EN

Azərbaycanın çoxvektorlu diplomatiyası: regional təhlükəsizlik və səmərəli işbirliyi faktoru

Oktyabrın 10-da Tacikistanın paytaxtı Düşənbədə keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası regional əməkdaşlığın yeni mərhələsinə təkan verən mühüm siyasi hadisə kimi yadda qalıb. Görüşdə Müstəqil Dövlətlər Birliyinin üzv ölkələri qarşısında dayanan çağırışlar, təhlükəsizlik, iqtisadi inkişaf, nəqliyyat əlaqələri və humanitar əməkdaşlıq məsələləri müzakirə olunub. İclasda Azərbaycanı uğurla təmsil edən Prezident İlham Əliyev çıxışında təşkilatın fəaliyyətinə dair fundamental mövqeyini ifadə edərək regional təhlükəsizliklə bağlı mühüm mesajlar verib.

"Unikal" xəbər verir ki, bu sözləri açıqlamasında Milli Məclisin deputatı Bədəl Bədəlov bildirib. B. Bədəlov qeyd edib ki, Müstəqil Dövlətlər Birliyi uzun illərdir ki, postsovet məkanında dövlətlər arasında əməkdaşlığı təmin edən əsas siyasi və iqtisadi platformalardan biri kimi fəaliyyət göstərir: "Bu birliyin fəaliyyəti qarşılıqlı hörmət, suverenliyə riayət və bərabərhüquqlu əməkdaşlıq prinsipləri üzərində qurulub. MDB-nin məqsədi üzv dövlətlər arasında etimadı möhkəmləndirmək, təhlükəsizlik sistemini gücləndirmək, iqtisadi əlaqələri dərinləşdirmək və humanitar sahədə birgə təşəbbüsləri reallaşdırmaqdan ibarətdir.

Azərbaycanın bu təşkilatda iştirakı onun regional proseslərdə fəal və müstəqil siyasət yürütməsi ilə sıx bağlıdır. Dövlətimiz Müstəqil Dövlətlər Birliyinin bərabərhüquqlu üzvü kimi təşkilatın bütün formatlarında əməkdaşlığın möhkəmlənməsinə və səmərəli qarşılıqlı fəaliyyətə önəm verir. Bu obyektiv mövqe ölkəmizin çoxvektorlu xarici siyasət kursunun tərkib hissəsidir.

İclasda diqqət çəkən əsas məqam MDB məkanında təhlükəsizlik və sabitliyin təmin olunması məsələsi idi. Regional sabitlik yalnız beynəlxalq hüququn prinsiplərinə əsaslanan siyasət, qarşılıqlı hörmət və suverenlik prinsiplərinə sadiqlik sayəsində mümkündür. Azərbaycanın beynəlxalq arenada qazandığı təcrübə göstərir ki, sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi üçün dialoq, qarşılıqlı maraqların qorunması və praqmatik yanaşma vacib amillərdir.

Azərbaycanın müstəqillik illərində Müstəqil Dövlətlər Birliyi çərçivəsində həyata keçirdiyi çoxsaylı iqtisadi və logistika layihələri, eləcə də enerji və nəqliyyat dəhlizlərinin yaradılmasında oynadığı aparıcı rol ölkəmizi regionun mühüm iqtisadi mərkəzinə çevirib. Cənub Qaz Dəhlizi, Bakı–Tbilisi–Qars dəmir yolu və Zəngəzur dəhlizi kimi təşəbbüslər MDB ölkələrinin bir çoxu üçün yeni iqtisadi imkanlar açır.

