EN

Rusiya tərəfi üzərinə düşəni edəcək - RƏY

Moskva başa düşdü ki, Bakı geri çəkilmək niyyətində deyil

Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya rəhbəri Vladimir Putin arasında Düşənbədə keçirilmiş görüş böyük əhəmiyyət kəsb edir. Prezident Putinin verdiyi bəyanatlardan aydın olur ki, ötən ilin dekabrında AZAL-a məxsus təyyarənin vurulması ilə bağlı Rusiya müvafiq addımlar atmaq qərarına gəlib. Hesab etmək olar ki, artıq ikitərəfli münasibətlərin qaydaya salınması qarşısında hər hansı maneə qalmayıb. 

Qeyd edək ki, təyyarəmizin vurulması və sonrasında Moskvanın qeyri-konstruktiv addımları Azərbaycan-Rusiya münasibətlərində ciddi gərginliyə səbəb olmuşdu. Azərbaycan tərəfi Rusiyanı bu hadisəni ört-basdır etməyə çalışmaqda və sübutları gizlətməyə cəhd etməkdə ittiham edirdi. Putin ilk dəfə olaraq Rusiyanın hava hücumundan müdafiə sistemlərinin bu faciəyə səbəb olduğunu etiraf etdi və məsuliyyəti öz üzərinə götürdü. Bu, iki ölkə arasındakı münasibətlərin normallaşması istiqamətində mühüm bir addım olaraq qiymətləndirilməlidir. Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın bu addımını müsbət dəyərləndirərək, hadisənin obyektiv şəkildə araşdırılmasının vacibliyini vurğuladı. Bu məsələnin gələcəkdə belə faciələrin qarşısının alınması üçün nümunə olmasını arzuladığını bildirdi. Prezident həmçinin humanitar sahədəki yüksəksəviyyəli əlaqələrin önəmini qeyd etdi. İki ölkə arasında qarşılıqlı anlaşmanın gücləndirilməsinin əhəmiyyətini bildirdi. 

Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov "Sherg.az"a açıqlamasında deyib ki, Azərbaycan və Rusiya liderləri arasında görüşün baştutma faktının özü münasibətlərin qurulduğunu, danışıqların başladığını göstərir. Ekspertin fikrincə, görüşdə Rusiya prezidenti tərəfindən təyyarə ilə bağlı məlumatların verilməsi Azərbaycanın gözləntilərinə cavab idi: 

"Təyyarənin vurulması ən həssas məsələ idi. Xüsusi vurğulanmalıdır ki, Rusiya təyyarə hadisəsindən ötən müddət ərzində iki məqama köklənmişdi. Birincisi, hadisənin təkcə Rusiyanın deyil, həm də Ukraynanın günahından baş verməsi iddiası idi. Bu və ya digər formada Azərbaycanı təhrik edirdilər ki, Bakı təkcə Moskvanı yox, Kiyevi də günahlandırsın. Amma bu, baş vermədi. Rusiya prezidenti verdiyi məlumatda Ukraynanın adını çəksə də, birbaşa günahı Rusiya Silahlı Qüvvələrinin hava hücumundan müdafiə sistemlərinin üzərinə atdı. Digər məqam təyyarəmizə dəymiş qəlpələrlə bağlıdır. Qəlpələrin Rusiya raketinə, yaxud vurulmuş Ukrayna PUA-sına aid olması sonrakı araşdırmalar nəticəsində bəlli olacaq. Qaydalara görə, 30 günlük ilkin hesabatdan sonra bir ilin tamamında yekun hesabat təqdim olunmalıdır. Dekabr ayında təqdim olunacaq yekun hesabatdan və Rusiyanın konkret addımlarından sonra məsələ qapanmış olacaq. Putin də dedi ki, Rusiya araşdırma istiqamətində nə lazımdırsa, edəcək. Söhbət kompensasiya ödənilməsindən və günahkarların cəzalandırılmasından gedir. Hələlik dekabr ayınadək möhlət istənildi". 

F.Məmmədovun qənaətincə, yekun hesabatdan sonra da Moskvanın hərəkətləri Bakının maraqlarına uyğun olmazsa, Azərbaycan Prezidentinin də vurğuladığı kimi beynəlxalq məhkəmələrə müraciət ediləcək: 

"Ümumi vəziyyət ondan ibarətdir ki, təyyarə hadisəsinə görə böhran yaşayan münasibətlər məhz bu olayın Azərbaycanın haqlı tələblərinə uyğun yekunlaşmasından sonra normallaşacaq. Rusiya prezidentinin Azərbaycanın gözləntilərinə uyğun fikirlərindən yola çıxaraq söyləmək olar ki, Moskva üzərinə düşəni edəcək. Sadəcə olaraq bunu indi deyil, dekabrda rəsmi araşdırma bitəndən sonra həyata keçirəcəklər". 

Siyasi şərhçi əlavə edib ki, Rusiya tərəfi proseslərin fərqli yöndə inkişafını düşünürdü. Ən azından bir müddət sonra məsələnin bağlanacağını, məsuliyyəti öz üzərindən ata biləcəyini zənn edirdi: 

"Azərbaycan lideri bu məsələyə çox həssas və qətiyyətli yanaşdı. Moskva başa düşdü ki, Bakı geri çəkilmək niyyətində deyil. Rusiya təkidlə istəyirdi ki, araşdırma MDB-nin Avrasiya Şurasının nəzdində aparılsın. Aydındır ki, MDB strukturları Rusiyanın nəzarətindədir. Qurumun baş katibi Putinin xarici kəşfiyyat idarəsinin keçmiş rəisidir. Azərbaycan bundan birmənalı imtina etdi. O zaman Bakı Bayden administrasiyasının rəhbərlik etdiyi ABŞ-nin və Avropa Birliyinin də məsələni araşdırmasına razı olmadı. Çünki bizim məsələmizi Qərb öz maraqları naminə Rusiyaya qarşı istifadə edəcəkdi. Mövzu siyasiləşəcəkdi. Məsələni maksimum dərəcədə lokal müstəvidə həll etməyi və ikili münasibətlərin əsas prinsipi kimi önə çıxartdıq. Bu, kifayət qədər çətin proses idi".
Chosen
9
sherg.az

1Sources