EN

Tramp Malayziyaya səfər edəcək: Tailand və Kamboca arasında sülh sazişi gündəmdə...

ABŞ və Malayziya regionda sülh təşəbbüsünə vasitəçilik edəcək...

Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp 26 oktyabrda Malayziyaya səfər edəcək. Səfərin məqsədi Tailand və Kamboca arasında atəşkəs razılaşmasının imzalanmasına vasitəçilik etməkdir. Bu barədə Malayziyanın xarici işlər naziri Moxamad Həsən “Reuters” agentliyinə açıqlamasında bildirib.

Nazirin sözlərinə görə, Malayziya və ABŞ iki qonşu ölkə arasında münaqişənin dayandırılması və sərhəd bölgəsində sülhün təmin olunması istiqamətində birgə diplomatik səylər göstərirlər. Razılaşmanın əsas şərtlərindən biri tərəflərin sərhədlərdəki minaları və ağır artilleriya silahlarını çıxarması olacaq.

Həsən vurğulayıb ki, hazırda razılaşma üzərində intensiv danışıqlar aparılır və tərəflər sülhün təmin olunması üçün qarşılıqlı güzəştlərə getməyə hazırdır. O, həmçinin ümid etdiyini bildirib ki, “Kuala-Lumpur sazişi” adlanacaq sənəd yaxın günlərdə baş tutacaq regional sammit zamanı imzalanacaq.

“Biz oktyabrın 26-dan 28-dək Malayziya paytaxtında keçiriləcək Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) sammiti çərçivəsində bu iki qonşu ölkə arasında dayanıqlı sülh və atəşkəs razılaşmasının əldə olunmasını arzulayırıq”, – deyə Moxamad Həsən bəyan edib.

Qeyd edək ki, Tailand və Kamboca arasında sərhəd xəttində son illər bir neçə dəfə silahlı toqquşmalar baş verib. Münaqişə əsasən sərhədin demarkasiyası və tarixi məbədlərin ərazi mənsubiyyəti ilə bağlı mübahisələrdən qaynaqlanır.

Analitiklərin fikrincə, Trampın səfəri regionda diplomatik balansın qorunması və ABŞ-ın Cənub-Şərqi Asiyada artan təsirini möhkəmləndirmək baxımından da əhəmiyyət daşıyır.

Poliqon.info

Chosen
19
poliqon.info

1Sources