"Bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkə səhifələrində “Qara Qarayevin yaşadığı mənzil satışa çıxarıldı” başlığı ilə yayılan məlumat tam həqiqəti əks etdirmir".
Publika.az xəbər verir ki, bu fikirlər bəstəkar Qara Qarayevin qızı Züleyxa Qarayeva-Bağırova sosial şəbəkələrdə yayılmış məlumatlarla bağlı yaydığı açıqlamada yer alıb.
O bildirib ki, xəbərdə adıçəkilən mənzil dahi bəstəkar, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Qara Qarayevin yaşadığı ev kimi təqdim olunsa da, bu məlumat tam dəqiq deyil:
"Məlumatı dəqiqləşdirmək məqsədilə bildiririk ki, həmin mənzil bəstəkara dövlət tərəfindən 1950-ci illərdə verilmiş və Qara Qarayev burada bir neçə il yaşamışdır. Daha sonra bəstəkar başqa ünvana köçmüş, sözügedən mənzildə isə illər ərzində bir neçə ailə məskunlaşmış və sonradan mənzil satılmışdır.
Hazırda Qara Qarayevin əsl yaşadığı və yaradıcılığının mühüm dövrünü keçirdiyi mənzil “Qara Qarayevin ev-muzeyi” kimi fəaliyyət göstərir və dövlət tərəfindən qorunur. Muzeydə bəstəkarın şəxsi əşyaları, sənədləri, musiqi arxivləri və dəyərli eksponatları saxlanılır.