"Hər bir xalq və dövlət üçün müstəsna önəm daşıyan tarixi günlər var. 15 oktyabr 2003-cü il Azərbaycan üçün belə əlamətdar günlərdən biridir. Həmin gün müstəqil Azərbaycanda növbəti Prezident seçkiləri keçirildi. Seçkilərdə İlham Əliyev mütləq səs çoxluğu ilə - seçicilərin 76,86 faizinin səsini qazanmaqla ilk dəfə ölkənin dövlət başçısı seçildi. Son 22 ildə ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə qərinələrə bərabər yol keçib və bütün sahələrdə möhtəşəm uğurlara imza atıb".
Bunu "Unikal"a açıqlamasında Milli Məclisin üzvü Samir Vəliyev deyib.
Deputat 2003-cü il oktyabrın 15-də keçirilən Prezident seçkilərində xalqın Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevə etimad göstərməsini şərtləndirən iki mühüm amilə diqqət çəkib. Onun sözlərinə görə, burada mühüm məqamlardan biri kimi, Azərbaycan xalqının özünün böyük oğlu, Ulu Öndər Heydər Əliyevin şəxsiyyətinə hörmət və ehtiramını, Onun əsasını qoyduğu siyasətə inamını qeyd etmək lazımdır. Daim Azərbaycanın gələcəyini düşünən Heydər Əliyev seçkilərdən bir qədər əvvəl-2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına müraciət ünvanlayaraq öz namizədliyini siyasi varisi İlham Əliyevin xeyrinə geri götürdüyünü bildirib və seçiciləri prezidentliyə namizəd, Yeni Azərbaycan Partiyası Sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıb. Xalq da Ulu Öndərin bu çağırışını məmnuniyyətlə qəbul edib. Deputat bildirib ki, 2003-cü il 15 oktyabr tarixində keçirilən seçkilərdə İlham Əliyevin qələbəsini şərtləndirən digər bir mühüm amil Onun özünün şəxsi keyfiyyətləri ilə bağlı olub. İlham Əliyevin həmin dövrədək daşıdığı müxtəlif vəzifələrdə Azərbaycan naminə uğurla fəaliyyəti artıq cəmiyyətə yaxşı məlum idi.
Samir Vəliyev 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyevin andiçmə mərasimində səsləndirdiyi bir fikri xatırladıb. “Mən bu gün bu yüksək kürsüdən əziz Prezidentimiz cənab Heydər Əliyevə müraciət edərək deyirəm: Əziz Prezident, əsərin olan müasir Azərbaycanı gücləndirəcəyik, zənginləşdirəcəyik, hərtərəfli inkişaf etdirəcəyik, Sizin yolunuzla yeni qələbələrə doğru gedəcəyik”. Deputat bildirib ki, 22 ildən sonra Azərbaycan cəmiyyəti İlham Əliyev tərəfindən verilən vədlərin hər birinin real həyatda öz əksini tapdığının şahidi olur. Siyasi varisliyin təmin edilməsi ölkəmizi zirvələrə yüksəldib.
Samir Vəliyev deyib ki, hər bir liderin fəaliyyəti onun gördüyü işlərdə, reallaşdırdığı layihələrdə təzahür edir. İlham Əliyev 2003-cü ildən bəri ölkəmizdə nəticəyönümlü siyasət həyata keçirir. “Təkcə son dövrlərdə dünyada yaşanan bir sıra kataklizmlər milli dövlətlər üçün çox ağır sınaqlar olub. O cümlədən bəzi dövlətlər müharibələrin, iqtisadi böhranların, pandemiyanın gətirdiyi çətinliklərə dözə bilməyiblər və bir sıra hallarda xarici güclərdən, beynəlxalq maliyyə qurumlarından asılı vəziyyətə düşüblər. Azərbaycan bu kimi fəsadlardan yan ötən dövlətdir. Bunun təməlində dayanan əsas amil isə Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” prinsipinə əsaslanmaqla həyata keçirdiyi siyasətdir”, - deyə Samir Vəliyev vurğulayıb.
