EN

Türkmənistanın Füzulidə məscid inşası ilə bağlı brifinq keçirilib

525.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Türkmənistan tərəfindən qardaş Azərbaycan xalqına hədiyyə olunmuş məscidin Füzuli şəhərində təməlqoyma mərasimi münasibətilə brifinq keçirilib.

525.az xəbər verir ki, Milli Məclisin deputatı, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin üzvü Gülşən Paşayeva deyib ki, bu hadisə təkcə dini və mədəniyyət deyil, dərin siyasi və mənəvi məna daşıyır. Məscid tikintisi azad olunmuş ərazilərdə yenidənqurma prosesinin bir hissəsi olaraq, qardaş Türkmənistanın Azərbaycana mənəvi dəstəyinin nümunəsidir. İşğaldan azad edilmiş torpaqlarda mənəvi birliyin, sülhün rəmzidir. G.Paşayeva iki ölkənin münasibətlərinin nümunəvi səviyyədə inkişaf etdiyini deyib,  enerji, logistika s. sahələrdə əlaqələrə diqqət çəkib. İki ölkənin dostluq münasibətlərinin inkişaf etdiyini söyləyən deputat, məscid tikintisini bu münasibətlərin parlaq simvolu adlandırıb.

Milli Məclisin deputatı, Ağsaqqallar Şurasının sədri Eldar Quliyev Türkmənistan tərəfindən Füzulidə tikiləcək məscidin birliyimizi nümayiş etdirdiyini bildirib.

O vurğulayıb ki, bütün Türk dövlətləri İkinci Qarabağ müharibəsi zamanı Azərbaycana mənəvi dayaq olub: "Ermənistan 30 illik işğal dövründə Azərbaycan ərazilərini tamamilə darmadağın etmişdi. Torpaqlarımız azad edildikdən sonra bərpa-quruculuq işlərinə başladıq və bu prosesdə Türk dövlətlərini yanımızda gördük. Türkmənistanın hədiyyəsi olan məscid, yəqin ki, yaxın dövrdə inşa edilib təhvil veriləcək. Biz bu hədiyyəni yüksək qiymətləndiririk, çünki bu, bizim birliyimizi nümayiş etdirir".

Deputat bildirib ki, 1992-ci ildə Türkmənistanda səfərdə olub. Aradan keçən 30 il ərzində Aşqabad çox inkişaf edib: "Türkmənistan inkişaf edir və gələcəyə ümidlə baxır. Susuz olan Aşqabadda bu gün onlarla fontan var".

Türkmənistanın Azərbaycandakı səfiri Qurban Elyasov deyib ki, Füzuli şəhərində məscidin təməlqoyma mərasimi mühüm simvolik əhəmiyyət daşıyır və türk xalqlarının birliyi və qardaşlığının parlaq təzahürüdür.

Onun sözlərinə görə, Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) 12-ci sammiti çərçivəsində baş tutan məscidin təməlqoyma mərasimi təkcə türk dünyası üçün deyil, bütün İslam aləmi üçün əhəmiyyətli bir hadisə olub: "Füzulidə məscidin təməlinin qoyulması Qarabağın Azərbaycan Respublikasına məxsusluğunun aşkar sübutudur. Əminəm ki, gələcəkdə bu məscid türk xalqları arasında dostluq və qardaşlığın simvoluna çevriləcək”.

Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva deyib ki, hazırda iki ölkə arasında əlaqələr yüksək səviyyədədir, liderlərlərimiz arasında dostluq münasibətləri mövcuddur.

"Əminəm ki, Füzulidə qardaş Türkmənistanın inşa edəcəyi məsciddən veriləcək azan bütün Qarabağa səslənib, Türk birliyini dünyaya yayacaq. Bu hadisə münasibətilə bütün Türk dövlətlərini təbrik edirəm", - G.Əfəndiyeva söyləyib.

Pərvanə Sultanova

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
16
525.az

1Sources