EN

“QƏRB SANKSİYALARI TEHRAN BAKI MÜNASIBƏTLƏRİNƏ TƏSİR ETMƏYƏCƏK” “Ermənistan rəsmiləri bizi əmin edib ki... (SƏFİRLƏ MÜSAHİBƏ)

Azpolitika.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Region ölkələri arasında dialoq xarici qüvvələrin müdaxiləsi olmadan həyata keçirilməlidir”

Azərbaycan-İran münasibətləri, ikitərəfli əməkdaşlığın səviyyəsi daha geniş coğrafiyaya təsir göstərməklə Cənub Qafqazdakı güc balansını müəyyənləşdirən əsas amillərdəndir. Tehran və Bakı bütün ziddiyyətlərə baxmayaraq çətinlikləri dəf etmək, münasibətləri konstruktiv dialoq, dinc qonşuluq məcrasında saxlamaq iradəsi nümayiş etdirib. Azərbaycanın 44 günlük Vətən Müharibəsində qalib gəlməsi regionda yeni reallıq və bölgənin sülh, əməkdaşlıq məkanına çevirilməsi üçün tarixi fürsətlər yaradıb. Bu tarixi mərhələdə Tehranın yanaşması, baxışı fürsətlərin gerçəkləçməsi üçün çox mühümdür. Tehranın son vaxtlar praqmatik davranış, xüsusən prezident Pezeşkianın konstruktiv yanaşması bütün regionda müsbət dəyərləndirilib. İranın yeni reallıqda yanaşmaları, Tehranın təhlükəsizlik çağırışları, Zəngəzur dəhlizi ilə əlaqədar mövqeyi və digər məsələləri İran İslam Respublikasının ölkəmizdəki səfiri Müctəba Dəmirçiluya ilə müzakirə etmişik.

“AzPolitika.info” saytı səfirlə müsahibəni təqdim edir:

-Cənab səfir, İran-Azərbaycan münasibətlərinin hazırkı səviyyəsini necə qiymətləndirirsiniz? Sizcə bu münasibətlərdə əsas meyllər hansılardır?

-İki ölkə arasındakı mövcud münasibətlər artan dinamika ilə inkişaf etməkdədir, lakin hələ də gözlənilən səviyyəyə çatmayıb. Çünki Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında mövcud olan zəngin ortaq cəhətlər və geniş potensial nəzərə alındıqda, qarşılıqlı gözləntilər indiki əlaqələr səviyyəsindən xeyli yüksəkdir.

İran İslam Respublikası Azərbaycan Respublikasının müstəqilliyini elan etdiyi ilk günlərdən etibarən bu müstəqilliyi tanımaqla dəstəyini nümayiş etdirib, Bakıda fəaliyyət göstərən Baş konsulluğunu səfirlik səviyyəsinə yüksəldərək rəsmi diplomatik əlaqələrin qurulmasına şərait yaradıb. Bu addımlar iki ölkə arasında etimad və qarşılıqlı əməkdaşlığın möhkəm təməlini formalaşdırıb.

Azərbaycanın müstəqilliyinin ilk illərində İran siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əhəmiyyətli dəstək göstərib. Xüsusilə hərbi qüvvələrin təchizatı və təlimində, Naxçıvanın enerji və yanacaq təminatında, ərzaq yardımı və müharibə qaçqınlarının, yaralıların qayğısının təmin edilməsində fəal rol oynayıb. Bununla yanaşı, müəyyən illərdə İran Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olub və beynəlxalq arenada Azərbaycanın ərazi bütövlüyünə sarsılmaz dəstəyini ifadə edib. Lakin daxili və xarici amillər, eləcə də uyğunsuzluqlar və anlaşılmazlıqlar kimi müxtəlif maneələr və mürəkkəbliklər ikitərəfli münasibətlərin inkişafını ləngidir. Buna baxmayaraq inanıram ki, Tehran və Bakı arasında gələcək əməkdaşlıq üçün aydın və ümidverici perspektiv mövcuddur və yaxın illərdə iki ölkə arasında iqtisadi, siyasi və mədəni sahələrdə əlaqələrin daha da genişlənməsi gözlənilir.

