EN

Sükut andı : Bəşər Əsəd saatlarla “Moskva Siti”də onlayn oyunlar oynayır

ain.az, Bizimyol portalına istinadən məlumat verir.

Suriya Respublikasının sabiq prezidenti Bəşər Əsəd hazırda “Moskva-Siti”də yaşayır və günlərinin böyük hissəsini onlayn kompüter oyunları oynamaqla keçirir. Onun ailəsinə kompleksin bir qülləsində 20-yə yaxın mənzil məxsusdur. Bütün mənzillər dəbdəbəli şəkildə bəzədilib və şərq saraylarını xatırladır. Zaman-zaman Əsəd Moskva ətrafına çıxır və həmişə eyni bağ evində qalır.

Bizimyol.info xəbər verir ki, "Die Zeit" qəzeti ailəyə yaxın mənbəyə istinadən yazır ki, Əsəd kompleksin üç mərtəbəsində yerləşən təxminən 20 mənzilin sahibidir.

Məqalədə qeyd edilir ki, Kremldən tam asılı vəziyyətdə olan sabiq prezident "sükut andı" adlandırılan bir mövqe tutub – ictimaiyyətə görünmür, kölgədə qalmağa üstünlük verir.

Əsədin keçmiş yaxın ətrafından olan və hazırda Avropada yaşayan bir şəxs bildirib ki, siyasətçi Moskvada sərbəst hərəkət edir, bəzən yaxınlıqdakı ticarət mərkəzlərinə gedir. Onun sözlərinə görə, Əsəd və ailəsi özəl mühafizəçilər tərəfindən qorunur və bu mühafizəçilərin xərcləri Rusiya hökuməti tərəfindən qarşılanır.

Mənbə əlavə edib ki, Bəşər Əsəd boş vaxtlarının çoxunu onlayn oyunlara sərf edir. Əsədin kiçik qardaşı Maher Əsəd isə Moskvanın “Four Seasons” otelində qalır, vaxtını spirtli içkilər içməklə və qəlyan çəkməklə keçirir.

Məlumata görə, Əsədin “Moskva-Siti”dəki mənzilləri dəbdəbəli şəkildə bəzədilib – krem rəngli və qızıl haşiyəli şkaflar, kristal çil-çıraqlar və geniş divanlarla təchiz olunub. Pəncərələrdən Moskva şəhərinə və Moskva çayına panoram görüntü açılır.

Məqalədə: “Ən diqqətçəkən detal – Karrara mərməri ilə tam örtülmüş hamam otağıdır. İçi isidilən iri hamam vannası düz dörd metrlik pəncərəyə baxır. Vannanın qarşısından təyyarələr göz səviyyəsində uçur”, - deyə xüsusilə qeyd olunur.

Əsəd Suriyadan qaçdıqdan sonra nadir hallarda mediada görünür. Lakin bir neçə qalmaqallı hadisə onun adını yenidən gündəmə gətirib:

2025-ci ilin oktyabrında, Suriyada insan haqlarını müşahidə edən təşkilat Əsədin zəhərlənmə cəhdindən sonra xəstəxanadan buraxıldığını bildirmişdi. Mənbənin iddiasına görə, bu sui-qəsd Rusiya hökumətini gözdən salmaq məqsədi daşıyırdı.

Həmin məlumatdan bir neçə gün əvvəl Suriyada məhkəmə Əsəd barəsində həbs qərarı çıxarmışdı. SANA agentliyinin verdiyi məlumata əsasən, bu qərar 2011-ci ildə Dəraa şəhərində baş vermiş hadisələrlə bağlı idi.

Nə zəhərlənmə, nə də həbs qərarı ilə bağlı Əsəd və ya onun ailəsi hər hansı bir açıqlama verməyib.

2024-cü ilin dekabrında, Suriya müxalifətinə məxsus silahlı qruplar Dəməşqə daxil oldu. Bu, Əsədi prezident postunu tərk etməyə və ölkəni tərk etməyə məcbur etdi. Əsəd ailəsi ilə birlikdə Moskva şəhərinə gələrək orada "humanitar səbəblərlə" sığınacaq aldı.

Nəticədə faktiki olaraq Suriya rəhbəri "Hayat Təhrir əş-Şam" təşkilatının başçısı Əhməd əş-Şərraa oldu.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
22
icma.az

1Sources