EN

DTX-ya Şimal zonasında Ramiz Mehdiyevin adına bağlı cinayətlərlə bağlı dosye təqdim olundu – Vardanyanla eyni kameraya salınması istənildi!

"Ramiz Mehdiyevin həbsi xəbərini eşidən kimi Dövlət Təhlükəsizliyi Xidmətinə getdim. Oradakılara bu həbs üçün təşəkkürümü bildirdim, xahiş etdim ki, Ramiz Mehdiyevi DTX-da saxlanılan, qohum-qardaşı olan ermənilər - Vardanyan və Araiklə bir kameraya salsınlar. Bu adam Azərbaycana, Azərbaycan xalqına, iqtisadiyyatına çox böyük zərər vurub, Şimal zonasında böyük narazılıqlar yaradılması üçün əlindən gələni edib.

Ramiz Mehdiyevin zəngləri, təzyiqləri ilə ölkə boyu mənim kimi yüzlərlə sahibkar çökdürülüb, biznesləri, torpaq sahələri əllərindən alınıb", bu sözləri Musavat.com-a şabranlı sahibkar Mansur İbrahimov deyib.

Bildirib ki, DTX-ya Şimal zonasında, özəlliklə Şabran rayonunda törədilən və Ramiz Mehdiyevin, kürəkəni İlham Əlisəftər oğlu Əliyevin adına bağlı olan cinayətlərlə bağlı iki qovluq verib: “Möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlardan bəhrələnməklə Şabran və ətraf rayonlarda sahibkarlıqla məşğul olmağa başlamışam. 100 hektara yaxın torpaqda ən müxtəlif meyvə bağları salmış, buğda, arpa və digər dənli bitkilər becərməklə ölkə iqtisadiyyatının inkişafına dəstək verməyə çalışmışam.

Aqrar sahədə uğurlarım mənim möhtərəm Prezidentin rəhbərliyi ilə keçirilən tədbirlərə dəvət almağıma yol açmışdı. Çox sevinirdim ki, möhtərəm Prezidentin çağırışlarına öz kiçik də olsa, töhfəmizi verə bilmişik. 100-lə işçi işlətməklə, banklardan kreditlər almaqla daha artıq işlər görmək haqda planlar qururdum. Elə o günlərdə Ramiz Mehdiyevin kürəkəni İlham Əlisəftər oğlu peyda oldu. İlk olaraq şəriklik adı ilə gəldi, 1 qəpik pul qoymadan 2 şirkətimi, 100 hektara yaxın torpağımı ələ keçirdi. Bu işin başında qaynatası Ramiz Mehdiyev dayanırdı, kürəkəni İlham icraçı idi. Mənim şirkətlərimi, meyvə bağlarımı, əkin sahələrimi əlimdən aldıqlarına görə məhkəməyə üz tutdum. Lakin hakimlər çiyinlərini çəkib Ramiz Mehdiyevin təzyiqlərini gizlətmir, haqlı olduğumu deyir, qərarı isə onun kürəkəni İlhamın xeyrinə çıxarırdılar.

"TurAz", “Dostluq - MK” MMC-lərin izi və təsisçiləri

"Dostluq - MK" MMC 1 mart 2011-ci ildə şabranlı sahibkar Mansur İbrahimov və YAP Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşovun oğlu Cavid Balaqadaşov tərəfindən yaradılıb. Nizamnamə kapitalı cəmi 20 manat olub – yəni hər təsisçinin payı 10 manat (50 faiz) təşkil edib.

Elə həmin dövrdə parlament kreslosunda oturan İlham Əliyev Mansur İbrahimovu şərikliyə məcbur edib. Sahibkara qarşı müxtəlif təzyiqlər göstərilib, 12 hektarlıq fındıq bağı məhv edilib, digər əmlaklara da əl uzadılıb. Nəticədə İlham Əliyev ondan şirkətdəki payını 3 milyon manata almağı “təklif” edib.

Sahibkar razılaşıb – çünki qarşısında deputat immunitetinə və Ramiz Mehdiyev soyadının qorxusuna arxalanan kürəkən dayanırdı.

Vatsapla şəxsiyyət vəsiqəsi - “alqı-satqı” teatrı

Alqı-satqı prosesi İlham Əliyevin istəyi ilə Xaçmaz rayon 1 saylı notariat ofisində rəsmiləşdirilib. Amma özü ora gəlməyib, şəxsiyyət vəsiqəsinin surətini vatsapla göndərib.

