EN

Göydən gələn ruhun səsi Şair Həsən Meracın unudulmaz xatirəsinə

525.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Samir ƏSƏDLİ

Kövrək ruhların sığınacaq yeri.  Həsən Merac adı çəkiləndə ilk xatırlanan budur: sözə sədaqət, Vətənə məhəbbət, millətə can yandıran həssas bir ürək. O, hər şeydən əvvəl söz adamı idi, milli ruhlu və kövrək şair.

Ruhum göylər ilə, yer arasında,

Didərgin-didərgin dolaşır elə,

Göylər ruhumla da barışa bilmir

...mən göy adamıyam,

Yerlərə nə var ki, göydən gəlmişəm...

Bu misralar Həsən Meraca aiddir. O Həsən Meraca ki, özü də, sözü də Vətən idi. Həyatı vətən sevgisindən ibarət, qəlbi Bütöv Azərbaycan ilə döyünürdü. Yalnız ədəbi yaradıcılığı ilə deyil, həm də xarakteri, insanlara olan münasibəti ilə yadda qalan bir şəxsiyyət idi. Onu yaxından tanıyanlar, onun sadəliyini, səmimiliyini, təvazökarlığını tez-tez vurğulayır. Həsən Merac 1953-cü il oktyabrın 10-da Naxçıvan Muxtar Respublikasında anadan olub. Bakı Dövlət Universitetini və Moskva Kinematoqrafiya İnstitutunu bitirib. 1978-ci ildən Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında və "Azkinovideo" Birliyində redaktor kimi çalışıb. Sözün mətbəxini də, səhnəsini də gözəl bilirdi; həm yazının ağrısını, həm ekranın məsuliyyətini daşıyırdı.

O, Milli Azadlıq Hərəkatının fəal iştirakçılarından idi. 1990-cı illərin əvvəllərindən "Qobustan", "Ulduz", "Azərbaycan" kimi nüfuzlu ədəbi jurnallar onun şeirlərini çap edirdi. 1993-cü ildə işıq üzü görən "Şairlər qərib olur bu yer üzündə" adlı ilk şeir kitabı həm duyğusal səmimiyyəti, həm də milli düşüncə çalarları ilə oxucular tərəfindən rəğbətlə qarşılandı. Sonrakı illərdə də poeziya və publisistika sahəsində fəallığı ilə seçildi. Onun misralarında millətin taleyi, torpağın qoxusu, türk kimliyinin izzəti vardı; o, azadlığın səsini poeziyanın nəfəsinə çevirdi.

Həyatı boyu bütün fəaliyyətini milli mübarizəyə həsr edib. O, yazılarında, çıxışlarında və təşkilatçısı olduğu tədbirlərdə Azərbaycan xalqının milli birliyini, azadlıq arzusunu və tarixi haqqını daim ön plana çəkib. Ölkəmizin üstünü qara buludlar alanda, həm 20 Yanvar qətliamında, həm Qarabağ savaşında H.Meracın öz zəif, xəstə canı ilə ön cəbhədə irəlidə getdiyinin şahidi olmuşuq. Meydan Hərəkatındakı fəaliyyəti onun həyatında silinməz izlər qoymuşdu. Həsən Merac bir ömrün deyil, bir xalqın ağrısını çiyinlərində daşıyan vicdan idi.

Müstəqillik illərində azad Vətənin əsgəri olmağı ilə fəxr edirdi. Həsən Merac Bütöv Azərbaycan Birliyinin əsas ideoloqlarından biri kimi tanınıb. Onun baş redaktoru olduğu "Tanıtım" qəzeti milli mövzuların, Bütöv Azərbaycan ideyasının və millətçi platformanın əsas tribunalarından biri olub. Həsən bəy "Tanıtım" qəzeti ilə latın qrafikalı ilk mətbu nəşrin baş redaktoru kimi yadda qalıb. O, ömrünün son illərində fəaliyyətini Sabir Rüstəmxanlı ilə birgə Vətəndaş Həmrəyliyi Partiyasında davam etdirib. 2000-ci ildə Həsən Merac ədəbi mühitin birliyini və yaradıcı insanların ünsiyyətini gücləndirmək məqsədilə "Sabir" Yazarlar Ocağını yaratdı və ömrünün sonuna qədər bu quruma rəhbərlik etdi. Ocaq, gənc qələm sahiblərinin üzə çıxarılması və Azərbaycan ədəbiyyatının klassik ənənələrinin qorunub saxlanması istiqamətində mühüm fəaliyyət göstərirdi. "Sabir" Ocağı onun üçün bir məktəb, gənclər üçünsə kövrək ruhların sığınacağı idi.