-Son dövrdə İran mediasında və bir sıra ekspert dairələrində diplomatik dairələrdə Azərbaycana qarşı iddialar irəli sürülür, xüsusən İsrail və ABŞ ilə əməkdaşlıq, əlaqələrlə bağlı fərziyyələr səsləndirilir. Baxmayaraq ki, İran XİN dəfələrlə təkzib verib. Azərbaycan rəsmiləri qətiyyətlə rədd edib. Amma bu fərziyyələr yeni gündəmə gətirilir. Bunu necə izah edirsiniz?

-Xoşbəxtlikdən, İran İslam Respublikası və Azərbaycan Respublikası arasındakı münasibətlər qarşılıqlı hörmət, xoş qonşuluq və ortaq mənafelər prinsipləri əsasında möhkəmlənib və inkişaf etməkdədir. Təbii ki, hər bir ikitərəfli əlaqədə müəyyən zamanlarda fikir ayrılıqları və müvəqqəti gərginliklər müşahidə oluna bilər, lakin dövlətlər və rəsmi qurumlar üçün prioritet dialoqun davamlı təşviqi və konstruktiv əməkdaşlığın möhkəmləndirilməsidir.

İranın prinsipial siyasəti Azərbaycanla dialoq, qarşılıqlı etimad və səmərəli əməkdaşlıq yolu ilə qurulmuş dostluq münasibətlərini möhkəmləndirmək və daha da genişləndirməkdən ibarətdir. Əlbəttə ki, hər iki ölkənin rəsmi siyasət prinsiplərinə uyğun olmayan açıqlamalar qarşılıqlı münasibətlərə mənfi təsir göstərə bilər. Buna görə də belə halların qarşılıqlı şəkildə qarşısının alınması zəruridir. Eyni zamanda, ictimaiyyətə məlumdur ki, sionist rejim İranın qonşu ölkələrlə münasibətlərini zəiflətmək və regionda sabitliyi pozmaq məqsədini güdür və bu istiqamətdə davamlı fəaliyyət göstərir. Bu səbəbdən, ölkələr arasında sıx koordinasiya və strateji əməkdaşlıq vasitəsilə sionist rejimin bu dağıdıcı təşəbbüslərinin qarşısının alınması vacibdir.

-İran rəhbərliyi ABŞ və Avropa ölkələri tərəfindən yenidən tətbiq olunan sanksiyalara necə reaksiya verir? Bu sanksiyalar Azərbaycanın İranla ticarət və investisiya münasibətlərinə təsiri necədir?

-İran İslam Respublikası Amerika Birləşmiş Ştatları və bəzi Avropa ölkələri tərəfindən tətbiq olunan birtərəfli və qanunsuz sanksiyaları beynəlxalq hüquq prinsiplərinə, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və azad ticarət normalarına zidd addım kimi qiymətləndirir. Ölkənin ali rəhbərliyi dəfələrlə vurğulayıb ki, bu cür təzyiqlər İran xalqının iradəsini inkişaf yolundan və qonşu, dost ölkələrlə konstruktiv əməkdaşlıq istiqamətindən yayındıra bilməz. Əksinə, bu təzyiqlər “Şərqə baxış” siyasətinin möhkəmlənməsinə və regional əməkdaşlığın genişlənməsinə stimul olub.

Azərbaycanla əlaqələr baxımından, iki ölkə arasındakı iqtisadi və ticarət əməkdaşlığı ortaq mənafelər, xoş qonşuluq prinsipləri və hər iki dövlətin müstəqil siyasəti əsasında inkişaf etdirilib. Nəqliyyat, enerji, kənd təsərrüfatı və sərhəd bölgələrində həyata keçirilən birgə layihələr bu əməkdaşlığın praktik və mühüm nümunələridir. Qərbin “yeni” adlandırdığı, lakin əslində köhnə mahiyyət daşıyan sanksiyaları Tehran–Bakı münasibətlərinin inkişafı istiqamətindəki iradəyə birbaşa təsir göstərməyəcək. Bu münasibətlər qarşılıqlı maraqlar və qarşılıqlı hörmət prinsipləri üzərində qurulub, keçici hadisələrdən və xarici təzyiqlərdən asılı deyil.

