Husilər yeni Baş Qərargah rəisini təyin edib.
Yəməndə husilər hərbi rəhbərlikdə dəyişiklik ediblər — yeni Baş Qərargah rəisi Yusif Həsən İsmayıl əl-Mədani olub. O, vəfatı təsdiqlənmiş əl-Qamarini əvəz edib.
Əl-Mədani husilərin lideri Əbdülməlik əl-Husiyə yaxın fiqur sayılır. O, hərəkatın qurucusu Hüseyn əl-Husi ilə köhnə əlaqələrə malikdir və İranda SEPAH strukturlarında hərbi təlim keçib. Yəmənə qayıtdıqdan sonra husi qüvvələrinin əsas sahə komandirlərindən və Tehranla Hizbullah arasında əlaqələndiricilərdən birinə çevrilib.
O, 2014-cü ildə Yəməndə çevrilişdə və İran casusluğunda ittiham olunan şəxslərin azad edilməsi əməliyyatlarında iştirak edib. 2017-ci ildə Səudiyyə Ərəbistanı onun tutulması üçün 20 milyon dollar mükafat təyin edib. 2021-ci ildə isə o, ABŞ Maliyyə Nazirliyinin sanksiyalar siyahısına salınıb.