Həsən Merac öz yaradıcılığı barədə yazırdı: "İçimdən o yana duya bilmədiyim ağrıları yaşaya bilmirəm. Elə ona görə də həmişə şeir yazanda içimə boylana-boylana qalıram. Mənim üçün şeir həmişə ağrıdan yaranır. İçimdə misra-misra göynəyən nə varsa, şeirə çevrilir. Hansı fikri, hansı hissi adi sözlə ifadə edə bilmirəmsə, o zaman şeir yazıram. Çünki şeir mənim üçün adi sözlə başqalarına çatdırıla bilməyən ruhani bir hissdir. Mən bir türk sevdalısıyam. Türk dünyasının harasında olmuşamsa, bu sevdanın işığında yaşamışam. Tanrı dağlarında türkün müqəddəsliyi, Anadoluda türkün möhtəşəmliyi, Türküstanda türkün yenilməzliyi, Qafqazlarda türkün sevgisi həmişə bələdçim olub. Ən böyük ləzzət aldığım şey tənhalığım, ruhumla baş-başa qalmağımdır. O zaman heca-heca, misra-misra şeirə çevrilirəm. Mənə elə gəlir ki, ən böyük ağrıların içindən keçib ən böyük olana çatıram. Bax, o zaman ruhumun Tanrı dərgahına gedib çatdığına, Tanrı imanına qovuşduğuna zərrə qədər şübhəm qalmır..." Bu sətirlərdə onun həm yaradıcılıq etirafı, həm də mənəvi vətəndaşlıq andı gizlənmişdir.

Həsən bəy yaşca məndən böyük idi. Onu tələbəlik illərində tanıdım və biz dörd il müntəzəm olaraq bir yerdə çalışdıq. O "Sabir" Yazarlar Ocağının sədri idi, mən isə VHP Gənclər Təşkilatına rəhbərlik edirdim. Bu dörd il ərzində saysız-hesabsız mövzularda söhbətimiz oldu. Bəzən poeziyadan danışardıq, bəzən siyasi prosesləri təhlil edərdik, bəzən də sadəcə gündəlik həyatın xırda, amma dəyərli hadisələrindən söz açardıq. Hər mövzuda o qədər təmkinli və müdrik idi ki, gənclər üçün həm dost, həm də müəllimdi. Təkcə bir şair və redaktor deyildi, o, milli düşüncənin təməl daşı olan mədəni mühitin formalaşması üçün çalışan, gənclərə öz sözünü deməyi, tarixini tanımağı, Vətən məsələlərinə biganə qalmamağı öyrədən bir ziyalı idi. O, gənclərin qəlbinə yol tapan müəllim, sözün yükünü çəkən vətəndaş idi.

Onun şeirlərində millətin ağrısını daşıyan bir dərinlik var idi.

Bir yağışlı havalarda,

Bir yalqız olanda,

Bir də gecələr göy üzündə ulduz axanda

Yaman kövrək oluram.

Sevdiyim, sevmədiyim adamlar düşür yadıma.

Tanıdığım, tanımadığım çaylar,

Gəzdiyim, gəzmədiyim şəhərlər,

Bir də dünyanın ən kimsəsiz körpəsi düşür yadıma.

Yağışlı havalarda -

tək-tənha qalmaq istəyirəm.

Gecələr göy üzündə ulduz axanda -

baş götürüb getmək istəyirəm anamın yanına.

Yalqız olanda -

Kəsib maşın karvanının qabağını

doyunca gülmək istəyirəm.

Bir də dünyanın ən qərib körpəsinin

Gözlərindən öpmək istəyirəm.

...Yağışlı havalarda,

Yalqız olanda,

Bir də gecələr göy üzündə ulduz axanda

Yaman kövrək oluram.

