Azərbaycan və Ermənistanın siyasi rəhbərlikləri konstruktiv əməkdaşlıq mühitində sülh quruculuğu istiqamətində səy verdikləri hazırki vəziyyətdə erməni kilsəsi və erməni diasporası bu prosesi pozmaq üçün var gücü ilə dağıdıcı təbliğat aparır.
Bakıvaxtı.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə BMT Baş katibi Antonio Quterreşlə görüşündə deyib.
O qeyd edib ki, dini xadimlər hər zaman sülhə çağırırlar:
"Amma iki ölkənin siyasi rəhbərlikləri sülhə doğru addımlar atarkən biz görürük ki, erməni kilsəsi revanşizmə və yeni qarşıdurmaya çağırışlar edir".
"Bu, qəbuledilməzdir", - deyə A.Quterreş cavab verib.
QMİ sədri BMT baş katibinə Azərbaycanın azad olunmuş ərazilərində mənşəyindən asılı olmayaraq bütün dini və mədəni obyektlərin genişmiqyaslı bərpa prosesi barədə məlumat verib. O baş katibi Azərbaycanda mövcud unikal dinlərarası əməkdaşlıq və məzhəblərarası anlaşma mühiti, dövlət-din münasibətlərinin yüksək səviyyəsi barədə də məlumatlandırıb.
Azərbaycanda məzhəblər arasında anlaşmanın uğurlu modelinin İslam dünyasında nümunə olaraq qəbul edildiyini diqqətə çatdıran QMİ sədri gələn il Azərbaycanda Müsəlman Ağsaqqalları Şurası, BMT Sivilizasiyalar Alyansının həmtəşkilatçılığı ilə İslamdaxili dialoq və İslamofobiya ilə mübarizəyə həsr olunmuş mötəbər tədbirin keçiriləcəyini BMT Baş katibinin diqqətinə çatdıraraq, Quterreşi bu tədbirə dəvət edib.
A. Quterreş, öz növbəsində, QMİ sədrini BMT Sivilizasiyalar Alyansının bu ilin dekabr ayında Səudiyyə Ərəbistanında keçirəcəyi növbəti Qlobal forumunda iştirak etməyə dəvət edib.