EN

Bakıda Beynəlxalq Hakimlər Assosiasiyasının Baş Assambleyası başlayıb, qurumun prezidenti seçiləcək - FOTO - YENİLƏNİB

Bu gün Bakıda Beynəlxalq Hakimlər Assosiasiyasının (International Association of Judges) 67-ci Baş Assambleyası başlayıb.

APA-nın xəbərin görə, Azərbaycan Hakimlər İttifaqının sədri Ramiz Rzayev Prezident İlham Əliyevin Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci Baş Assambleyasının iştirakçılarına müraciətini oxuyub.

Azərbaycan Hakimlər İttifaqının sədr müavini, Ali Məhkəmənin Mülki kollegiyasının sədri Sənan Hacıyev deyib ki, beynəlxalq hüquq ictimaiyyətinin üzvləri Azərbaycanın ədliyyə sahəsindəki baxışını, hakimlərimizin fədakarlığını və ölkəmizin məhkəmə müstəqilliyinə dair mövqeyini görə bilərlər: “Keçən il Keyptaun şəhərində keçirilən Baş Assambleyada gizli səsvermə yolu ilə 67-ci illik toplantının Azərbaycana həvalə edilməsi qərara alındıqda, mən Azərbaycanda məhkəmə müstəqilliyinə dair mövqeyimizi bölüşdüm. Bu gün çox şadam ki, bunu şəxsən görmək imkanı əldə edəcəksiniz”.

Azərbaycan Respublikası Ali Məhkəməsi və Məhkəmə-Hüquq şurasının sədri İnam Kərimov qeyd edib ki, Azərbaycan Hakimlər İttifaqının Beynəlxalq Hakimlər Assosiasiyasında bir körpü rolunu oynamasından böyük qürur duyuruq: “Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi il’ Konstitusiyamız qanunun aliliyini və hakimiyyətin bölgüsünü təsbit etdi. Prezident İlham Əliyev tərəfindən həyata keçirilən islahatlar sayəsində bu, daha da möhkəmləndirilib və ədalət mühakiməsinin idarə olunması dövlətçiliyimizin ən dinamik dayaqlarından birinə çevrilib”.

Ali Məhkəmənin sədri sürətlə dəyişən dünyada hüququn üstünlüyünün qorunub-saxlanılmasının vacibliyini vurğulayıb: “Ölkələrinizə qayıdarkən təkcə Azərbaycan mədəniyyətinin və qonaqpərvərliyinin xatirələrini deyil, həm də ədalət işinin bizi bütün sərhədlərin fövqündə birləşdirdiyi inamını özünüzlə aparasınız”.

Beynəlxalq Hakimlər Assosiasiyasının prezidenti Duro Sessa deyib ki, məhkəmə sisteminə qarşı yönəlmiş strategiya ən açıq şəkildə media kampaniyasında özünü göstərir, hakim artıq hüquqi deyil, siyasi ittihamlarla üzləşir: “Demokratik, konstitusiyalı dövlətdə məhkəmə qərarları tənqidə, o cümlədən sərt tənqidə açıq olmalıdır. Lakin bu gün şahidi olduğumuz vəziyyət tənqiddən çox-çox irəlidir. Bu, məhkəmə hakimiyyətinin bir institut kimi səlahiyyətlərinə qarşı hücumdur. Məhkəmələrin tam müstəqil qalması həyati əhəmiyyət daşıyır.

Baş Assambleya müzakirələrlə davam edib.

***

saat 17.30

Bu gün Bakıda Beynəlxalq Hakimlər Assosiasiyasının (International Association of Judges) 67-ci Baş Assambleyası öz işinə başlayıb.

APA xəbər verir ki, Assambleyanın açılış mərasimində dünyanın 71 ölkəsindən 300-ə yaxın nümayəndə — hakimlər, vəkillər və beynəlxalq təşkilatların təmsilçiləri, eləcə də tanınmış hüquqşünas ekspertlər iştirak ediblər.

Oktyabrın 12-dən 17-dək davam edəcək Baş Assambleya çərçivəsində qurumun idarəetmə orqanlarına seçkilər keçiriləcək, müxtəlif dövlətlərin məhkəmə-hüquq sistemindəki vəziyyət, mövcud problemlər və müsbət təcrübələr müzakirə olunacaq. Həmçinin, ev sahibi kimi Azərbaycanın məhkəmə-hüquq sistemi ilə tanışlıq da nəzərdə tutulur.

Oktyabrın 14-də “Məhkəmə hakimiyyəti və digər hakimiyyət qolları arasındakı münasibətlər” mövzusunda beynəlxalq konfrans keçiriləcək. Konfransda qanunun aliliyinin təmin olunmasında məhkəmələrin rolu geniş şəkildə təhlil ediləcək.

Assambleya çərçivəsində həmçinin Beynəlxalq Hakimlər Assosiasiyasının prezidenti vəzifəsinə seçkilərin keçirilməsi planlaşdırılır.

Bununla yanaşı, 12–17 oktyabr tarixlərində “Ədalət mühakiməsi rəmzləri” adlı sərgi təşkil olunacaq. Sərgidə dünyanın 80 ölkəsindən gətirilmiş 150-yə yaxın hakim, vəkil və dövlət ittihamçısına məxsus cübbələr, ordenlər, döş nişanları, markalar və pul əsginasları nümayiş etdiriləcək.

Xatırladaq ki, 1953-cü ildə təsis olunmuş Beynəlxalq Hakimlər Assosiasiyasının əsas məqsədi dünyada məhkəmə hakimiyyətlərinin müstəqilliyinin qorunmasıdır. Hazırda təşkilat öz sıralarında 93 ölkənin hakimlər birliklərini birləşdirir və illik toplantılarını yalnız qanunun aliliyinin və məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin olunduğu ölkələrdə keçirir.

Baş Assambleyanın 2025-ci ildə Bakıda keçirilməsi barədə qərar ötən il Cənubi Afrika Respublikasının Keyptaun şəhərində təşkilat üzvlərinin gizli səsverməsi yolu ilə qəbul edilib.

Bakıda Bakıda Bakıda Bakıda Bakıda Bakıda Bakıda
Chosen
38
18
apa.az

10Sources