EN

Parisdəki Luvr muzeyində 7 dəqiqə çəkən qarət: qiymətli zinəş əşyaları oğurlanıb

Bazar günü, oktyabrın 19-da səhər saatlarında Parisdəki Luvr muzeyi qarət olunub.

Qarətçilər cəmi yeddi dəqiqə ərzində muzeydən Napoleonun vaxtilə sahib olduğu zinət əşyalarını və digər qiymətli daşları oğurlayıblar.

Bu, 1911-ci ildə Leonardo da Vinçinin "Mona Liza" əsərinin oğurlanmasından bəri ən böyük muzey qarətidir.

Prokurorluq "təşkil olunmuş oğurluq və cinayət törətmək məqsədilə cinayətkar sövdələşmə" şübhəsi ilə istintaqa başlayıb.

Fransanın mədəniyyət naziri Rəşidə Dati TF1 telekanalına verdiyi müsahibədə bildirib ki, oğurlanan əşyalardan biri muzeyin yaxınlığında tapılıb – görünür, onu atıblar.

Bəzi Fransız KİV-ləri xəbər verir ki, tapılan əşya XIX əsrə aid, Fransa imperatoru III Napoleonun həyat yoldaşı imperatriça Evgeniyaya məxsus olan bir tacdır. Tac sındırılmış vəziyyətdə tapılıb.

Luvr muzeyinin saytına görə, tac qızıl qartallarla bəzədilib və üzərində 1354 brilyant və 56 zümrüd var.

Dati bildirib ki, oğrular "peşəkar şəkildə, heç bir zorakılıq və panika olmadan" hərəkət ediblər.

Muzey səhər saatlarında "istisna hallara görə" bütün gün bağlı olacağını açıqlayıb.

Oğurlanan əşyaların tam siyahısı hələlik açıqlanmayıb. Zərərçəkənlər barədə məlumat yoxdur.

Oğurluq barədə ilk məlumatı Rəşidə Dati özünün X (keçmiş Twitter) hesabında paylaşıb.

Fransa Daxili İşlər Nazirliyi daha sonra dəqiqləşdirib ki, yerli vaxtla saat 09:30-da bir neçə nəfər Apollo qalereyasına pəncərəni sındıraraq daxil olub.

Fransa daxili işlər naziri Loran Nunes bildirib ki, üç və ya dörd oğru binanın kənarında park edilmiş yük maşınındakı yük liftindən istifadə ediblər.

Daxilə girdikdən sonra vitrinlərdəki zinət əşyalarını oğurlayıblar və motosikletlərlə qaçıblar. Nunesin sözlərinə görə, oğurluq cəmi yeddi dəqiqə çəkib.

Hazırda oğurlanan eksponatların dəqiq siyahısı hazırlanır.

Ticarət dəyərindən əlavə, nazirlik bu əşyaların tarixi və mədəni baxımdan ölçüyəgəlməz dəyərə malik olduğunu vurğulayır.

Fransa Daxili İşlər Nazirliyinin göstərdiyi Apollo qalereyasında Fransa tacından qalan zinət əşyaları sərgilənir.

Fransız inqilabı zamanı monarxiyanın devrilməsindən sonra bu əşyaların çoxu satılıb və ya itirilib.

Muzeydə imperator Napoleon, onun imperator olmuş qardaşı oğlu III Napoleon və onların həyat yoldaşları – imperatriça Mariya-Luiza və Evgeniyaya sonradan alınmış bir neçə zinət əşyası saxlanılır.

Muzeyin saytında qeyd olunur ki, qalereyada sərgilənən ən qiymətli eksponatlar "Regent" almazı, "Sansi" və "Hortensiya" adlı brilyantlardır.

Luvrda dünyanın ən məşhur sənət əsərləri sərgilənir. Onların arasında ən məşhuru Leonardo da Vinçinin "Mona Liza" əsəridir.

BBC-nin Parisdəki müxbiri Endryu Harding bildirir ki, polis Luvra gedən yolları, o cümlədən muzeyin qarşısındakı sahil boyunca uzanan əsas küçəni bağlayıb.

İstintaqın diqqət mərkəzində binanın Sen çayına baxan cənub-şərq küncüdir.

Burada yanğınsöndürən maşınlarda və ya dam örtüyü şirkətlərinin avtomobillərində istifadə olunan böyük teleskopik tipli nərdivan quraşdırılıb. Parisdə bu cür nərdivanlar tez-tez mebellərin yuxarı mərtəbələrə çatdırılması üçün istifadə olunur.

Nərdivanın üst hissəsi balkona toxunur və görünür, oğrular bu balkon vasitəsilə binanın yuxarı mərtəbələrindən birinə daxil olublar.

Parisin həmin rayonunun meri bildirib ki, bu nərdivan təmir işləri üçün quraşdırılıb, yoxsa oğrular tərəfindən gətirilib – bu, hələ məlum deyil.

Luvrdan oğurluqlar nadir hallarda baş verir- muzey yaxşı qorunur.

Lakin bəzən belə hallar olur. Ən məşhur hadisə 1911-ci ildə baş verib: o zaman Leonardo da Vinçinin "Mona Liza" şah əsəri oğurlanmışdı.

O vaxt polis şair Giyom Apollineri və rəssam Pablo Pikassonu dindirib. Lakin günahkar milli qürur hissi ilə əsəri İtaliyaya qaytarmaq istəyən bir italyan olmuşdu.

Rəsim üç il sonra Florensiyada tapılıb və Parisə qaytarılıb. O zaman bu əsər indiki qədər məşhur deyildi.

Bundan əlavə, 1983-cü ildə Luvrdan XVI əsrə aid bəzi zireh elementləri yoxa çıxmışdı. Onlar yalnız 2011-ci ildə tapıldı.

Ən son hadisə isə 1998-ci ildə baş verib: XIX əsr rəssamı Kamille Koroya məxsus "Le Chemin de Sevres" ("Sevr yolu") adlı tablo oğurlanıb.

Tablo, sadəcə, divardan çıxarılıb və heç kim bunu fərq etməyib. Nəticədə muzeyin təhlükəsizlik sistemi ciddi şəkildə gücləndirilib. Lakin əsəri tapmaq mümkün olmayıb.

Fransa daxili işlər naziri Loran Nunes müsahibəsində bildirib ki, "fransız muzeylərinin ümumilikdə zəif qorunduğu yaxşı məlumdur."

Son zamanlarda iki böyük oğurluq xəbərlərə çıxıb. Sentyabr ayında Parisdəki Təbiət Tarixi Muzeyindən 600 min avro dəyərində qızıl oğurlanıb, Limoges şəhərindəki Porselen Muzeyi isə 6,5 milyon avro dəyərində əşyaların oğurlanması ilə üzləşib.

Chosen
29
bbc.com

1Sources