EN

Açıq "W-iFi"yə qoşularkən DİQQƏTLİ OLUN: Şəxsi və maliyyə məlumatlarınız...

 İnternet həyatımızın əsas hissəsinə çevrilib. Artıq insanların getdikləri məkanlarda, məclislərdə ilk soruşduqları WiFİ şifrəsi olur.

Hətta bəzi məkanlarda WiFİ kodsuz olur və vətəndaşlar avtomatik qoşula bilirlər.

Bəs, maraqlıdır, bu qoşulmanın hansı təhlükələri ola bilər?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən informasiya məsələləri üzrə ekspert Əmrah Mövsümzadə bildirib ki, açıq WiFi şəbəkələrindən istifadə zamanı vətəndaşlar ciddi diqqətli olmalıdırlar:

“Açıq WiFi şəbəkələrinə bir anda bir neçə şəxs qoşulur. Bu isə o deməkdir ki, aralarında zərərli niyyətli şəxslər də ola bilər. Belə şəxslər şəbəkə trafikinə müdaxilə edərək, istifadəçilərin şəxsi məlumatlarını ələ keçirməyə cəhd göstərə bilirlər. Ona görə də şifrəsiz və ictimai WiFi şəbəkələrinə qoşulmazdan əvvəl həmin bağlantının etibarlı mənbədən olduğuna əmin olmaq lazımdır”.

Ekspertin sözlərinə görə, açıq WiFi-larda şəxsi məlumatların paylaşılması, bank əməliyyatlarının aparılması və rəsmi yazışmaların edilməsi qətiyyən məsləhət deyil.

Əmrah Mövsümzadə: Telefonda və ya kompüterdə qeyri-adi aktivlik müşahidə olunursa...

Müsahibəmiz qeyd edib ki, belə şəbəkələrdə ötürülən məlumatlar üçüncü tərəflər tərəfindən asanlıqla ələ keçirilə bilər:

“Buna görə də vətəndaşlar açıq WiFi-lardan istifadə zamanı VPN proqramlarından yararlanmalıdırlar. Bu, məlumatların kənardan oxunmasını və izlənməsini çətinləşdirir”.

Əmrah Mövsümzadə onu da əlavə edib ki, əgər WiFi şəbəkəsinə qoşulduqdan sonra telefonda və ya kompüterdə qeyri-adi aktivlik müşahidə olunursa, dərhal həmin bağlantıdan ayrılmaq vacibdir:

“Ümumilikdə, açıq WiFi şəbəkələrindən istifadə zamanı ehtiyat tədbirlərinə əməl etmək çox önəmlidir. Həm vətəndaşlar, həm də dövlət qurumları bu məsələdə diqqətli olmalı, informasiya təhlükəsizliyinə daha ciddi yanaşmalıdırlar”.

Mina Mikayılova

Chosen
4
1
bakivaxti.az

2Sources