BAKI, 11 oktyabr. TELEQRAF
Rumıniyanın energetika naziri Boqdan İvan ölkənin Rusiyadan enerji daşıyıcıları idxalını artırması barədə məlumatı təkzib edib.
Teleqraf xəbər verir ki, nazir sosial şəbəkədə "Reuters"inyaydığı xəbəri yalnış adlandırıb.
“Reuters bu gün yanlış məlumat yayıb, guya Rumıniya Rusiyadan enerji idxalını 57% artırıb”, - o yazıb.
Nazir bildirib ki, ölkə 2022-ci ilin 5 dekabrından bəri Rusiyadan neft, 2023-cü ilin 5 fevralından isə neft məhsulları idxal etmir və gələcəkdə də bunu planlaşdırmır.
Boqdan İvan vurğulayıb ki, Avropa İttifaqının sanksiyalarını pozmaq Rumıniyada cinayət hesab olunur və 5 ildən 12 ilədək həbs cəzası ilə nəticələnə bilər.
"Reuters"in daha əvvəl yaydığı təhlildə qeyd olunmuşdu ki, bəzi Aİ ölkələri, o cümlədən Rumıniya, Rusiyadan enerji idxalını artırıb, bu isə Moskvanın hərbi iqtisadiyyatına milyardlarla avro qazandırır.