“Hazırda Naxçıvanda istər suvarma, istərsə də içməli su təminatı sahəsində müəyyən çətinliklər mövcuddur. Bu problemlərin yaranmasının həm obyektiv, həm də subyektiv səbəbləri var. Obyektiv səbəb ondan ibarətdir ki, son vaxtlar bölgədə müşahidə olunan quraqlıq gözlənilməz dərəcədə güclü olub. Bu gün burada Heydər Əliyev və Araz su anbarlarında oldum, oradakı vəziyyətlə yerində tanış oldum. Hazırda agentliyin mütəxəssisləri vasitəsilə vəziyyətin stabilləşdirilməsi və su ehtiyatlarının qorunması istiqamətində tədbirlər görülür”.
Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədr müavini İlham Quliyev deyib.
O, vurğulayıb ki, Naxçıvana səfərin məqsədi də məhz Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun tapşırığına əsasən yerində vəziyyətlə tanış olmaq, mövcud problemləri araşdırmaq və onların aradan qaldırılması üçün tədbirlər planı hazırlamaqdır: “Məqsəd odur ki, belə bir vəziyyətin təkrarlanmamasının qarşısı almalıdır. Görülən işlərlə bağlı onu da qeyd etmək istəyirəm ki, təxminən son 9 ay ərzində Naxçıvanda Bənəniyar su anbarının su təminatını yaxşılaşdırmaq məqsədilə yeni kanalın çəkilməsi istiqamətində işlər aparılır. Kanalın uzunluğu 7,7 kilometr, dəyəri isə 12,4 milyon manatdır. Layihə çərçivəsində ötürmə qabiliyyətinin 3 kubmetrdən 5 kubmetrə qədər artırılması nəzərdə tutulur. Bu kanal Əlincə çayı vasitəsilə işləyəcək və bu da bu gün baxış keçirdiyimiz bənəniyarlıların sahələrinin suvarılması üçün çox böyük əhəmiyyət daşıyacaq. Bənəniyar layihəsinin 2026-cı ilin sentyabr–oktyabr aylarında təhvil verilməsi nəzərdə tutulur”.
İlham Quliyev qeyd edib ki, hazırda Bənəniyar su anbarındakı su səviyyəsi kritik həddədir - demək olar ki, “ölü səviyyə”yə yaxınlaşıb: “Nabardan hazırda 1.7 milyon kubmetr su var ki, ölü səviyyəsi də 1,4 milyon kubmetrdir. Bənəniyar su anbarından təxminən 4 min hektar torpaq sahəsinin suvarılması, həmçinin 30 minə yaxın əhalinin içməli su ilə təmin olunması nəzərdə tutulur. Lakin hazırda həmin ərazidə su ehtiyatı olduqca azdır. Xüsusilə payız–əkin mövsümündə suvarma işləri aparıldıqdan sonra içməli suya tələbat daha da artır və bu məsələ daim aktual olaraq qalır. Ümid edirik ki, qısa müddətdə əlavə suyun gətirilməsi və kanalın təmiri işlərinin aparılması ilə vəziyyət sabitləşəcək. Hazırkı mərhələdə bu işləri dərhal həyata keçirmək mümkün olmasa da, qarşıdakı payız mövsümündə yağıntıların artacağına və təbiətin bizə dəstək olacağına inanırıq. İstər Heydər Əliyev Su Anbarının, istərsə də Bənəniyar su anbarının əlavə genişləndirilməsi və gücləndirilməsi üçün texniki və iqtisadi əsaslandırmalar hazırlanmalıdır. Bu layihələrin investisiya proqramına daxil edilməsi istiqamətində zəruri tədbirlər görülməlidir. Bu istiqamətdə biz də öz tərəfimizdən bütün imkanlarımızı səfərbər edəcəyik ki, işlər uğurla həyata keçirilsin”.
Sədr müavini su anbarında baş verən hadisəyə də münasibət bildirib. Qeyd edib ki, balıqların tələf olduğu anbarda olub və bunun qarşısının alınması üçün görülən tədbirlərlə yerində tanış olub: “Bununla yanaşı, balıqların içməli su hövzələrinə buraxılması, mənim fikrimcə, doğru deyil. Çünki hazırda həmin ərazilərdə müşahidə etdiyimiz kimi, suyun səviyyəsi aşağıdır, oksigen çatışmazlığı var və bəzi hallarda balıqların tələf olduğu, həmçinin iy və çirklənmə müşahidə edilir”.