EN

Onlar “Tramp yolu” layihəsinə mane olmaq məqsədilə Paşinyanı devirməyə çalışa bilər - Ekspert

Yazını böyüt
Yazını kiçilt

Erməni mediasına müsahibəsində rusiyalı politoloq Mixail Aleksandrov deyib ki, “Tramp marşrutu” layihəsinin həyata keçirilməsi Ermənistan daxilindəki siyasi proseslərdən asılı olacaq". Yəni onun sözlərindən belə çıxır ki, əgər 2026-cı ilin iyunundakı parlament seçkilərində radikal revanşist qüvvələr tərəfindən Paşinyan məğlub edilərsə və hakimiyyətə terrorçu eks-prezident Robert Köçəryanın və Kremlin milyarder “desantı” Samvel Karapetyanın nəzarət etdiyi qüvvələr gələrsə, o zaman Zəngəzur dəhlizinə nəzarət asanlıqla Rusiyanın əlinə keçə bilər. Kreml təbliğatçısı hətta dolayısıyla erməniləri hazırkı hakimiyyətə qarşı üsyana səsləyib: “Neo-müstəmləkəçi Tramp marşrutu” layihəsini yalnız Ermənistandakı hakimiyyət dəyişikliyi, “ölkənin milli maraqlarını səmimi şəkildə müdafiə edən insanların iqtidara gəlişi durdura bilər”.

Bəs görəsən, mövcud geo-siyasi reallıq bizə nə deyir?

Politoloq Elxan Şahinoğlu mövzu ilə bağlı hafta.az-a açıqlamasında bunları söyləyib:

“Mən adətən erməni və rus şovinist dairələrinin verdiyi açıqlamalara reaksiya vermirəm, çünki onlar çox vaxt ağıllarına gələni danışaraq dezinformasiyalar yayırlar. Amma bu məsələyə ayrıca yanaşsaq, deyə bilərəm ki, Zəngəzur dəhlizi- “Tramp yolu” məsələsi artıq bitib. Yəni 8 avqustda Vaşinqtonda Birləşmiş Ştatların iştirakıyla Azərbaycan və Ermənistan tərəfindən ortaq bəyanat qəbul edilib. Odur ki,  Zəngəzur və ya başqa ad ilə “Tramp dəhlizi”nin tikintisi başlamalıdır.  Bununla bağlı bir Amerika heyəti Bakıda və İrəvanda olub. Artıq görüləcək işlər üçün müəyyən maliyyə də ayrılıb. Ermənistan baş naziri Nikol Paşinyan da bu razılaşmalara imza atıb...

Lakin bu başqa bir məsələdir ki, Rusiyada bəzi dairələr bəhs edilən layihənin həyata keçirilməsinin qarşısını almaq məqsədi ilə radikal qrupların dəstəyi sayəsində hazırkı Ermənistan hökumət başçısını devirməyə çalışa bilərlər. Ancaq o var ki, Amerika Birləşmiş Ştatları Paşinyanı ciddi şəkildə qorumaqda davam edir. Həmçinin, Paşinyanın 2026-cı ildəki parlament seçkilərində qalib gəlmə şansı var ki, bu həm Sülh müqaviləsinin imzalanmasına, həm də Zəngəzur dəhlizinin tikintisinin başlanmasına şərait yaradacaq. Çünki Zəngəzur dəhlizinin reallaşması o demək deyil ki, onun tikintisi dərhal başa çatacaq. Əgər başlanılsa, bu tikinti üçün bir il yarım- iki il vaxt lazımdır. Ona görə də Kreml çalışır ki, prosesə mane olsun. Çünki prosesdən kənarda qaldığını və bu mühüm dəhlizin əlindən çıxdığını görür. Bu səbəblərdən Rusiyada, Ermənistanın özündə, eləcə də İranda müxtəlif təxribatçı dairələr bu cür dezinformasiyalar yayırlar...”

Sultan Laçın

Chosen
14
hafta.az

1Sources