EN

Edvard Mukibi: "Terra Madre" Azərbaycanın mətbəx irsini dünyaya tanıtmaq üçün mühüm platformadır

BAKI, 11 oktyabr. TELEQRAF

"Terra Medra" festivalının əsas məqsədi ölkənin müxtəlif bölgələrindəki icmaları, şəhərləri və onların zəngin mətbəx irsini dünyaya tanıtmaqdır.

Teleqraf-ın Şəkiyə ezam olunmuş müxbiri xəbər verir ki, bu barədə "Slow Food International" prezidenti Edvard Mukibi Terra Madre Shaki festivalında jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, “Slow Food” hərəkatı bu istiqamətdə yerli tərəfdaşlarla birlikdə çalışaraq Azərbaycanın qastronomik müxtəlifliyini qorumaq və beynəlxalq səviyyədə tanıtmaq niyyətindədir:

“Biz istəyirik ki, dünya Azərbaycanın zəngin qastronomik irsini, Şəkinin gözəlliyini, xalqın mədəniyyətini tanısın. Bu böyük sərvətdir və onu davamlı şəkildə qorumaq üçün tanıtmaq lazımdır. Şəkidə təqdim olunan yerli məhsullar və istehsalçılar “Slow Food” fəlsəfəsinin ən yaxşı nümunələrindəndir” – deyə o vurğulayıb.

“Slow Food” hərəkatı 160 ölkədə fəaliyyət göstərir və 1 milyondan çox insanı birləşdirir. Hərəkatın əsas fəlsəfəsi “yaxşı, təmiz və ədalətli qida” prinsipi üzərində qurulub. - deyə o qeyd edib.

E. Mukibi-nin sözlərinə görə, Terra Madre festivalı artıq təkcə İtaliyada deyil, dünyanın bir çox bölgələrində keçirilir.

“Biz bir neçə həftə əvvəl ABŞ-da ‘Terra Madre Americas’da idik, bir ay sonra isə Filippinlərdə ‘Terra Madre Asia and Pacific’ keçiriləcək. Bu tədbirlər insanları öz qida mədəniyyətlərini qeyd etməyə və gələcək nəsillər üçün qorumağa təşviq edir,” – deyə o qeyd edib.

Chosen
45
teleqraf.com

1Sources