III MDB Oyunlarının Gəncə və digər şəhərlərdə keçirilməsi birliyin humanitar əməkdaşlığının inkişafında mühüm mərhələ kimi dəyərləndirilir. Qədim mədəniyyət və gənclik şəhəri olan Gəncənin ev sahibliyi etdiyi yarışlar idman vasitəsilə xalqlar arasında dostluq, həmrəylik və qarşılıqlı anlayışın möhkəmlənməsinə xidmət edib. Müxtəlif ölkələrdən gələn idmançıların iştirakı MDB məkanında birgə dəyərlərin paylaşılması və əməkdaşlığın mədəni əsaslarda genişlənməsi üçün əlverişli mühit yaradıb. Bu mötəbər idman tədbiri həm də birliyin gələcəkdə daha sıx humanitar inteqrasiyasına təkan verən vacib addım kimi əhəmiyyət daşıyır. MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında Prezident İlham Əliyevin çıxışında qeyd etdiyi kimi, birliyin həyatında daha bir mühüm hadisə sentyabrın 28-dən oktyabrın 8-dək qədim Gəncə şəhərində - XII əsrin dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin vətənində keçirilən III MDB Oyunları oldu: “Gəncə ilə yanaşı, Azərbaycanın daha altı şəhərində - Qəbələ, Göygöl, Yevlax, Mingəçevir, Xankəndi, Şəkidə 13 ölkədən – həm MDB üzvləri olan, həm də qonaq ölkələrdən 1600-dən çox idmançı qəbul edildi. Bu qəbildən tədbirlər MDB məkanında və onun hüdudlarından kənarda dostluğu, əməkdaşlığı möhkəmləndirir, bərabərhüquqlu, qarşılıqlı maraqlara və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin güclənməsinə kömək edir”.  

MDB Dövlət Başçıları Şurasının iclasında diqqət mərkəzində olan məsələlərdən biri də humanitar əməkdaşlığın inkişaf etdirilməsi idi. MDB çərçivəsində təhsil, elm, mədəniyyət və gənclər siyasəti sahəsində birgə proqramların reallaşdırılması qarşılıqlı etimadın dərinləşməsinə xidmət edir. Azərbaycan bu istiqamətdə də fəal rol oynayaraq müxtəlif humanitar təşəbbüslərə dəstək verir, regional inteqrasiyanın mədəni əsaslarını gücləndirir.

MDB regionu müasir dövrdə mürəkkəb geosiyasi proseslərin təsiri altındadır. Yeni risklər – terrorizm, transmilli cinayətkarlıq, enerji təhlükəsizliyi və informasiya müharibələri kimi təhdidlər üzv dövlətlərin birgə səylərini tələb edir. Koordinasiyalı fəaliyyət və bərabər məsuliyyət prinsipi əsasında bu təhlükələrə qarşı effektiv cavab mexanizmi formalaşdırmaq mümkündür. Azərbaycanın həmin məsələlərdə prinsipial mövqeyi ondan ibarətdir ki, təhlükəsizlik yalnız bir dövlətin deyil, bütün regionun ortaq dəyəridir.

Düşənbə sammitində Azərbaycan tərəfi iqtisadi inteqrasiyanın dərinləşdirilməsinə dair konkret baxışını da ifadə edib. MDB məkanında iqtisadi əlaqələrin liberallaşdırılması, ticarət dövriyyəsinin artırılması və yeni logistika marşrutlarının yaradılması regional sabitliyə töhfə verir. Dövlətimizin nəqliyyat tranzit potensialı, xüsusilə də Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində mühüm tranzit qovşağına çevrilməsi bu sahədə birliyin strateji maraqlarına cavab verir.

MDB Dövlət Başçıları Şurasının iclası bir daha təsdiqlədi ki, sözügedən region bu gün də əməkdaşlıq üçün zəruri siyasi platformadır. Burada səslənən fikirlər və qəbul edilən qərarlar qarşılıqlı etimadın möhkəmlənməsi, iqtisadi və humanitar əlaqələrin inkişafı, təhlükəsizliyin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycanın fəal mövqeyi isə bu birliyin gələcəkdə daha çevik və müasir tələblərə uyğun mexanizmlərlə işləməsinə töhfə verir. Dövlətimizin diplomatik xətti təkcə milli maraqlara deyil, həm də regional əməkdaşlığın dayanıqlı inkişafına xidmət edir."

Chosen
14
50
unikal.az

10Sources