsini aldıq. Bu, Azərbaycanın neft-qaz tarixində qazanılan, qlobal layihələr salnaməsinə yazılan bir qələbə idi. Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) tikintisi sona çatmışdı.
TAP Azərbaycan qazını Xəzərin sahilindən İtaliya torpağınadək nəql edən 3500 kilometrlik "Cənub qaz dəhlizi"nin ayrılmaz hissəsi, sonuncu seqmentidir. Başqa sözlə, bu kəmər Avropaya yeni mənbədən və yeni marşrutla qaz axınını təmin edir. TAP Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır.
Xatırladaq ki, "Cənub qaz dəhlizi" üç kəmərdən - genişləndirilmiş CQBK (Cənubi Qafqaz Boru Kəməri), TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) və TAP-dan ibarətdir. Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində çıxarılan qaz Gürcüstandan keçməklə Türkiyəyə və oradan da Avropaya bu dəhliz vasitəsilə daşınır.
Trans-Adriatik Qaz Boru Kəməri "Şahdəniz-2" qazını Yunanıstanın və Albaniyanın ərazisindən, Adriatik dənizinin altından keçirərək İtaliyanın cənubuna, bu ölkədən də Qərbi Avropaya çatdırır. Belə ki, TAP uzunluğu təxminən 878 kilometr olan boru xəttidir. Onun 550 kilometri Yunanıstanın, 210 kilometri Albaniyanın ərazisindən, 105 kilometri Adriatik dənizinin altından keçir və sonuncu hissəsi İtaliya torpağında quru sahəyə çıxır. Burada kəmər həmin ölkənin istismar etdiyi qaz nəqliyyatı şəbəkəsinə birləşir.
TAP-ın təməli 2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində qoyulmuşdu. Həmin vaxtdan da kəmərin tikinti işlərinə başlanmışdı. Kəmərin çəkilişi inşaatçılardan böyük səriştə və məsuliyyət tələb edirdi. Çünki xəttin keçdiyi yol fərqli coğrafi şəraitdə yerləşir. Marşrut boyu kəmərin ən aşağı hissəsi dəniz səviyyəsindən təxminən 820 metr dərinlikdədir. Ən yüksək hissəsi isə Albaniya dağlarında 1800 metrə çatan zirvələrdən keçir.
TAP-ın bir sıra yerüstü obyektləri, məsələn, ölçmə və kompressor stansiyaları da var. Tikinti işlərinin çətinliyi həm də onunla bağlı idi ki, digər kəmərlərdən fərqli olaraq, TAP-ın bir hissəsi suyun altı ilə uzanır. Xəttin diametri əsasən 48 düymdür, yalnız dənizdən keçən hissəsində 37 düymlük borular düzülüb.
Kəmərin inşaatçıları öhdələrinə düşən vəzifəni müvəffəqiyyətlə yerinə yetirərək tikinti işlərini dörd ilə başa çatdırdılar. Bir neçə ay bundan sonra - 2020-ci ilin son günündə isə kəmər fəaliyyətə başladı. Elə həmin vaxtdan da fasiləsiz və təhlükəsiz olaraq işləyir. TAP-ın səhmdarları BP (20 faiz), SOCAR (20 faiz), "Snam S.p.A." (20 faiz), "Fluxys" (19 faiz), "Enagas" (16 faiz) və "Axpo" (5 faiz) şirkətləridir.
Məlum olduğu kimi, yeni çağırışlar qarşısında Avropanın qaza tələbatı getdikcə artır. Odur ki, Azərbaycandan mavi yanacaq idxal etmək istəyən ölkələrin də sayı çoxalır. Yeri gəlmişkən: bu gün Azərbaycan 14 ölkəyə qaz ixrac edir. Bunlardan 10-u Avropa ölkəsi, o cümlədən 8-i Avropa İttifaqının üzvüdür.
Azərbaycandan qaz almaq üçün yeni müraciətlər də var. İxrac coğrafiyasının genişləndirilməsi üçün isə ən vacib şərtlərdən biri müvafiq infrastrukturun olmasıdır. Yəni indi TAP-ın genişləndirilməsi məsələsi gündəmə gəlib. Bu baxımdan 2022-ci il oktyabrın 1-də Sofiya şəhərində Azərbaycan təbii qazını Bolqarıstana nəql edən Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) açılışı mühüm addım oldu. Belə ki, IGB-nin reallaşması TAP-ın inkişafında mühüm bir mərhələnin başlanğıcı, "Cənub qaz dəhlizi"nin yeni qollarla şaxələnməsinin göstəricisi kimi dəyərləndirilir. 2023-cü il dekabrın 10-da Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun fəaliyyətə başlaması da göstərdi ki, nəzərdə tutulan işlər uğurla reallaşır.
Bir sözlə, 2027-ci ilə qədər Avropa bazarına qaz təchizatımızı iki dəfə artırmaq nəzərdə tutulur. Bu məsələ 2022-ci il iyulun 18-də imzalanmış Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunda da öz əksini tapıb. İndi həmin hədəfə doğru uğurlu addımlar atılır.
Bu il oktyabrın 7-də Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündəki çıxışında Prezident İlham Əliyev demişdir: "Sülh, regional bağlantılar və iqtisadi inkişafla əlaqəli olan digər mühüm istiqamət enerji təhlükəsizliyidir. Ölkəmiz bu məqsədlərin qlobal səviyyədə təmin edilməsində fəal rol oynayır. Azərbaycan bir çox ölkənin enerji təhlükəsizliyinin təmin edilməsində özünü etibarlı və əvəzolunmaz tərəfdaş kimi təsdiqləyib. Şaxələndirilmiş neft və qaz kəmərləri vasitəsilə Xəzər regionunun beynəlxalq bazarlara birləşdirilməsində strateji rol oynayırıq. Hazırda biz 14 ölkəyə təbii qaz ixrac edirik. Coğrafi əhatəsinə görə boru kəmərləri ilə təbii qaz ixrac edən ölkələr sırasında Azərbaycan birinci yerdədir".
Deyilənlərə onu da əlavə edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında ölkədə 38,2 milyard kubmetr təbii qaz hasil olunub. Energetika Nazirliyinin bu məlumatında bildirilir ki, qazın 10,2 milyard kubmetri "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun, 20,9 milyard kubmetri "Şahdəniz"in, 1,2 milyard kubmetri "Abşeron" yatağının, 5,9 milyard kubmetri isə SOCAR-ın payına düşüb.
9 ay ərzində xaricə qaz ixracı 18,3 milyard kubmetr təşkil edib. Bunun 7,3 milyard kubmetri Türkiyəyə (o cümlədən TANAP-la 4,3 milyard kubmetr), 1,6 milyard kubmetrə yaxını Gürcüstana, 9,4 milyard kubmetri Avropaya ixrac olunub.
Flora SADIQLI,
"Azərbaycan"