İran İslam Respublikası, dəfələrlə vurğuladığı kimi, qonşu ölkələrlə, o cümlədən Azərbaycan Respublikası ilə əməkdaşlığın genişləndirilməsi yolunda qətiyyətli və davamlı mövqe sərgiləyir.

-Rəsmi Tehran İsrail ilə yeni toqquşma ehtimalını necə dəyərləndirir və bu ssenari üçün strateji cavabı varmı?

-Sionist rejimin İran İslam Respublikası və qonşu ölkələrə qarşı potensial təhdidləri həmişə Tehranın diqqət və strateji qiymətləndirmələrinin mərkəzində olub. İran dəfələrlə vurğulayıb ki, İran və Azərbaycan arasında mövcud olan qarşılıqlı anlayış və konstruktiv dialoq mühiti çərçivəsində hər hansı təcavüzkar addım, sionist rejimin dağıdıcı səylərinin iki ölkə arasındakı dostluq və qardaşlıq münasibətlərinə təsir göstərməsinə imkan verməyəcək. Hər iki ölkənin ali rəhbərlərinin açıqlamaları bu həqiqəti bir daha qəti və aydın şəkildə təsdiqləyir.

-Cənab səfir, ABŞ tərəfindən vasitəçilik edilən Zəngəzur dəhlizi layihəsi ilə əlaqədar İranın narahatlığı qalırmı?

-İran İslam Respublikası hesab edir ki, regionda nəqliyyat şəbəkələrinin və tranzit marşrutlarının inkişafı yalnız iqtisadi faydalar təmin etmir, eyni zamanda bölgədə sülh və sabitliyin möhkəmlənməsinə xidmət edir. Bu baxımdan, İranın mövqeyinə görə, belə marşrutlar elə planlaşdırılmalı və həyata keçirilməlidir ki, təkcə ticarət, yük və enerji tranzitinin effektivliyi artırılmasın, eyni zamanda insan əlaqələrinin, mədəni və iqtisadi qarşılıqlı fəaliyyətin güclənməsi, eləcə də regional inteqrasiyanın təşviqi üçün əlverişli zəmin yaradılsın.

İran milli suverenliyin qorunması, beynəlxalq səviyyədə tanınmış sərhədlərə riayət olunması və regional əməkdaşlıqlara xarici qüvvələrin müdaxilə etməməsi prinsipini əsas prioritet hesab edir. İranın mövqeyinə əsasən, hər hansı xarici müdaxilə region ölkələri arasında təhlükəsizliyi, əməkdaşlığı və qarşılıqlı etimadı zəiflədə bilər. Milli suverenliyin qorunması və region ölkələrinin özləri tərəfindən əlaqə və tranzit marşrutlarının müstəqil şəkildə idarə olunması sabitliyin, iqtisadi inkişafın və davamlı qonşuluq əməkdaşlığının təməl şərtlərindən biridir.

-İran–Ermənistan münasibətlərində dəyişikliklərin TRIPP adlandırılan Zəgəzir dəhlizi layihəsinin inkişafına təsiri necə görünür? Məsələn, İran Prezidenti Ermənistan səfəri zamanı bu mövzunu müzakirə etmişdi.

-Tehran və İrəvan arasındakı münasibətlər qonşu ölkələr arasında mövcud olan normal və qarşılıqlı hörmətə əsaslanan əlaqələrdir və bu münasibətlər qarşılıqlı mənafelər çərçivəsində davam etdirilir. Necə ki, Azərbaycanla əlaqələrin genişləndirilməsinə xüsusi önəm veririk, eyni zamanda digər qonşu dövlətlərlə də dostluq, qarşılıqlı etimad və səmərəli əməkdaşlıq prinsipləri əsasında münasibətlərin inkişaf etdirilməsi siyasətimizi davam etdiririk.

