EN

Düşənbə görüşü və Kabanovun təxribatı: Azərbaycanın mövqeyi və qalib diplomatiya

Düşənbədə keçirilən İlham Əliyev–Vladimir Putin görüşü təkcə iki liderin diplomatik təması deyildi.

Bu, Cənubi Qafqazda sabitliyin bərpası, Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələyə keçidi və regionda soyuq başla, emosiyasız şəkildə balanslı siyasətin davam etdirilməsi baxımından strateji hadisə idi. Məhz bu səbəbdən görüş bəzi dairələrdə, xüsusilə də Rusiyanın içərisindəki ermənipərəst və revanşist qruplarda xoş qarşılanmadı. Kirill Kabanov kimi şəxslərin qərəzli açıqlamaları da həmin narahatlığın ifadəsidir.



O, guya görüşün İlham Əliyevin təşəbbüsü ilə baş tutduğunu və bunun “zəiflik əlaməti” olduğunu iddia edərək həm etik, həm də siyasi sərhədləri aşdı. Halbuki bu görüş, əksinə, iki dövlətin uduşu, iki qonşu ölkə arasında münasibətlərin qalibiyyətidir.

Azərbaycanla Rusiya arasında münasibətlərin normallaşması həm region, həm də hər iki dövlət üçün strateji qələbədir.

Rusiya

Bu əlaqələrdə emosional deyil, soyuq başla aparılan dialoq xətti qorunmalıdır. Son illərdə Qərbdəki bəzi dairələr və Rusiyanın içindəki ermənipərəst qruplar bu münasibətlərin korlanması üçün müxtəlif vasitələrə əl atır, iki ölkə arasında etimad mühitini zədələməyə çalışırdılar. Onların arzusu puç oldu. Düşənbə görüşü göstərdi ki, Bakı və Moskva arasında birbaşa, açıq və real təmaslar davam edir. Bu, Qafqazda ikinci cəbhə açmaq istəyən qüvvələr üçün ciddi zərbədir.

Görüşün mühüm nəticələrindən biri də Rusiya Federasiyasında yaşayan vətəndaşlarımızla bağlıdır. Son aylarda bəzi dairələrin Azərbaycan əsilli Rusiya vətəndaşlarına qarşı yaratdığı təzyiq və təqib halları, xüsusilə iqtisadi sferada, süni gərginlik yaradırdı. Prezidentlərin görüşündən sonra aidiyyəti qurumların, xüsusilə hüquq-mühafizə strukturlarının bu istiqamətdə lazımi impulslar aldığı gözlənilir. Rusiya rəhbərliyinin bu məsələni başa düşməsi və azərbaycanlılara qarşı əsassız basqıların aradan qaldırılması münasibətlərin dərinləşməsi üçün növbəti vacib addım olacaq.

Putin

Putinin Düşənbədə Paşinyanı ticarət rəqəmləri ilə bağlı düzəlişə məcbur etməsi isə görüşün digər mühüm detalı idi. Bu, Ermənistanın re-export əməliyyatlarını gizlətməyə çalışmasının açıq ifşası idi. Paşinyanın bu mövzuda manipulyativ davranışları artıq Kreml səviyyəsində görünür və bu, Moskva-İrəvan münasibətlərindəki yeni gərginlik nöqtəsidir. Ermənistan illərdir Qərb və Rusiya arasında “iki stul” siyasəti aparır, amma Paşinyanın yalan rəqəmlərlə reallığı təhrif etməsi Putinin də diqqətindən yayınmadı.

Prezident İlham Əliyevin son 10 gün ərzində 3 fərqli coğrafiyada – Qəbələdə Türk Dövlətləri Təşkilatının toplantısında, Düşənbədə MDB sammitində və Avrasiya iqtisadi məkanını əhatə edən digər beynəlxalq platformalarda iştirakı onun diplomatik fəaliyyətinin miqyasını göstərir. Bu, sadəcə diplomatiya deyil, Azərbaycanın müxtəlif istiqamətlərdə artan nüfuzunun təzahürüdür. İlham Əliyev həm Qərb, həm Şərq, həm də postsovet məkanında aparıcı siyasi fiqurlardan biridir və bu, Azərbaycanın beynəlxalq statusunu gücləndirir. Prezidentin qısa müddətdə fərqli regionlarda bu qədər intensiv təmaslar aparması ölkənin çoxvektorlu siyasətinin canlı göstəricisidir.

Qəbələdə

Qəbələ şəhərinin bu prosesdə ayrıca yeri var. TDT sammitinin məhz Qəbələdə keçirilməsi Azərbaycanın həm mədəni, həm də iqtisadi baxımdan inkişaf etmiş bölgələrindən birinin beynəlxalq səviyyəyə çıxarılması demək idi. Qəbələ təkcə turizm və təbiət gözəlliyi ilə deyil, həm də müasir infrastruktur, təhlükəsiz mühit və təşkilati potensialı ilə seçildi. Şəhərin inkişafı Azərbaycanın regionlarda bərabər inkişaf siyasətinin real nəticəsidir. Qəbələdə keçirilən görüşlər Azərbaycanın modernləşmiş simasını nümayiş etdirdi və beynəlxalq tədbirlər üçün ideal məkana çevrildiyini təsdiqlədi.

Düşənbə

Bütün bunların fonunda Kabanovun səsləndirdiyi təhqiramiz və uydurma fikirlər yalnız bir həqiqəti göstərir — bəzi rus dairələri Azərbaycanın bərabər tərəfdaş kimi davranmasını hələ də qəbul edə bilmir. Amma Düşənbə görüşü göstərdi ki, Azərbaycan nə kiminsə orbitindədir, nə də diktə ilə hərəkət edir. Bakı öz maraqlarını aydın və qəti şəkildə ifadə edir, regionda dialoq, sabitlik və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan münasibətləri formalaşdırır.

Kabanov kimi şəxslərin qərəzli çıxışları isə keçmiş imperiya təfəkkürünün sönməkdə olan son səsləridir — amma bu səslər artıq Azərbaycanın qalib diplomatiyasını susdura bilməz.

Əli Rais,
Musavat.com

Chosen
35
2
musavat.com

3Sources