"Birinci xanım, Birinci vitse-prezident Mehriban Əliyeva ötən günlərdə ailə üzvləri ilə birlikdə Vatikana səfər edib və burada bir sıra mühüm görüşlər keçirilib. Bu görüşlər, Heydər Əliyev Fondunun indiyədək həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə həyata keçirdiyi genişmiqyaslı layihələrin davamı kimi qiymətləndirilməlidir. Eyni zamanda bu səfər və onun çərçivəsində baş tutan görüşlər Azərbaycanın sadiq qaldığı tolerantlıq prinsiplərinin, bütün dillərə və dinlərə açıq olmasının, mənəvi körpüləri möhkəm təməllər üzərində qurmaq əzmində olmasının növbəti sübutudur".
Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva Birinci vitse-prezident Mehriban Əliyevanın Vatikana səfərindən danışarkən bildirdi.
"Hər birimiz gördük ki, Mehriban xanım Vatikan rəhbərliyi tərəfindən böyük ehtiramla qarşılandı. Səfər zamanı Azərbaycanın həyata keçirdiyi və yaxın zamanda həyata keçirəcəyi bir sıra bərpa və yenidənqurma layihələri barədə də məlumat verildi. Bu layihələr Azərbaycanın yalnız öz tarixi və mənəvi dəyərlərinə deyil, həm də digər xalqların mədəni və dini irsinə hörmətlə yanaşmasının bariz nümunəsidir. Unutmaq olmaz ki, Azərbaycan 30 ildən artıq davam edən işğal dövründə təkcə torpaqlarını deyil, həm də mənəvi və tarixi abidələrini itirdi. Bütün dünya bu dağıntıların şahidi oldu. Buna baxmayaraq, Azərbaycan bu gün beynəlxalq arenada tam əks mövqe sərgiləyir o, hər zaman quruculuq, bərpa və mədəni irsin qorunması istiqamətində fəaliyyət göstərir. Vatikanda keçirilən görüşlər və aparılan müzakirələr də bu yanaşmanın parlaq təzahürüdür və Azərbaycanın sülh, tolerantlıq və qarşılıqlı hörmət dəyərlərinə sadiqliyini bir daha nümayiş etdirir", - deyə millət vəkili yekunlaşdırdı.
Xədicə BAXIŞLI