EN

"Azərenerji" ASC Xudafərin və Qız Qalası Su-Elektrik stansiyalarının layihələndirilərək tikintisi işlərinin satın alınması üzrə

Birinci vitse-prezident Mehriban Əliyevanın Müqəddəs Taxt-Taca rəsmi səfəri çərçivəsində keçirilmiş yüksəksəviyyəli görüşlər və müzakirələr tərəflər arasında etimadın institusional səviyyəyə yüksəldiyini göstərir. Tarixi, milli-mənəvi  dəyərlərimiz olan və dövlət siyasətinin ayrılmaz hissəsi kimi sülh, tolerantlıq və multikulturalizm Azərbaycanda daim təbliğ olunur. Birinci vitse-prezidentin səfəri bu siyasətin beynəlxalq səviyyədə təqdimatı idi - katolik dünyasının mərkəzində, Müqəddəs Taxt-Tacla əməkdaşlıq formatında tolerantlığın praktiki təzahürü nümayiş etdirildi.

Milli Məclisin deputatı Pərvanə Vəliyeva "Azərbaycan" qəzetinə bildirib ki, Birinci vitse-prezidentin multikulturalizm və dini harmoniyanı həm dövlət siyasəti, həm də cəmiyyətin yaşam tərzi kimi vurğulaması ölkədaxili dini konfiqurasiyada balanslı, inklüziv münasibətin praktik ifadəsidir. Mehriban xanım Əliyeva bu səfərin son 14 ildə Vatikana altıncı səfəri olduğunu diqqətə çatdırıb. Səfərin gündəliyi Heydər Əliyev Fondunun illərdir  sistemli şəkildə dəstəklədiyi bərpa layihələrinin məntiqi davamı kimi, Azərbaycanın mədəniyyətlərarası körpü və dinlərarası dialoqun fəal tərəfdarı imicini möhkəmləndirdi. "Fondun dəstəyi ilə Kommodilla katakombalarının bərpası, Müqəddəs Pavel və Müqəddəs Pyotr bazilikalarında həyata keçirilən işlər, eləcə də ali kilsə rəhbərləri ilə  görüşlər dövlətlərarası mədəni və humanitar münasibətlərin inkişafına xidmət edir. Roma Papası XIV Leo da bu əməkdaşlığın məhz Mehriban Əliyevanın təşəbbüsləri nəticəsində yeni inkişaf mərhələsinə qədəm qoyduğunu vurğulayaraq, Azərbaycanın rolunu yüksək qiymətləndirib. O bildirib ki, Azərbaycan ilə Vatikan arasında münasibətlər son illərdə yüksək etimad və qarşılıqlı hörmətə əsaslanır. Bu əlaqələr ilkin mərhələdə mədəni və dini  abidələrin bərpasına yönəlmişdi, lakin bu gün artıq elmi tədqiqatlar, mədəni mübadilələr və təhsil sahəsində birgə layihələrlə genişlənib. Heydər Əliyev Fondunun Vatikanla layihələri - Kommodilla, Sebastian, Marçelino və Pietro katakombalarının bərpası, Müqəddəs Pyotr və Pavel bazilikalarındakı restavrasiya işləri bu hörmətin mədəni diplomatiya dili ilə ifadəsidir", - deyə o əlavə edib. 

Deputat qeyd edib ki, Birinci vitse-prezidentin səfəri çərçivəsində Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisinin açılışı da mühüm siyasi və simvolik  hadisədir. Müqəddəs Taxt-Tac dünyada bir milyarddan çox katolikin mənəvi mərkəzi kimi beynəlxalq ictimai rəyin formalaşmasında əhəmiyyətli təsirə malikdir. Bu baxımdan Azərbaycan səfirliyinin fəaliyyətinin gücləndirilməsi ölkəmizin  həqiqətlərinin, sülh təşəbbüslərinin və multikultural dəyərlərinin dünyaya  çatdırılması baxımından strateji önəm daşıyır.

P.Vəliyeva vurğulayıb ki, Mehriban Əliyevanın bu səfəri Azərbaycanın beynəlxalq aləmdə sülh, mədəniyyət və mənəvi dəyərlərin qorunmasına yönəlmiş siyasətinin ardıcıl və düşünülmüş şəkildə həyata  keçirildiyini nümayiş etdirdi: "Azərbaycan artıq təkcə enerji və nəqliyyat layihələri ilə deyil, həm də mədəni və mənəvi kapitalı ilə qlobal miqyasda fərqlənir. Mədəni irsin qorunması, dini məkanların bərpası, elmi-tədqiqat tərəfdaşlığı bir-birini tamamlayır. Bu sinerji Azərbaycanın mədəni, humanitar, elmi sahədə dayanıqlı nüfuz yaratdığını göstərir".

Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Chosen
25
4
azerbaijan-news.az

8Sources