EN

Baş nazir üçün göz muncuğu

Onilliklər ərzində dünya şöhrətli liderlərinin rəhbərliyi altında Avropa siyasətinə istiqamət vermiş və qlobal siyasətə kifayət qədər təsir gücünə malik olmuş Fransa Respublikası Emanuel Makronun prezidentliyi dövründə özünün ən böhranlı illərini yaşayır. Keçən il əvvəlcə Avropa parlamentinə seçkilərdə və ardınca növbədənkənar milli parlament seçkilərində amansız məğlubiyyətə uğramış iqtidar partiyasının ölkə daxilində ictimai-siyasi və iqtisadi sabitliyi təmin etmək üçün hər hansı aydın bir planı yoxdur. Son iki ildə Fransada 5 baş nazir dəyişib. Sonuncu baş nazir Sebastyan Lekornyu cəmi 26 gün bu vəzifədə qala bildi. Növbəti addımın nədən ibarət ola biləcəyi isə hamını düşündürən əsas suala çevrilib.

Mövcud durumla bağlı vəziyyəti GBH telekanalına şərh edən Fransa senatoru Natali Qule Fransanın “davamlı qeyri-sabitlik zolağında” olduğunu bildirib. Senator qeyd edib ki, bu son 67 il ərzində Fransada görünməmiş bir vəziyyətdir və hələ də bu vəziyyətdən birmənalı çıxış yolu görünmür. Natali Qule Makronun istefa verəcəyinə inanmır. Parlamentin yenidən buraxılması və yeni seçkilərin keçirilməsi də riskli görünür. Gələn ilki növbəti bələdiyyə seçkiləri ilə bərabər eyni ildə həm də yeni parlament seçkilərinin keçirilməsinin ölkədə hərc-mərclik yarada biləcəyi hamını qorxudur. Natali Qule hesab edir ki, Fransada vətəndaşla siyasi sistem arasında böyük bir güvənsizlik yaranıb. Bu isə gələcək seçkilərdə ultra-sağçı siyasi qüvvələrin xeyrinə işləyir. Mövcud vəziyyət ölkənin daxili sabitliyinə kifayət qədər mənfi təsir göstərməklə yanaşı həm də beynəlxalq siyasətdə Fransanın roluna kifayət qədər dağıdıcı təsir göstərir. Senator bildirib ki, Fransa beynəlxalq tərəfdaşları və ortaqları qarşısında etimadını itirmək təhlükəsi ilə üz-üzədir.

Aparıcının “Çıxış yolunu nədə görürsünüz” sualına Natali Qule maraqlı bir cavab verib: “Qarşıdan büdcə müzakirələri gəlir, amma hökümət yoxdur. Düşünürəm ki, bəlkə mərkəzçi qüvvələr bir araya gəlib ümumi maraqlara cavab verəcək ortaq bir milli hökümət qura bilərlər. Əgər bu baş verərsə öz ofisimdə saxladığım nəzər muncuğunu yeni seçiləcək baş nazirə təqdim edəcəm. Məncə növbəti baş nazirin bu muncuğa daha çox ehtiyacı olacaq. Onun uğurlu olması üçün öz göz muncuğumu da ona hədiyyə etməyə hazıram. Məndə başqa biri də var.”

Beləliklə Fransa siyasi mühitində paradoksal bir vəziyyət yaranıb. Xalq iqtidara və onun qurduğu hökümətə inanmır. İqtidar isə yeni seçkilər elan edilsə belə həmin seçkilərdə qələbə qazanacağına heç inanmır. Siyasi elita arasında danışıqlar yolu ilə milli barışıq höküməti yaradılacağı halda da növbəti baş nazirin uğurlu olacağı şübhəli görünür. Yeganə ümid Natali Qulenin göz muncuğuna qalıb.

Cavanşir Feyziyev

Milli Məclisin deputatı

Chosen
17
4
moderator.az

5Sources