Ən biabırçısı isə budur ki, İlham Əliyevin göstərişi ilə 3 milyon manatlıq alqı-satqı müqaviləsində məbləğ cəmi 5 min 600 manat kimi göstərilib. Üstəlik, həmin pulu da İlham Əliyev yox, Mansur İbrahimov özü ödəyib!

“3 milyon verəcəyəm” – vəd verdi, amma 1 qəpik də vermədi

İlham Əliyev sahibkara deyib ki, “sənə 3 milyon verəcəyəm, amma müqavilədə bu məbləği göstərsək, vergi çox çıxar”. Lakin həmin vəd nə o gün, nə də bu gün yerinə yetirilməyib.

8 avqust 2019-cu il tarixli müqavilə bağlanandan bəri İlham Əliyev nə pulu ödəyib, nə də əlaqəyə çıxıb. Sahibkar isə əlində bankomatdan çıxarılmış 5 min 600 manatın ödəniş sənədi ilə qalıb.

Məhkəmədə etiraf: “Heç nə ödəmədim”

Mansur İbrahimov ədalət axtarışını Bakı Kommersiya Məhkəməsində davam etdirib. Hakim Emin Əliyevin sədrliyi ilə keçirilən iclasda İlham Əliyev özü etiraf edib ki, alqı-satqı müqaviləsi üzrə bir qəpik də ödəniş etməyib.
Bu etirafı hakim, katib, hər iki tərəfin vəkilləri eşidib. Hakim Ramiz Mehdiyevin kerəkəninə sual verib: “Məbləği kimə ödəmisiniz?” İlham Əliyev cavab verib: “3-cü şəxsə”. Lakin həmin “3-cü şəxs”in kim olduğunu deməyib.

Bu ifadə məhkəmə zalındakı video-müşahidə kamerasına da düşüb. Qanuna görə, bu görüntü rəsmi sübut kimi istifadə oluna bilərdi.

Mansur İbrahimov deyir ki, hakim Emin Əliyevin Ramiz Mehdiyevin tələbinə uyğun kürəkəni İlhamın xeyrinə qərar verməsi onun daha yuxarı məhkəmə instansiyasına hakim təyinatı ilə sonuclanıb.

Etiraf sübutdur, amma qərar dəyişməz qaldı

Bütün bu açıq etirafa baxmayaraq, hakim Emin Əliyev Mansur İbrahimovun iddiasını rədd edib.
Qərarda İlham Əliyevin etirafından bir sətir belə bəhs edilməyib.

Sahibkarın apelyasiya və Ali Məhkəməyə etdiyi müraciətlər də nəticə verməyib. Ramiz Mehdiyevin kürəkəni bütün instansiyalarda “qalib” çıxarılıb.

“Ədaləti ölkə daxilində axtardım, amma tapa bilmədim”

Sahibkar Mansur İbrahimov deyir: “Mən kənd təsərrüfatına ömrümü sərf etmişəm, dövlət tədbirlərində nümunəvi sahibkar kimi tanınmışam. Amma ədalət axtarışım illərlə davam etdirirəm. İlham Əliyevin 3 milyonluq etiraf videosuna baxmadılar, mənim təqdim etdiyim bank qəbzlərinə qiymət vermədən qərar verdilər. Əgər bu qədər zəhməti bir hipermarketə yönəltsəydim, bəlkə bu gün bu zülmü çəkməzdim".

Sahibkar Mansur İbrahimov deyir ki, bu gün məhkəmə sistemində Ramiz Mehdiyevə sadiq olan hakimlər var və həmin hakimlər üzərindən onun şikayətlərinin qarşısı alınır: "Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyevdən xahiş edirəm ki, nümunəvi sahibkar kimi çökdürülməyimdə rolu olan Ramiz Mehdiyevin cinayət işi üzrə zərərçəkmiş olaraq tanınmağım üçün müvafiq göstəriş versin. O və kürəkəni Şimal zonasında möhtərəm cənab Prezidentin aqrar sahədə islahatlarının sobataj olunmasında əllərindən gələni ediblər. Bu fəaliyyət məqsədyönlü şəkildə aparılıb. Həm bizlərə məxsus biznesləri, 100 hektarlarla torpaq sahələrini ələ keçiriblər, həm də yerli əhalini işsiz qoymaqla kütləvi narazılıqlar yaratmağa çalışıblar. Dönə-dönə xahiş edirəm ki, təqdim etdiyim materiallarla bağlı iştirakımla araşdırmalar başlansın".

Elşən MƏMMƏDƏLİYEV,
Musavat.com

Chosen
27
1
musavat.com

2Sources