Bu həftə Sinqapur daha bir edam həyata keçirib. Malayziyalı keşişin oğlu, 38 yaşlı Pannir Selvam Pranthaman 52 qram heroinə görə asılıb.
HİT.az xəbər verir ki, Pannir 2014-cü ildə narkotik maddə saxladıqdan sonra həbs edilib. Ailəsi bir neçə il onun həyatı üçün mübarizə aparıb: vəkillər bir neçə dəfə apellyasiya şikayəti verib, hətta prezidentə əfv üçün müraciət ediblər, lakin nəticəsi olmayıb.
Sinqapur qanunları amansızdır: 15 qramdan çox heroin və ya 500 qram sirr saxlamaq ölüm cəzası ilə nəticələnir.
Pannir narkotik daşıdığından xəbərsiz olduğunu iddia edib. Edam kamerasında mahnılar və şeirlər yazıb. Dostları onu sakit, mehriban və dindar bir insan kimi təsvir edirdilər.
Sinqapurda ölüm hökmü əleyhinə olan fəal deyib: “Bir insanın 52 qrama görə necə öldürülməsi anlaşılmazdır”.
Qlobal tənqidlərə baxmayaraq, Sinqapur ölüm hökmünü müdafiə etməyə davam edir. Səlahiyyətlilər bunun ölkəni narkotikdən qorumağın yeganə yolu olduğunu iddia edirlər. Bununla belə, Amnesty İnternational da daxil olmaqla insan haqları təşkilatları bunu "heç bir effekti olmayan dövlət vəhşiliyi" adlandıraraq, ölüm cəzasının narkotiklərin qaçaqmalçılığını effektiv şəkildə qarşısını aldığına dair heç bir sübut olmadığını vurğulayır.
Samir