Böyük şairimiz Məmməd Araz deyirdi: "Həsənin şeirlərində xoşuma gələn nədir? - Səmimiyyət, öz sözü, öz nəfəsi, vətənpərvərlik, heç kəsə oxşamamağa çalışması, hər kəsin dərdini öz dərdi eləməyi bacarması". Bu qiymət onun poeziyasının şəhadətnaməsi, söz ömrünün möhürüdür.

Həsən Merac Azərbaycan ədəbiyyatında söz və mətbuat sahəsində həm redaktor, həm müəllif, həm də ədəbi təşkilat rəhbəri kimi iz qoymuş şəxsiyyətdir. O, yaradıcılığında İnsan və Vətən sevgisi, Tarixi yaddaş və milli kimlik, Həyatın fəlsəfi təhlili kimi mövzulara geniş yer verib. Həsən Merac poeziyada səmimiyyət, daxili ağrı və ümid dolu üslubu ilə seçilirdi. Onun şeirləri insanın ruhuna toxunan o təmənnasız səmimiyyəti ilə ümidin işığını daşıyırdı.

Gözü görə-görə ölən torpağım,

Gözün görə-görə necə ölmüsən?!

Gözləri göylərdə qalan şəhidim.

Döşənib bir parça yaşıl çəmənə,

Sol əli çəməni yolan şəhidim -

Gözün görə-görə necə ölmüsən?!

Saçın çiçək açıb, alışıb yanır,

Gözlərin Tanrıya dikilib, bəlkə?

Göy otlar qırmızı rəngə boyanıb,

Göylərdən ulduzlar tökülüb, bəlkə?

Saçın çiçək açıb, alışıb yanır.

Bəlkə də o, mənəm, gör neçə vaxtdır,

Gözlərim yumulmur, sakitcə öləm?!

Nə bilim, bəlkə heç ruhum da yoxdur,

Ayrılmır canımdan yanına gələm?!

Bəlkə də torpaqdır elə can verən,

Yarası qırmızı çiçək bitirir?!

Torpağın üstündə kəfənsiz ölən,

Şəhidə Tanrı da iman gətirir...

Bəlkə də torpaqdır elə can verən?!

Gözü görə-görə ölən torpağım!

Gözü görə-görə ölən şəhidim!

Şuşam, Kəlbəcərim, yaşıl yarpağım!

Üç oğlum, Turanım, Türküm, İgidim!

Gözü görə-görə ölən torpağım!

...Gözün görə-görə necə ölmüsən?!

Ədəbi-mədəni və ictimai həyatda fəallığı, sözün gücünə və qələmin təsirinə olan inamı, milli mübarizə yolundakı ardıcıllığı ona həm şair, həm ziyalı, həm də vətəndaş kimi hər zaman sevgi və inam qazandırıb. O, yalnız poeziya ilə deyil, həm də açıq sözlü çıxışları, milli mövqeyi və prinsipiallığı ilə tanınırdı. Onun əqidə bütövlüyünün mərkəzində millətinə olan sonsuz sevgi, dövlətinin bütövlüyünə və suverenliyinə sarsılmaz inam dururdu. O, sadəcə bir şair deyildi - o, həm də milli düşüncənin, azadlıq ruhunun, milli birlik ideyasının canlı təcəssümü idi. Həsən Merac sözün vicdanı, ruhun səsi, millətin kövrək yaddaşı idi.

Mən bu odlar diyarının oğluyam,

Gözlərim heç dikilməyib yad ələ...

Dönük çıxsam babaların qılıncı,

Ürəyimi ya doğraya, ya dələ.

Tapdım haqqın həmişəlik yolunu,

Babəkimin bir cüt kəsik qolunu.

Bu torpağın bircə çimdik qumunu,

Dəyişmərəm milyon-milyon yad elə.

Əcdadımın tarixi od, yaşı od,

Bu torpağın qayası od, daşı od.

Bacarırsan kipriyinlə daşı od,

Od həyatdır... vermə odu yad ələ.

Yaşasaydı, bu gün Həsən Meracın 72 yaşı tamam olacaqdı. O, bu dünyadan köçsə də, səsi, ruhu və misraları hələ də Azərbaycan ədəbiyyatının səmasında yaşayır. Söz ömrü uzundur, kövrək ruhlar isə unudulmur.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
11
525.az

1Sources