EN

Türkiyədə “türk soylular”la bağlı qanun: Azərbaycan mətbuatının daha bir yanlış təbliğatı » AzadMedia.az


Türkiyədə “Türk soylu əcnəbilərin Türkiyədə peşə və sənətlərini sərbəst yerinə yetirməsi, dövlət, özəl qurum və ya iş yerlərində çalışa bilmələri haqqında” qanun 1981-ci il sentyabrın 25-də qəbul edilib. Bu qanun türk soylu əcnəbilərin — yəni xarici ölkə vətəndaşlarının, eləcə də vətəndaşlığı olmayan şəxslərin — Türkiyədə iş icazəsi (çalışma izni) almasını tənzimləyir.

Qanunda konkret olaraq kimlərin “türk soylu” sayıldığı göstərilməsə də, tarixən bu anlayışın Batı Trakya, Bolqarıstan, Uyğur (Çin), Krım və Ahıska (SSRİ) türklərinə şamil olunduğu məlumdur. Yəni söhbət yaşadıqları ölkələrdə təqibə, ayrı-seçkiliyə məruz qalan türklərdən gedir.

Ərdoğanın son dəyişiklikləri nə deməkdir?

Üç gün əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu qanunun icrasını tənzimləyən Əsasnaməyə (yönetmelik) yeni dəyişiklik və əlavələr edib. Bu dəyişikliklərə nəzər saldıqda açıq görünür ki, qanun nə Azərbaycan, nə də digər müstəqil türk cümhuriyyətlərinin vətəndaşlarına aid deyil.

Yeni əlavələrə əsasən:

Türkiyədə iş icazəsi almaq istəyən türk soylu şəxs vətəndaşı olduğu ölkənin əhalisinin mütləq əksəriyyətindən fərqli etnik və mədəni kimliyə sahib olduğunu sübut etməlidir.
Bu halda belə çıxır ki, Azərbaycan vətəndaşları arasında yalnız “Azərbaycan türklərindən fərqli kimliyə malik” olanlar bu qanundan yararlana bilər. Bu isə absurddur.

Digər şərtə görə, türk soylu şəxs yalnız o halda Türkiyədə işləmək üçün müraciət edə bilər ki, öz ölkəsində peşəsini icra etmək imkanından məhrum olsun və həyatını Türkiyədə davam etdirmək zorunda qalsın.
Bu, əslində, siyasi və ya sosial təqibə məruz qalan türkləri nəzərdə tutur. Amma məlumdur ki, Türkiyə hazırkı müstəqil türk dövlətlərindəki hökumətlərin təqib etdiyi şəxslərə belə bir imtiyaz vermir. Uyğurlar istisna sayıla bilər, lakin Türkiyə hökuməti çox vaxt Çindən gələn uyğurlara sığınacaq da vermir, o ki qaldı iş icazəsi.

Qanuna əlavə olunan başqa bir maddəyə görə, kimlərin “türk soylu” sayılacağına artıq birbaşa prezident qərar verəcək.


Bir neçə dəqiqəlik araşdırma və “ölü” mətbuatımız

Bu məqamları aydınlaşdırmaq üçün internetdə 10-15 dəqiqəlik sadə araşdırma kifayətdir. Lakin təəssüf ki, Azərbaycanda mətbuat bu qədər sadə araşdırmanı belə etmir. Mahiyyətinə varmadan, konteksti anlamadan, Türkiyə ilə bağlı hər bir yeniliyi “Ərdoğanın türk dünyasına sevgisi”, “Türkiyənin qardaş xalqlara yeni jesti” kimi pafoslu başlıqlarla təqdim edirlər.

Reallıqda isə həmin qanun Azərbaycan vətəndaşlarına heç bir aidiyyəti olmayan, humanitar məqsəd daşıyan, lakin məhdud tətbiq dairəsinə malik sənəddir.

Ən acınacaqlısı odur ki, bu yanlış məlumatlar ictimai rəyi çaşdırmaqla yanaşı, həm də Azərbaycan mətbuatının peşəkarlıq səviyyəsinin nə qədər aşağı düşdüyünü bir daha göstərir.

İndi ölkədə xəbəri yoxlayan, qaynağı dəqiqləşdirən, mənbəni oxuyan jurnalist qalmayıb. Ölü mətbuat yalnız başlıqlar düzəldir, ancaq faktı yoxlamır. Halbuki jurnalistikanın əsas vəzifəsi informasiya ötürmək deyil, informasiya yoxlamaqdır.

Ərdoğanın 85 milyonluq Türkiyəsi üçün, onun hökumət siyasəti üçün Azərbaycanın məhdud auditoriyalı saytlarının təbliğatına ehtiyac yoxdur. Amma görünür, bizdə “öz təbliğatımızı” aparmaq bacarığı tükəndiyi üçün başqa ölkələrin addımlarını da kor-koranə təbliğ etmək asan gəlir.

Məqalə Şahin Cəfərliyə istinadla hazırlanıb.
Chosen
11
1
azadmedia.az

2Sources