EN

QHT sədri: “Türk faktorunu gizlətməyə çalışırlar”

Demokratik Azərbaycan Naminə Gənclərin İctimai Birliyinin (DANİB) sədri Elməddin Behbud Gürcüstanda aparılan rəsmi statistikanın nəticələrinə diqqət çəkərək maraqlı məqama toxunub.

QHT.az xəbər verir ki, onun sözlərinə görə, rəsmi statistikada Gürcüstanda ən çox yayılan soyad “Beridze” kimi göstərilsə də, əslində türklərə məxsus “Məmmədov” soyadı daha çox yayılıb:

"Rəsmi rəqəmlərə əsasən, “Beridze” soyadını 30 149 nəfər, “Məmmədov” soyadını isə 30 318 nəfər daşıyır. Lakin gürcü tərəfi “Məmmədov” soyadını müxtəlif yazılış formalarına (მამედოვი-Mamedovi, მამედოვა-Mamedova, მამედოვ-Mamedov, მამადოვა-Mamadova, მამმადოვა-Mammadova, მამმადოვ-Mammadov, მამმადოვი-Mammadovi) bölərək statistik siyahıda ayrı-ayrılıqda təqdim edir. Onlar çalışırlar ki, Gürcüstanda türklərin çoxluğunu göstərən faktlar qabarıq şəkildə görünməsin. Halbuki müxtəlif yazılışlarda təqdim edilən bu soyadların hamısı ‘Məmmədov’ soyadının variantlarıdır.”

Elməddin Behbud həmçinin Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Avropadakı miqrasiya ilə bağlı açıqlamasına münasibət bildirib. Kobaxidze “Avropa İttifaqında miqrasiyanın yaratdığı problemlərdən” danışarkən Berlində və Böyük Britaniyada ən çox qoyulan adın “Muhəmməd” olduğunu “problemin göstəricisi” adlandırıb.

DANİB sədri bu açıqlamaya ironik münasibət bildirib:

“Yaxşı olardı ki, yoldaş Kobaxidze öz ‘müsbət’ təcrübəsini Almaniya və Böyük Britaniya ilə də bölüşsün. Avropalılar da Muhəmməd adının müxtəlif yazılış formalarını ayrıca qeyd edərək problemi ‘statistik’ yolla həll etsinlər. Bu cür yanaşmalar sadəcə rəsmi rəqəmlərin manipulyasiyası deyil, həm də bölgədə yaşayan azsaylı xalqların, xüsusən də türklərin mədəni və tarixi varlığını kölgədə qoymaq cəhdidir".

 

Pərvanə Fərhadqızı

Chosen
52
qht.az

1Sources