EN

Aviaşirkət ölmüş stüardessadan sənəd tələb etdiyi üçün üzr istədi

Ajans.az xəbər verir ki,hadisə ölkədə və sosial şəbəkələrdə geniş rezonansa səbəb olub. 34 yaşlı Sun soyadlı stüardessa bu ayın əvvəlində uçuş zamanı özünü pis hiss etdikdən sonra xəstəxanaya yerləşdirilib və 8 oktyabr tarixində dünyasını dəyişib. Lakin onun ölümündən bir neçə gün sonra Eva Air tərəfindən telefonuna mesaj göndərilərək, xəstəxanada olduğu müddətdə məzuniyyət üçün müraciət etdiyini sübut edən sənədləri təqdim etməsi istənilib. Şirkətin bu addımı ictimai qəzəblə qarşılanıb. Sosial mediada özünü onun həmkarları kimi təqdim edən istifadəçilər iddia ediblər ki, Sun özünü pis hiss etdiyi halda belə işə çıxmağa məcbur olub. Məsələ ilə bağlı açıqlama verən Eva Air, hadisənin “daxili işçinin səhvi” nəticəsində baş verdiyini etiraf edib və stüardessanın ailəsindən şəxsən üzr istədiklərini bildirib. Şirkətin prezidenti Sun Chia-Ming mətbuat konfransında deyib: “Xanım Sunun itkisi ürəyimizdə dərin iz buraxıb. Biz bu hadisə ilə bağlı araşdırmanı ən məsuliyyətli şəkildə aparacağıq.” Tayvan səlahiyyətliləri və Eva Air hal-hazırda stüardessanın tibbi yardımdan imtina edilib-edilmədiyini və ya xəstəlik məzuniyyəti almaqdan çəkindirilib-çəkindirilmədiyini araşdırır. Tayvanın Mərkəzi Xəbər Agentliyinin (CNA) məlumatına görə, son altı ay ərzində Sun ayda orta hesabla 75 saat uçuş edib ki, bu da qanunvericiliklə müəyyən edilmiş normaya uyğundur. O, şirkətə 2016-cı ildə qoşulmuşdu. Sun sentyabrın 24-də Milandan Tayvana olan uçuş zamanı özünü pis hiss etmiş, dərhal xəstəxanaya yerləşdirilmiş, lakin səhhətindəki ağırlaşmalara görə bir neçə gün sonra vəfat etmişdi. Onun ölüm səbəbi hələlik Çin Tibb Universiteti Xəstəxanası tərəfindən rəsmən açıqlanmayıb.

 

Chosen
18
Ajans.az

1Sources