EN

Qızıl girovu ilə kredit götürənlər yeni şəraiti mütləq nəzərə almalıdır…


Xalid Kərimli: “Qızılın bazar qiymətinin dəyişməsi kreditin şərtlərinə birbaşa təsir etmir, yalnız…”

Son vaxtlar bazarda qızıl sürətlə bahalaşır. Bu bahalaşma qızıl girovları ilə bağlı vəziyyətə də təsir edir.

Məlumdur ki, qızıl girov kimi qoyularkən zinət əşyası kimi yox, saf qızıl kimi qiymətləndirilir. Çünki likvidlik, yəni tez bir zamanda satıla bilmə qabiliyyəti əsas faktorlardan biridir. Girov saxlayan qurumlar üçün qızılın əl işi və ya zinət əşyası olub-olmaması vacib deyil, əsas olan onun tərkibindəki saf qızılın miqdarıdır. Bu səbəbdən də, zinət əşyaları girov qoyulduqda onların estetik və sənətkarlıq dəyəri nəzərə alınmır, yalnız tərkibindəki qızılın çəkisinə və əyarına əsasən qiymət verilir. Bu da vətəndaşların gözlədiklərindən daha aşağı məbləğdə girov dəyəri ilə qarşılaşmalarına səbəb olur.

Maraqlıdır, qızılın bazar qiymətindəki dəyişiklik bu kreditlərin şərtlərinə təsir göstərə bilərmi?

“Qızılın bahalaşması Azərbaycan iqtisadiyyatına ikiqat təsir edib, ancaq qızıl qiymətlərinin dəyişməsinə rəğmən, kredit şərtlərində vəziyyət olduğu kimi qalır”

Iqtisadçı Xalid Kərimli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, son bir ildə qızılın qiyməti təxminən 49 faiz bahalaşıb və artım tendensiyası davam edir: “Qızıl, demək olar ki, hər həftə yeni rekord səviyyəsinə çatır. Bunun əsas səbəbi dünyada geosiyasi gərginliklərin və qeyri-müəyyənliklərin artmasıdır. Müharibələr, ölkələr arasında münasibətlərin kəskinləşməsi, Qərb və Qlobal Cənub arasındakı qarşıdurma qızılın dəyərinə birbaşa təsir göstərir. Qızılın bahalaşması Azərbaycan iqtisadiyyatına ikiqat təsir edib. Ancaq qızıl qiymətlərinin dəyişməsi kredit şərtlərinə təsir etməyib. Məlumat üçün deyim ki, qızıl girovu ilə kredit verilməsi “lombard krediti” adlanır və bu cür kreditlər həm lombardlar, həm də banklar tərəfindən təklif olunur. Ümumiyyətlə, girovla kredit verilməsi zamanı təminat yaxşı olanda faizi daha aşağı olur. Təminat qızıla, qeyri-qızıla da aiddir. Qızılla bağlı gözləntilər yaxşı olduğu üçün kredit məbləği də yüksək olur. Girovla verilən kreditlərdə risq az olduğundan, faizlər də nisbətən aşağıdır. Qızılın bazar qiymətinin dəyişməsi kreditin şərtlərinə birbaşa təsir etmir. Yalnız qızılın qiyməti artdıqda, eyni miqdarda qızıl üçün daha çox məbləğdə kredit götürmək mümkündür”.

Günel CƏLİLOVA

Chosen
10
baki-xeber.com

1Sources