Milli Məclisin üzvü bildirib ki, Ulu Öndərin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” fikri son 22 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas qayəsini təşkil edib. Ötən dövrdə dövlətimizin başçısının qətiyyətli siyasi iradəsi ilə geniş əhatə dairəsinə malik olan islahatlar reallaşdırılıb, ölkədə iqtisadi inkişaf üçün bütün şərtlər təmin edilib. Bu illər ərzində transmilli şirkətlərlə imzalanan müqavilələr üzrə ölkəmizə gələn gəlirlərin müəyyən bir hissəsi məqsədyönlü şəkildə sosial və iqtisadi önəm daşıyan infrastruktur layihələrinin icrasına, qeyri-neft sektorunun inkişafına yönəldilib. Respublikamızda sahibkarlıq mühiti davamlı olaraq optimallaşdırılıb, yerli istehsal və ixrac təşviq edilib, respublikamızın investisiya cəlbediciliyi artırılıb. Deputat bildirib ki, İlham Əliyevin 22 illik prezidentliyi dönəmində Azərbaycan iqtisadiyyatının 4 dəfədən çox genişlənməssi kifayət qədər böyük uğurdur. Bəhs olunan dövrdə ölkənin strateji valyuta ehtiyatları isə təxminən 2 milyard dollardan 80 milyard dollara qədər artıb. Güclü iqtisadi potensial və geniş maliyyə imkanları Azərbaycanın manevr imkanlarını qat-qat artırır. Qürurverici haldır ki, bu gün respublikamız dünya üzrə xarici borcu aşağı səviyyədə olan ölkələr sırasında yer alır.
Deputat bildirib ki, Azərbaycan özünün iqtisadi imkanlarına əsaslanmaqla dərin məzmunlu sosial siyasət həyata keçirir. Dövlətimizin başçısı müxtəlif auditoriyalar qarşısında etdiyi çıxışlarında dəfələrlə birmənalı şəkildə bildirib ki, ölkədə aparılan siyasətin mərkəzində Azərbaycan vətəndaşlarının maraqları və mənafeyi dayanır. Müəyyənləşdirilən bu siyasi kurs praktiki müstəvidə davamlı tədbirlərlə və islahatlarla təsdiqlənir. Ötən dövrdə Prezident İlham Əliyev ölkə vətəndaşlarının rifah halının yaxşılaşmasını, gəlir imkanlarının artırılmasını, məşğulluğun daha geniş miqyasda təmin edilməsini hədəfləyən çoxsaylı sənədlər imzalayıb, bir neçə proqramı təsdiqləyib. Hazırda respublikamızda ədalətli resurs bölgüsü siyasətinə uyğun olaraq sayca beşinci sosial paket uğurla reallaşdırılmaqdadır ki, bu da yüksək vətəndaş məmnunluğunu şərtləndirir.
Samir Vəliyev 44 günlük müharibədə və 23 saatlıq lokal xarakterli antiterror əməliyyatında qazanılan qələbələr sayəsində ölkənin ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunmasını Azərbaycanın ən böyük uğuru kimi səciyyələndirib. “Vətən müharibəsi başlayanadək ölkənin ərazi bütövlüyünün və suverenliyinin təmin olunması xalqımızın əsas ümummilli ideyasını təşkil edib. Prezident İlham Əliyevin 2003-cü ildə verdiyi əsas vədlərdən biri də məhz bununla bağlı idi. Dövlətimizin başçısının qətiyyətli siyasi iradəsi sayəsində ərazi bütövlüyümüzün və suverenliyimizin təmin olunması məsələsi Azərbaycanın gündəliyinin mərkəzində saxlanılıb və milli güc bu məqsəd naminə səfərbər edilib. İstənilən vəzifəni yerinə yetirməyə qadir olan müasir ordu formalaşdırılıb. 44 günlük Vətən müharibəsində və 23 saatlıq lokal xarakterli antiterror əməliyyatında qazanılan böyük qələbələrimizin əsas memarı Prezident Müzəffər Ali Baş Komandan İlham Əliyevdir”, - deyə deputat bildirib.
Samir Vəliyev Prezident İlham Əliyev tərəfindən postmüharibə dövrü üçün də mühüm hədəflərin müəyyənləşdirildiyini bildirib. Yeni strateji mərhələnin əsas hədəfləri sırasında işğaldan azad olunmuş ərazilərin bərpası və ora Böyük Qayıdış proqramının reallaşdırılması xüsusi yer tutur ki, artıq bu istiqamətdə də böyük uğurlar əldə olunub.