EN

Ramiz Mehdiyevin həbsi və mümkün cəzası ilə bağlı hüququn TƏLƏBLƏRİ

Yazını böyüt
Yazını kiçilt

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti, akademik Ramiz Mehdiyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

Sosial şəbəkələrdə R.Mehdiyevin həbsi ətrafında müzakirələr gedir, onunla bağlı son qərara maraq göstərilir. Hafta.az olaraq məsələyə siyasi və hüquqşünas yanaşması etdik. Ümumiyyətlə, Ramiz Mehdiyevin həbsi və mümkün cəzası ilə bağlı hüququn tələbləri necədir?

“Görünür, dövlət hakimiyyətini ələ keçirməyə yönələn real fəaliyyətlər baş verib”

Siyasi şərhçi Asif Nərimanlı bildirir ki, R.Mehdiyevin həbsində önə çıxan ilkin versiyalar o qədər də güclü görünmür:

“Ramiz Mehdiyev 2019-cu ildə siyasi hakimiyyətdən, 2022-ci ildə ictimai fəaliyyətdən gedib. Məsələ onun neytrallaşdırılması olsaydı, bu daha öncə baş verməliydi. Yaxud bir ittiham – “cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma” yetərli olardı”.

Ekspert R.Mehdiyevin bağlı olduğu deyilən Rusiyanın təsir rıçaqlarına qarşı “önləyici” addımların atılması ehtimalı da diqqət çəkərək, bu ehtimalın zəif olduğunu vurğulayıb:

“Son 10 ayda Bakı-Moskva xəttində baş verən “əsəb müharibəsi” zamanı belə addımlar atıldı. Bu baxımdan, Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putinin Düşənbə görüşündən sonra başlanan normallaşma mərhələsində bunun baş verməsi suallar yaradır. Qeyd edim ki, bu iki amil fonunda Ramiz Mehdiyevə qarşı irəli sürülən ittihamlar - dövlətə xəyanət, dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər - təhdidlərin daha ciddi olduğu fikrini ön plana çıxarır. Görünür, dövlət hakimiyyətini ələ keçirməyə yönələn real fəaliyyətlər baş verib. Ki, geosiyasi mübarizənin regiona təsirləri fonunda belə təhdidlər gözləniləndir”.

“...İş xüsusilə ağır cinayət kateqoriyasına daxil olur

Hüquqşünas Vüqar Dadaşov öncə onu qeyd etdi ki, ittiham olunan şəxsə qarşı cinayət mühakiməsi üzrə irəli sürülmüş maddələr - yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 278.1, 274 - xüsusilə ağır, 193-1.3.2-ci maddələri isə dövlətin ağır cinayətlər kateqoriyasına aiddir.

Hüquqşünas bildirir ki, qeyd edilən Cinayət Məcəlləsinin 274 və 278-ci maddələri üzrə cəza 12 ildən 20 ilədək, 193-1.3.2-ci maddəsi üzrə isə 8 ildən 12 ilədək azadlıqdan məhrumetmə və əmlakın müsadirəsi ilə müəyyən edilib:

“Bu üç maddə birlikdə tətbiq olunursa, iş xüsusilə ağır cinayət kateqoriyasına daxil olur. Cinayət Məcəlləsinin 66-cı maddəsinə görə, bu zaman cəzanın məbləği toplanmır, ən ağır olan (278 və 274) maddə əsas götürülür. Yəni nəzəri olaraq, mümkün hökm 15 ildən ömürlük azadlıqdan məhrumetməyə qədər dəyişə bilər. Ancaq təqsirləndirilən şəxsin 87 yaşı olduğundan, Məhkəmə Cinayət Məcəlləsinin 57 və 79-cu maddələrinə əsasən, 70 yaşdan yuxarı şəxslər üçün humanist prinsip tətbiq edə bilər. Yəni bu halda azadlıqdan məhrumetmə cəzası istisna hal kimi tətbiq olunur və hökm şərti və ya ev dustaqlığı növündə seçilə bilər. Cəzanın tətbiqi zamanı təqsirli bilinən şəxsə sağlamlığı və səhhəti ilə bağlı məhkəmə müstəqil tibbi ekspertiza rəyinə əsaslanaraq qərar verir. Əgər sağlamlıq vəziyyəti ağırdırsa, cəza təxirə salına və ya müalicə şərti ilə azadlığa buraxıla bilər - Cinayət Məcəlləsinin 74 və 75-ci maddələri”.

Ömürlük həbs cəzasına gəlincə, hüquqşünas bildirib ki, Azərbaycan məhkəmə təcrübəsində - məsələn, 75 yaşdan yuxarı şəxslərlə bağlı işlərdə - fiziki və humanitar baxımdan qeyri-mümkün olduğundan, ömürlük həbs cəzası praktiki olaraq təyin edilmir:

“Ancaq, hüququn fundamental prinsiplərindən olan "təqsirsizlik prezumpsiyası"-na - Azərbaycan Respublikası Konstitusiyası 63-cü, Cinayət Məcəlləsinin 21-ci maddəsinə görə, heç kəs məhkəmənin yekun qərarına qədər təqsirli sayıla bilməz”.

Chosen
45
1
hafta.az

2Sources