“ABŞ və Rusiya prezidentlərinin 15 avqustdakı tarixi Alyaska görüşü əslində Rusiyanın Ukraynadakı irəliləyişlərinin ABŞ tərəfindən dolayısı ilə tanınması, işğalın beynəlxalq səviyyədə legitimləşdirilməsi cəhdi kimi dəyərləndirilə bilər. Görüş zamanı Rusiya öz sülh təkliflərini təqdim edib, ABŞ isə bu təkliflər əsasında müharibənin dayandırılmasına hazır olduğunu nümayiş etdirib. Moskvanın təklifləri bir neçə əsas məqamdan ibarət idi: Rusiya və Ukrayna arasında ərazi mübadiləsi – yəni Ukraynanın Donbass regionunu tam şəkildə Rusiyaya verməsi, əvəzində isə işğal olunmuş bəzi kiçik ərazi hissələrini geri alması; Ukraynaya “təhlükəsizlik təminatının” Rusiyanın şərtləri çərçivəsində təqdim olunması; eləcə də rus dilinin Ukraynada ikinci rəsmi dövlət dili kimi tanınması”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Şəhla Cəlilzadə deyib.
Qeyd edək ki, “Rusiya ilə ABŞ arasında dialoq ciddi şəkildə dayanıb.” Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlama verib. Peskov bildirib ki, dialoq prosesi, xüsusilə Ukrayna ilə bağlı İstanbul danışıqları ciddi tıxanma mərhələsinə gəlib. Onun sözlərinə görə, Ukrayna rəhbərliyi sənədlərlə bağlı hələ də heç bir cavab verməyib: “Heç bir irəliləyiş yoxdur.” Ekspertlər vurğulayır ki, bu diplomatik durğunluq regionda hərbi gərginliyin artmasına səbəb ola bilər.
Siyasi şərhçi qeyd edib ki, təbii olaraq bu şərtlər Ukrayna üçün qəbuledilməz idi.
“Nəticədə, bütün dünyanın diqqətlə izlədiyi görüş konkret nəticə vermədi. Yeganə rezonans doğuran məqam ABŞ Prezidenti Donald Trampın görüşdən sonra verdiyi açıqlama oldu — o, Putinlə bağlı gözləntilərin doğrulmadığını bildirib. Ardınca Ukraynaya hərbi dəstəyin artırılacağına dair bəyanatlar səsləndi. Tramp yaxın zamanda uzaqmənzilli “Tomahawk” raketlərinin Ukraynaya verilməsi ilə bağlı qərar qəbul edəcəyini də açıqladı. Bu isə Rusiya üçün ciddi təhlükə və müharibənin daha da eskalasiya riski deməkdir. Hərbi gərginliyin artdığı bir vaxtda danışıqlarda durğunluq müşahidə olunur. Bu məsələ ilə bağlı Rusiyadan da ziddiyyətli açıqlamalar verilir. Rusiya XİN müavini Sergey Ryabkov Alyaska görüşündə yaranmış “əlverişli fürsətin” artıq itirildiyini desə də, Kremlin xarici siyasət üzrə müşaviri Yuri Uşakov bunun əksini bəyan edərək ABŞ-la sülh razılaşmasının hələ də mümkün olduğunu bildirib. Bu isə Rusiyanın ABŞ-la razılaşma əldə etməklə Ukraynada qazandıqlarını qorumağa ümidli olduğunu göstərir. Artıq 4 ildir davam edən müharibədə Qərbin qələbəsi üçün ABŞ-ın Ukraynaya hərbi yardımlarını artırması, Avropanın isə Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları real şəkildə sərtləşdirməsi vacibdir. Lakin reallıq fərqlidir: Avropa İttifaqı Rusiyadan enerji idxalını rəsmi sənədlərdə 90 faiz azaltdığını bildirsə də, qeyri-rəsmi və kölgə kanalları vasitəsilə Rusiyadan LNG (maye qaz) almaqda davam edir. Müharibənin başladığı 2022-ci ildən bəri Avropa Ukraynaya ümumilikdə 167 milyard avro yardım göstərsə də, eyni dövrdə Rusiyadan 213 milyard avroluq enerji idxal edib. Başqa sözlə, Avropa bu enerji ticarətini davam etdirdikcə Rusiyanın “müharibə maşını”nı işlək vəziyyətdə saxlayır. Belə şəraitdə Ukraynaya edilən hərbi yardımlar müharibənin uzanmasına və Rusiyanın tədricən “tükəndirilməsi” strategiyasına xidmət edir. Lakin reallıqda Rusiya nəinki tükənmir, əksinə, hərbi cəbhədə irəliləyişlərini davam etdirir. Təkcə 2025-ci ildə Rusiya Ukraynada təxminən 4 min kvadrat kilometr ərazi ələ keçirib və ümumilikdə müharibə başlayandan bəri Ukrayna ərazilərinin təqribən 18 faizini işğal edib. Nəticə etibarilə, müharibənin gələcək taleyi Qərbin Rusiyanın tələbləri qarşısında sərt mövqe nümayiş etdirib-etdirməməsindən asılı olacaq. ABŞ-ın hərbi yardımı artırması və Avropanın sanksiyaları real şəkildə tətbiq etməsi müharibənin gedişatını müəyyən edəcək. Lakin bu yanaşma müharibə arealının genişlənməsi təhlükəsini də artırır. Rusiya isə belə bir ssenariyə artıq hazırlaşır. Nüvə başlıqlarında istifadə olunan plutoniumun utilizasiyasına dair 2000-ci ildə əldə edilmiş ABŞ–Rusiya razılaşmasının icrasının Moskva tərəfindən 8 oktyabrda dayandırılması, həmçinin Rusiyanın avqust ayında orta mənzilli nüvə silahlarına dair müqavilədən çıxması, həm ABŞ-ı Ukraynaya hərbi yardımı artırmaq niyyətindən çəkindirmək, həm də qlobal miqyaslı yeni müharibə təhlükəsinin yaxınlaşdığını göstərən ciddi siqnaldır”.
Rəfiqə Namazəliyeva,
AzNews.az