Oktyabrın 8-10-da Bolqarıstanın Veliko Tırnovo şəhərində keçirilən 20-ci beynəlxalq “Mədəni turizm” sərgisində Azərbaycanı Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi və ölkəmizin Bolqarıstandakı səfirliyi təmsil edib. Bu barədə SİA-ya Azərbaycanın Bolqarıstandakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, sərgidə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən Şuşanın tarixi-mədəni müstəsnalığını, turizm potensialını və zəngin təbii gözəlliyini təcəssüm etdirən fotomateriallar, ingilis dilində turizm kitabçaları və bukletlər nümayiş etdirilib. İdarənin nümayəndələri sərgi iştirakçılarına Şuşanın turistik məkanları, turistlər üçün bu şəhərə gəliş yolları, habelə Prezident İlham Əliyevin birbaşa nəzarəti altında Şuşa şəhərində həyata keçirilən bərpa-quruculuq tədbirləri barədə ətraflı məlumat veriblər.
Azərbaycanın Bolqarıstandakı səfirliyi sərgidə ölkəmizin mədəni turizm sərvətlərini, qədim tarixini, adət-ənənələrini, zəngin mədəniyyətini, füsunkar təbiətini əks etdirən milli stend nümayiş etdirərək müvafiq fotoşəkillər, milli suvenirlər və xalılar, eyni zamanda, milli mətbəx nümunələri təqdim edib.
Sərgidə həmçinin, Bakı Media Mərkəzinin dəstəyi ilə Şuşanın tarixi və mədəni elementlərini, ecazkar təbiətini və zəngin memarlıq üslubunu təzahür etdirən fotoşəkillər nümayiş etdirilib.
20-ci “Mədəni turizm” sərgisi çərçivəsində oktyabrın 9-da Azərbaycan nümayəndə heyəti Veliko Tırnovo şəhərinin meri Daniel Panovla görüş də keçiriblər. Görüşdə qardaşlaşmış şəhərlər olan Şuşa ilə Veliko Tırnovo arasında mədəniyyət və turizm əlaqələrinin genişləndirilməsi, qarşılıqlı səfərlərin həyata keçirilməsi, mədəniyyət və turizm tədbirlərinin, həmçinin təcrübə mübadiləsinin təşkilinə dair müzakirələr aparılıb.
Xatırladaq ki, hər il Bolqarıstanın Turizm Nazirliyinin, aidiyyəti hakimiyyət orqanların rəhbərlərinin, yerli və beynəlxalq bələdiyyə nümayəndələrinin iştirakı ilə keçirilən beynəlxalq “Mədəni turizm” sərgisi Balkan regionunda bu sahədə ixtisaslaşmış yeganə sərgi platformasıdır və 3 gün davam edir.