EN

Qazaxıstan baza faiz dərəcəsini 18%-dək artırdı

BAKI, 10 oktyabr. TELEQRAF

Qazaxıstan Milli Bankının Pul Siyasəti Komitəsi baza faiz dərəcəsini 18%-dək artırmaq barədə qərar qəbul edib.

Teleqraf xəbər verir ki, buna ölkədəki inflyasiya tempi təsir göstərib. Sentyabrda ölkədə illik inflyasiya 12,9%-ə yüksələrək Milli Bankın proqnozunu üstələyib (avqustda bu göstərici 12,2% idi).

Məlumata görə, inflyasiyanın əsas səbəbi ərzaq qiymətlərinin 12,7% artmasıdır. Xidmət sektorunda inflyasiya 15,3% təşkil edib ki, bu da hökumət tərəfindən tənzimlənən xidmətlərin (30,4%) və bazar xidmətlərinin bahalaşması ilə bağlıdır. Qeyri-ərzaq mallarının qiymət artımı 10,8%, yanacaq qiymətləri isə illik 11,9%-ə çatıb. Ölkədə yanacaq qiymətlərində 3,4%-lik artım olub.

Milli Bankdan verilən açıqlamaya görə, qlobal ərzaq bazarlarında qiymət artımı davam edir və bu, daxili qiymətlərin yüksəlməsinə təkan verir.

Eyni zamanda, 2025-ci ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatı ötən ilin eyni dövrü ilə müqayisədə 6,5% artıb (2024-cü ildə 3,7%). Ən yüksək artım nəqliyyat və anbar təsərrüfatı (+21,5%), tikinti (+18,1%), ticarət (+8,9%), hasilat (+9,6%) və emal sənayesində (+6,5%) müşahidə olunub.

Chosen
16
teleqraf.com

1Sources