Ermənistan rəsmiləri bizi əmin edib ki, nəqliyyat sahəsində, o cümlədən Azərbaycan Respublikasının əsas ərazisinin Naxçıvanla birləşdirilməsi məqsədilə nəzərdə tutulan yeni əməkdaşlıqlar üçüncü tərəflərin iştirakı və müdaxiləsi olmadan həyata keçiriləcəkdir. Həm Ermənistan rəsmilərinin Tehrana səfəri zamanı, həm də cənab Pezeşkianın İrəvana səfəri çərçivəsində bu məsələlər ətrafında geniş müzakirələr aparılıb və Ermənistan tərəfi İranı digər tərəflərlə apardığı danışıqlar barədə tam məlumatlandırıb. Təcrübə göstərir ki, xarici müdaxilələr yalnız mövcud mürəkkəblikləri artırır və ölkələr arasındakı qarşılıqlı münasibətlərin inkişafına mənfi təsir göstərir.

-Əgər Zəgəzir dəhlizi layihəsi reallaşsa, İranın Cənubi Qafqazda strateji mövqeyi necə dəyişə bilər?

-Coğrafi mövqeyi və təbii potensialı sayəsində İran region ölkələri arasında nəqliyyatın, yük tranzitinin və iqtisadi əlaqələrin inkişafında açar rola malikdir. Bu imkanlar yalnız malların və xidmətlərin sərbəst dövriyyəsi üçün şərait yaratmır, eyni zamanda iqtisadi və ticarət əməkdaşlığının genişləndirilməsinə, enerji mübadiləsinin artırılmasına və birgə sərmayə qoyuluşu imkanlarının formalaşmasına zəmin yaradır.

Ümumilikdə, bu amillər İranın regionda əsas tranzit və iqtisadi mərkəz kimi strateji rolunun güclənməsinə xidmət edir və digər ölkələrə sabit, etibarlı və səmərəli tranzit şəbəkəsindən faydalanmaq üçün əlverişli imkanlar yaradır. Belə marşrutların inkişafı təkcə iqtisadi münasibətlərin dərinləşməsinə deyil, həm də regional sabitlik və təhlükəsizliyin möhkəmlənməsinə səmərəli vasitə kimi qiymətləndirilir. Nəqliyyat və tranzit şəbəkələrinə birbaşa çıxışın təmin olunması malların, enerjinin və insan əlaqələrinin səmərəli idarə edilməsini asanlaşdırır və qonşu ölkələr arasında uzunmüddətli koordinasiya və davamlı əməkdaşlığın inkişafına stimul yaradır.

-Cənab səfir, İran–Azərbaycan münasibətlərinin inkişafı üçün ən vacib addımlar nə olmalıdır? Hər iki tərəf üçün prioritet sahələr hansılardır (təhlükəsizlik, enerji, ticarət, mədəni əməkdaşlıq vs)?

-İran və Azərbaycan ortaq köklərə, zəngin mədəniyyətə və sərhəd yaxınlığına malik qardaş dövlətlərdir. Onları dərin tarixi, dini və sivilizasiya bağları birləşdirir. Bu baxımdan, Tehran–Bakı münasibətləri yalnız iki dövlət arasında siyasi əlaqə olmaqla kifayətlənmir, eyni zamanda xalqlar və mədəniyyətlər arasında möhkəm mənəvi və sivilizasion bağları da əks etdirir. Bu münasibətlərin daha da möhkəmləndirilməsi və dərinləşdirilməsi məqsədilə bir sıra strateji addımların atılması vacibdir.

-Həmin o vacib strateji addımlar hansılardır?

-Birincisi, siyasi dialoqun və qarşılıqlı etimadın gücləndirilməsi:Yüksək səviyyəli rəsmilər arasında mütəmadi təmasların davam etdirilməsi, məsləhətləşmə mexanizmlərinin və birgə komissiyaların fəaliyyətinin gücləndirilməsi münasibətlərin səmərəli idarə olunmasına və mövcud çağırışların yeni imkanlara çevrilməsinə zəmin yaradır. Dialoq və şəffaflıq prinsipləri Tehran–Bakı münasibətlərinin dayanıqlı sabitliyinin əsas sütunlarıdır.

İkincisi, iqtisadi və ticarət əməkdaşlığının inkişafı:Xüsusilə sərhəd bölgələrində iki ölkənin iqtisadi potensialının hərtərəfli aktivləşdirilməsi, iqtisadi mübadilələrin genişləndirilməsinə və xalqlar arasında qarşılıqlı əlaqələrin dərinləşdirilməsinə stimul verir.

