EN

Azərbaycanlı pilot dünya çempionatında rekord qıraraq səkkizinci olub - FOTO

Bu il İtaliyanın Lonato şəhərində yerləşən “International South Garda” trekində 24-cü Dünya Kartinq Çempionatının (World Grand Final) yarışları keçirilib.

İdman.Biz xəbər verir ki, beş kateqoriya üzrə təşkil olunan yarışlarda trekin uzunluğu 1200 metr olub. 2001-ci ildən bəri keçirilən turnir kartinq dünyasının ən prestijli tədbirlərindən biri sayılır.

Avropa və dünya çempionlarının da yer aldığı yarışa dünyanın müxtəlif ölkələrindən 607 pilot qatılıb. Çətin hava şəraiti və yüksək rəqabət fonunda keçirilən bu yarışda Portuqaliyanı təmsil edən üç sürücüdan biri, eyni zamanda Azərbaycan motorsportunun gənc istedadı Davin Cəfərov da iştirak edib. O, BirelArt Portuqaliya komandasının heyətində ilk dəfə olaraq BMB kateqoriyasında və dünya çempionatında start alıb.

Təsnifat mərhələsində yüngül qəza səbəbindən 32-ci yerdən start götürməyə məcbur qalan Davin, möhtəşəm performans göstərərək yarımfinal və final mərhələlərinə yüksəlib. Finalda o, 24 ötmə edərək italyan pilot Lorenzo Pinyanellinin 14 ötməlik rekordunu qırıb və eyni zamanda yarışın ən sürətli dövrəsini (fastest lap) nümayiş etdirib.

Bu nəticə şərhçilər və yarış iştirakçıları arasında böyük marağa səbəb olub. Davin Cəfərov yekunda finişə səkkizinci çatıb.

Yarışdan sonra bir neçə beynəlxalq komandanın pilotları və rəhbərləri BirelArt Portuqaliya tentinə yaxınlaşaraq Davinlə tanış olub, ona gələcək karyerasında uğurlar arzulayıblar. Onların arasında İtaliyanın Milan şəhərində yerləşən AW Racing komandasının rəhbərliyi də olub. Komanda Davinə öz sıralarına qoşulmaq təklifini edib. Lakin gənc pilot hələlik BirelArt komandası ilə mübarizəsini davam etdirməyi üstün tutub.

Dünya çempionatında çıxışı ilə bağlı fikirlərini bölüşən pilot bunları söyləyib: “Bu səviyyəli yarışda, bu trekdə və BMB kateqoriyasında ilk dəfə idi iştirak edirdim. Təəsüf ki, yarışdan öncə buraya gəlib praktik məşqlərə qatılmaq imkanım olmadı. Dünya çempionatına beş kateqoriya üzrə 607 iştirakçı qatılıb. Yarış çox gərgin keçdi, lakin mən bunun öhdəsindən gəldim və yarımfinal mərhələsinə yüksəldim. Lakin sıralamada kiçik insident və şassi problemlərimiz oldu ki, bu da məni yarışa 32-ci yerdən başlamağa məcbur etdi. Buna baxmayaraq, 24 sürücünü ötməklə yarışı ümumilikdə səkkizinci sırada bitirdim. Yaş trekdə çox arxadan başlamaq və buna nail olmaq həqiqətən çətindir. Ona görə də bu, özüm və komandam üçün çox böyük nailiyyətdir. Bir çox başqa pilotlar və komanda rəhbərləri mənimlə görüşmək və söhbət etmək üçün tentimizə yaxınlaşdı. Beynəlxalq kartinq yarışlarında ilk dəfə bu səviyyədə iştirak edən və belə bir performans nümayiş etdirən azərbaycanlı sürücünü görəndə təəccübləndilər. iştirakçılar arasında dünya və Avropa çempionları vardı, həmçinin hava şəraiti yarışı çox çətinləşdirdi. Nə qədər güclü olduğumuzu göstərmək, ölkəmi təmsil etmək mənim üçün inanılmaz fəxr və təcrübə idi. Mən Azərbaycanın avtomobil idmanında dünya miqyasında zirvədə ola biləcəyini sübut etmək üçün əlimdən gələni edirəm və həmyerlilərimdən böyük dəstək görmək məni daha da ruhlandırır”.

Qeyd edək ki, ilin sonuna qədər Davin Cəfərovun daha iki beynəlxalq yarışda iştirakı gözlənilir.

İdman.Biz

Chosen
6
5
idman.biz

10Sources