EN

Xankəndi şəhərində Aqrar Biznes Festivalı və toxum sərgi-satış yarmarkası keçirilib

Xankəndi şəhərinin Mərkəzi Meydanında kənd təsərrüfatı sahəsinin inkişafına dəstək məqsədilə Aqrar Biznes Festivalı və toxum sərgi-satış yarmarkası təşkil olunub.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, tədbirin əsas məqsədi bölgədə toxum bazarının formalaşdırılmasına, fermerlərin keyfiyyətli toxum və innovativ texnologiyalara çıxış imkanlarının artırılmasına şərait yaratmaqdır.

Yarmarkada Qarabağ iqtisadi rayonu və Şərqi Zəngəzur iqtisadi rayonundan olan 20 toxum istehsalçısı ilə yanaşı, toxumçuluq sahəsində fəaliyyət göstərən iri şirkətlər də məhsullarını təqdim edib. Festival çərçivəsində Aqrar Tədarük və Təchizat ASC tərəfindən səyyar satış yarmarkası təşkil olunub, vətəndaşlara yerli fermer təsərrüfatlarının məhsulları təqdim edilib.

Ənənəyə uyğun olaraq, Aqrar Biznes Festivalında müxtəlif kənd təsərrüfatı texnikası və avadanlıqları, bitki mühafizə vasitələri və gübrə nümunələri nümayiş olunub, fermer və sahibkarlar üçün əyani təqdimatlar keçirilib.

Tədbir çərçivəsində Aqrar Xidmətlər Agentliyi tərəfindən “Torpaqların aqrokimyəvi analizi” mövzusunda maarifləndirici təlim keçirilib, fermerlərə torpaq münbitliyinin qorunması və düzgün gübrələmə üsulları barədə praktiki biliklər verilib. Eyni zamanda, tədbir çərçivəsində regionun torpaq-iqlim şəraitinə uyğun yerli toxum sortlarının əkini tövsiyə olunub, toxum seçiminin məhsuldarlığa təsiri barədə mütəxəssislər tərəfindən məlumatlar təqdim edilib.

Tədbirin keçirilməsi regionun toxumçuluq sahəsində istehsal potensialının nümayişi, yeni bazar əlaqələrinin qurulması və yerli fermerlərin satış imkanlarının artırılması baxımından mühüm əhəmiyyət kəsb edib. Yarmarka həm də işğaldan azad olunmuş ərazilərdə aqrar fəaliyyətin bərpasına və sahibkarlıq mühitinin genişlənməsinə dəstək xarakteri daşıyır.

Chosen
19
4
vergiler.az

5Sources