BAKI, 12 oktyabr. TELEQRAF
Rusiya ordusu son sutka ərzində Kupyansk, Lıman və Aleksandrovska (Novopavlovska) istiqamətlərində irəliləyib.
Teleqraf xəbər verir ki, bu barədə “DeepState” analitikləri məlumat yayıb.
Bildirilib ki, rus qüvvələri Xarkov vilayətinin Peşçanoye, Zaporojye vilayətinin Malinovka və Donetsk vilayətinin Torskoye yaşayış məntəqələri yaxınlığında mövqelərini genişləndirib.
Ukrayna Milli Qvardiyasının “Kara-Dağ” briqadasının komandiri Andrey Kuskov (“Sezar”) isə bildirib ki, rus ordusu Kupyansk istiqamətində genişmiqyaslı hücuma keçə bilmir. Onun sözlərinə görə, logistika problemləri və Oskol çayı üzərindəki körpülərin vəziyyəti buna mane olur.
“Düşmən kiçik qruplarla fasiləsiz hücumlar təşkil edir, lakin bu, ümumi vəziyyəti dəyişmir”,deyə Kuskov qeyd edib.
Komandir həmçinin bildirib ki, hava şəraiti Ukrayna hərbçilərinə rus mövqelərini daha asan aşkar etməyə kömək edir.
ISW-nin məlumatına görə, rus qüvvələri Dnepropetrovsk vilayətinin bəzi ərazilərində də irəliləyib. Eyni zamanda, Ukrayna ordusu Donetsk vilayətində əks-hücum əməliyyatlarını davam etdirir.