EN

Ermənistanın hakim partiyası Karapetyanı hədəfə alıb

Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyası Samvel Karapetyanın “Bizə görə” hərəkatını hədəf alıb.

Musavat.com xəbər verir ki, bu barədə “Hraparak” qəzeti iddia edib.

Qəzetin xəbərinə əsasən, partiya və onun təbliğatçıları bu hərəkatın bütün fəaliyyətlərini yaxından izləyir, aktiv şəkildə şərh edir və tənqid edirlər.

Mənbənin məlumatına görə, “Vətəndaş müqaviləsi”nin yuxarı eşelonlarında keçmiş baş nazir Karen Karapetyana qarşı təqibin başlanması məsələsi müzakirə olunur. Səbəb isə ondan ibarətdir ki, yayılan məlumata əsasən, məhz o, “Bizə görə” hərəkatının siyahısına başçılıq edərək baş nazir vəzifəsinə namizəd olacaq.

Qəzet qeyd edir ki, partiya rəhbərliyində bu ehtimal daha da güclənib, çünki şənbə günü keçirilən “Bizə görə”nin tədbirində hərəkatın koordinatoru Narek Karapetyan bu sözləri sərf edib:

“Bizim baş nazirliyə namizədimiz elə bir şəxs olacaq ki, bu namizəd hər kəs üçün qəbul edilən və bəyənilən biri olacaq. Biz bu adı yalnız siyasi qüvvəyə çevrildiyimizi elan etdikdən sonra açıqlayacağıq. Biz Robert Köçəryan və Serj Sarkisyanla heç bir seçki ittifaqına girməyəcəyimizi demişik, lakin bu o demək deyil ki, həmin qüvvələrin nümayəndələri ilə əməkdaşlıq və ya ittifaqa girməyəcəyik”.

Qəzet yazır ki, bu açıqlamadan sonra hakim partiyada Karen Karapetyanın adının hərəkatın başında duracağına dair şübhələr artıb.

Musavat.com

Chosen
49
50
musavat.com

10Sources