EN

Ekspert xəbərdarlıq edir: Cihazınız izlənililə bilər

BAKI, 12 oktyabr. TELEQRAF

Smartfon və ya noutbukda gözlənilməz texniki problemlər cihazın istifadəçiyə "gizli casusluq" etməsi ilə əlaqəli ola bilər.

Teleqraf xəbər verir ki, bu barədə rusiyalı ekspert Aleksandr Timofeyev “Prime” agentliyinə açıqlamasında deyib.

Ekspertin sözlərinə görə, istifadəçilər çox zaman proqramlara lazım olduğundan artıq icazə verirlər:

"Bu da onların kamera və mikrofon kimi həssas funksiyalara müdaxiləsinə şərait yaradır. Hətta bəzi bank və oyun proqramları belə bu icazələri tələb edir".

A.Timofeyev aşağıdakı halların casus proqram və ya zərərli müdaxiləyə işarə edə biləcəyini bildirib:

"Cihazın və ya proqramların səbəbsiz ləngiməsi və donması, kamera işığının öz-özünə yanması, batareyanın tez boşalması və qızması, fanın (soyuducu pər) həddən artıq işləməsi, cihazın özbaşına yenidən başlamağa çalışması, parolun düzgün daxil edilməsinə baxmayaraq girişin mümkünsüz olması, internet trafikinin kəskin artması casus proqram və zərərli müdaxiləyə işarə olacaq siqnallardır".

O, cihaz sahiblərinə müntəzəm olaraq icazələri yoxlamağı, iki faktorlu identifikasiya tətbiq etməyi və şübhəli hallarda cihazı zavod parametrlərinə qaytarmağı tövsiyə edib.

Həmçinin qeyd edib ki, iOS və Android sistemlərində kamera və mikrofonun nə vaxt və hansı proqram tərəfindən istifadə edildiyini izləmək üçün xüsusi alətlər mövcuddur:

"İcazələr siyahınızı mütəmadi olaraq yoxlayın və lazımsızları söndürün, iki faktorlu autentifikasiyadan istifadə edin. Əgər zərərli bir şey cihazınıza gizlicə daxil olubsa, mobil cihazı zavod parametrlərinə qaytarmaq daha yaxşı olar".

Chosen
11
teleqraf.com

1Sources