EN

“Solçuların 20 illik hakimiyyətinə son qoyuldu”

Boliviyada oktyabrın 19-da keçirilən prezident seçkilərinin ikinci turunda mərkəzçi Xristian Demokrat Partiyasının nümayəndəsi, senator Rodriqo Pas qalib gəlib.

NOCOMMENT.az bu barədə “AzadlıqRadiosu”na istinadən xəbər verir.

Seçki komissiyasının ilkin nəticələrinə görə, senator təxminən 55 faiz səs toplamaqla rəqibi Xorxe Kiroqunu məğlub edib.

Seçkilərin ikinci turundan əvvəl aydın olub ki, ölkə solçu siyasətçilərin – əvvəlcə Evo Morales, sonra isə Luis Arse dövrünün iyirmi illik hakimiyyətinə son qoyur. Onların hər ikisi solçu MAS (“Sosializmə Doğru Hərəkat”) partiyasını təmsil edirdi və son illərdə bir-biri ilə münaqişə aparırdı. Nəticədə Arse seçkilərdən geri çəkildi və Morales konstitusiya məhdudiyyətlərinə görə seçkilərdə iştirak edə bilmədi.

58 yaşlı Pas seçkidən sonrakı çıxışında Boliviyanın xarici siyasətində dəyişiklik edəcəyinə işarə edib. “Boliviyanı dünyaya açmaq”dan danışan qalib ABŞ ilə münasibətləri bərpa etmək niyyətində olduğunu bəyan edib. Yeni prezidentdən iqtisadi və institusional islahatlar da gözlənilir.

Hələ ikinci turdan əvvəl ABŞ dövlət katibi Marko Rubio bildirib ki, hər iki namizəd ABŞ ilə münasibətləri yaxşılaşdırmaq istəyir. Pas 1,5 milyard dollar məbləğində Amerika investisiyasını cəlb etmək haqqında planlar hazırlayıb.

Boliviyada hakimiyyət dəyişikliyi solçu hökumətə malik Kolumbiya ilə ABŞ arasında münasibətlərin kəskin şəkildə pisləşməsi fonunda baş verib.

ABŞ prezidenti Donald Tramp bazar ertəsi Kolumbiya prezidenti Qustavo Petronu narkotik ticarətinə yardım etməkdə ittiham etdikdən sonra Boqota öz səfirini Vaşinqtondan geri çağırıb. Tramp administrasiyası bundan öncə Kolumbiya prezidentinin vizasını ləğv edib. Buna səbəb Petronun Nyu Yorkdakı Fələstinyönlü mitinqdə ABŞ hərbçilərini Trampın əmrlərinə tabe olmamağa çağırması olub.

Xatirə SADİQ

Chosen
88
nocomment.az

1Sources