EN

Sebastian Lekörnünün yenicə formalaşdırılmış hökuməti parlamentdə senzura təhlükəsi ilə üz-üzədir

Paris, 13 oktyabr, AZƏRTAC

Fransada Sebastian Lökornünün yeni formalaşan hökuməti hələ fəaliyyətə başlamadan ciddi siyasi gərginliklə qarşılaşıb. Oktyabrın 12-də Matignon vəzifəsinə yenidən təyin olunan keçmiş müdafiə naziri Sebastian Lekörnünün hökuməti artıq senzura təhdidi altındadır.

AZƏRTAC xəbər verir ki, oktyabrın 12-də axşam Sebastian Lekörnü II hökumətinin üzvlərinin adları açıqlanıb. Yeni hökumətdə 34 nazir fəaliyyət göstərəcək. Əvvəlki nazirlərdən Raşida Dati (mədəniyyət naziri) və Gerald Darmanin (ədliyyə naziri) yeni hökumətdə yer alıblar.

Yeni hökumət elan edilən kimi Fransanın solçu müxalifəti artıq Lökornü hökumətinə qarşı ciddi mövqe sərgiləyib. Əyilməz Fransa (La France Insoumise-LFİ) fraksiyasının rəhbəri Matild Pano, sosial şəbəkədə mövqeyini belə ifadə edib: “Yeni gələnlərə bir tövsiyə: qutularınızı çox tez açmayın. Senzura gəlir. Ardınca da Makronun gedişi”.

İfrat sağçı Milli Birlik (Rassemblement National) partiyasının lideri Marin Le Pen də bu mövqeyə qoşularaq, hökumətin “senzuraya məruz qalacağını” bildirib və ertəsi gün rəsmi senzura təklifi təqdim ediləcəyini açıqlayıb.

Sosialistlərin lideri Olivye For sadəcə “No comment…” (Şərhsiz) yazmaqla kifayətlənib, ekoloqların rəhbəri Marin Tondelye isə hökumət tərkibi haqqında danışmaqdan imtina edib.

Yeni hökumətdə təmsil olunan Respublikaçılar (Les Républicains-LR) partiyasının üzvləri ilə bağlı da daxili böhran yaşanır. Partiyanın verdiyi rəsmi bəyanatda deyilir: “Yeni hökumətə daxil olan LR üzvləri artıq partiyamıza aid sayıla bilməzlər”.

Chosen
15
4
azertag.az

5Sources