Üçüncüsü, enerji və infrastruktur sahəsində əməkdaşlığın möhkəmləndirilməsi:Hər iki ölkə enerji sahəsində qarşılıqlı tamamlayıcı potensiala malikdir. Elektrik və qazın istehsalı və ötürülməsi, habelə sərhəd ərazilərində birgə elektrik stansiyalarının qurulması regional enerji təhlükəsizliyinin təmin olunmasına xidmət edir. Eyni zamanda, nəqliyyat dəhlizlərinin inkişafı iki ölkənin iqtisadiyyatlarının qarşılıqlı inteqrasiyasında həyati əhəmiyyət kəsb edir.

Və nəhayət, mədəni və təhsil əlaqələrinin genişləndirilməsi:Xalqlar arasında mövcud mədəni və dil yaxınlığı insani və sosial münasibətlərin daha da dərinləşdirilməsi üçün qiymətli zəmin yaradır. Mədəniyyət həftələrinin təşkili, universitetlərarası əməkdaşlıq və turizm sahəsində birgə təşəbbüslər bu istiqamətdə mühüm və təsirli addımlar hesab olunur.

Ümumilikdə, İran İslam Respublikasının xarici siyasətində prioritet qarşılıqlı hörmət, ortaq mənafelər və qədim tarixi-mədəni bağlardan səmərəli istifadə əsasında bütün sahələrdə əməkdaşlığın dərinləşdirilməsi və inkişaf etdirilməsidir.

-İran Azərbaycan-Ermənistan sülh danışıqları, normallaşma prosesini necə dəyərləndirir və regionun sülh transformasiyasında hansı rolu oynayır?

-İran İslam Respublikası daim Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasının və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasının vacibliyini vurğulayıb və bu istiqamətdə mühüm təşəbbüslər həyata keçirib. Qeyd etmək yerinə düşər ki, 1992-ci il Tehran sazişi Ermənistan tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıyan ilk rəsmi sənəd olub. İranın son 30 il ərzində atdığı addımlar bu prinsipal siyasətin qəti və davamlı təsdiqidir. Azərbaycan və Ermənistan arasında aparılan sülh dialoqları prosesi İran tərəfindən müsbət qiymətləndirilir və Cənubi Qafqazda sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsi üçün strateji əhəmiyyət daşıyan bir imkan kimi qəbul edilir. Müharibənin sona çatması və azad edilmiş ərazilərin Azərbaycan milli suverenliyinə qaytarılması regionda yeni əməkdaşlıq imkanlarını yaradıb. İran bu inkişafları qarşılıqlı dostluq münasibətlərinin genişləndirilməsi və həm ikitərəfli, həm də regional əməkdaşlığın inkişafı üçün əlverişli zəmin kimi yüksək qiymətləndirir.

- 3+3 formatında region səviyyəsində siyasi dialoq İran üçün yenə aktualdırmı? Bu format nə dərəcədə səmərəlidir?

-3+3 formatı regional bir mexanizm kimi, region ölkələrinin məsələləri özləri tərəfindən həll etmək istəyini və iradəsini ifadə edən mühüm bir simvol kimi qiymətləndirilir və bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. İran İslam Respublikası bu mexanizmi regional əməkdaşlığın gücləndirilməsi, münaqişələrin sülh yolu ilə həlli və Cənubi Qafqazda sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsi üçün təsirli bir vasitə hesab edir. İranın mövqeyinə görə, region ölkələri arasında dialoq və əməkdaşlıq, xarici qüvvə və iştirakçıların müdaxiləsi olmadan, ortaq çağırışların öhdəsindən gəlmək və davamlı sabitliyi təmin etmək üçün ən əlverişli yoldur.

3+3 mexanizmi, xüsusilə nəqliyyat, enerji, ticarət və sərmayə sahələrində region ölkələrinin ortaq mənafelərinə diqqət yetirərək iqtisadi və ticarət əməkdaşlığının möhkəmləndirilməsinə töhfə verə bilər. Eyni zamanda, bu mexanizm region ölkələri arasında dialoq və məsləhətləşmə üçün əlverişli zəmin yaradaraq gərginliyin azalmasına və qarşılıqlı etimadın güclənməsinə şərait təmin edir.

Laçın SƏMLA

AzPolitika.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
12
azpolitika.info

1Sources